“Ölüm” sözünün türk şüurundakı gizli kodu

31-07-2017, 00:16           

İnsan özünü və xalqını daha yaxşı tanımaq üçün daşıdığı milli şüurun bir qədər dərin qatlarına enməyi bacarmalıdır. Bunun isə yolu milli mifologiyanı və ana dilindəki sözlərin gizli mənalarını öyrənməkdən keçir.

Azərbaycanlı şüurunun dərin qatları məni çox maraqlandırır, çünki “Biz niyə başqa cür yox, məhz beləyik?” sualının cavabı orada gizlənib. Həmin qatlara enmək çox çətin olsa da, bəzi məsələlərə işıq tutmaq mümkündür.

Paradoksal görünə bilər, amma hər bir xalqın həyatını biçimləyən amillərdən biri onun ölümə münasibətidir. Başlayaq oradan ki, əvvəla, niyə biz həyatın bitməyinə məhz “ölüm” deyirik? Bu söz haradan, necə yaranıb?

Qədim türklərin dilində “Öl” – su deməkdir. Məsələn, bu gün dilimizdə olan “göl” sözü buradan yaranıb: göy+öl. Türklər ancaq Göyün əks olunduğu su hövzələrinə “göl” deyirdilər. Göy qutsal (müqəddəs) sayıldığı üçün, onu əks etdirən su hövzələrinə də fərqli yanaşılırdı.

Göyü əks etdirməyən nohur, bataqlıq kimi su yığınları isə “Öləng” adlanırdılar. Bataqlıqda, yaxud ona bənzər landşaftdakı bitkilər “öləngi” sözü ilə ifadə edilirdi. Bu söz indi də bəzi rayonların dialektində qalıb.

“Ölkə” sözü əvvəllər indiki mənasında işlənmirdi. “Kə” – qədim türklərdə yer bildirən şəkilçidir, ölkə isə “sulu yer”, örüş, otlaq deməkdir. Yəni “Kitabi Dədəm-Qorqut”da “...ölkə bağışladı” deyiləndə söhbət indiki mənada dövlət yox, suyu və yaşıllığı olan torpaq sahəsi bağışlamaqdan gedir.

Yeri gəlmişkən, “örüş” sözü də əvvəllər “ölüş” formasında olub, öl-ü, yəni suyu olan torpaq anlamına gəlir. Axı harada su varsa, orada ot və yaşıllıq da olur. Qədim türklərin, o cümlədən də, oğuzların əsas fəaliyyət sahəsi maldarlıq oldüğü üçün, ölüş/örüş onlarda böyük əhəmiyyət daşıyırdı.

“L-R” dəyişməsi təkcə bu sözdə deyil. Qədim Azərbaycanda Örənqala adlı şəhər olub, onun əsl adı Ölənqaladır. Belə ki, həmin şəhərin ətrafında müdafiə məqsədilə su kanalları qazılıbmış. Ölənqala – yəni su qalası, su ilə qorunan qala anlamını verir.

Bu gün Alman dilində “maye” mənasında işlədilən “öl”, ingilis dilindəki “oil” sözlərinin də qədim türklərin “Öl” sözündən kök aldığını düşünmək olar.

Türklərin inanc sistemində “Öləng” adlı ilahə də vardı. Bu, lap əvvəllər su, yaşıllıq ilahəsi hesab olunurdu. Sonrakı mərhələdə mifoloji təyinatı bir qədər dəyişir. Belə ki, qədim türklər qadının dünyaya övlad gətirməsini ağacın bəhər verməsi ilə eyni proses kimi təsəvvür edirdilər. Ona görə, hesab olunurdu ki, doğub-törəmək, çoxalmaq da Öləngin “kurasiya”sına aiddir. İndiyə qədər davam edən bir adətin - uşağı olmayan qadınların gedib ağac-pirlərdən mətləb istəməsinin İslamla heç bir əlaqəsi yoxdur, bu, qədim türklərin mifoloji inancları ilə bağlıdır. Eynilə, üzərliyin bizi qoruması inamı kimi. Çünki üzərlik də Ölənglə əlaqəli bitki hesab olunurdu.

Sonrakı dövrdə ümumiyyətlə, sevmək, sevilmək, ailə qurmaq, qadın-kişi münasibətləri, dünyaya uşaq gətirmək – bunların hamısı Öləng adlı ilahənin vəzifələrinin sırasına aid edilirdi. Su - həyat deməkdir, Su İlahəsi Öləng də həyat bəxş edən işlərlə məşğul idi.

Zaman irəlilədikcə, dünya böyüdükcə, Öləngin bu çətin işində ona kömək edən daha bir mifik personaj ortaya çıxır: İlyas. Yas-Yaş kəlməsi də su ilə bağlıdır. Sevgililəri qovuşdurmaq, sevənləri bir-birinə buta vermək, yolda qalanlara kömək etmək artıq İlyasın vəzifələri sırasına keçirdi.

Yaxşı, bəs “öl”, yəni su kəlməsi indiki “ölmək” felinin verdiyi “həyatı tərk etmə” mənasını necə qazanıb?

Mövzuya dair oxuduğum elmi ədəbiyyatlarda bu sualın cavabına rast gəlməmişəm. Amma düşünmək olar ki, bu, ölən insanın ruhunun Tanrı-Atanın yanına necə getməsi haqda qədim türklərdə olan təsəvvürlərlə bağlıdır. Ola bilər, mifoloji düşüncənin müəyyən mərhələsində onlar ailədə təkcə artımın yox, azalmanın da Öləngin əli ilə olduğu qənaətinə gəliblər. Yəni həyatı başa çatan insanın ruhunun Öləngin vasitəsilə Göyə - Tanrı-Atanın yanına getdiyi təsəvvürü formalaşıb.

Türklərin inanc sisteminə ən böyük zərbə ərəb işğalı ilə vuruldu. Ərəblər ayaq basdıqları hər yerdə özlərinə qədər olan mifoloji inancları “cəhalət” adlandıraraq, qadağan edir, kökünü kəsməyə çalışırdılar. Əlbəttə, bu, ciddi tədqiqat tələb edən məsələdir, amma böyük ehtimalla, İslam gələndən sonra xalqın şüurunda (inanc sistemində) Öləngin digər missiyaları (sevənləri qovuşdurmaq, övlad vermək) “əlindən alınaraq”, ərəblərin tək Allahına keçib, insanın ruhunu Göya aparmaq işi isə Əzrayılla eyniləşdirilib. Yəni Türkün o qədər Gözəl, Xeyirxah ilahəsi olan Öləng ərəbin qorxulu, vahiməli Əzrayılı ilə eyniləşdirilib.

İlyasa gəlincə, o, daha güclü çıxıb: Xızır/Xıdır ilə eyniləşdirilirək, “Xıdır İlyas” adlanmasına baxmayaraq, bu günə qədər də xalqın müxtəlif inanclarında yaşamaqda davam edir.

Beləcə, gəlib maraqlı bir nəticəyə çıxdıq: Türk şüurunun alt qatlarında Ölüm – boşluq, yoxluq, səhra, quraqlıq kimi anlayışlarla assosiasiya olunmur. Tam əksinə: Ölüm – Su, yaşıllıq, bar-bəhər, çəmənlik, çiçəklənmə deməkdir. Baxın: öz şüurunun dərin qatlarına enəndə, Öz Kimliyinə qayıdanda hətta ölüm belə, nə qədər sevimli olur!

Vüsal Məmmədov
AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.