Dövlət qurumları sosial şəbəkələrdən necə istifadə edirlər? - ARAŞDIRMA

3-08-2017, 12:00           
Dövlət qurumları sosial şəbəkələrdən necə istifadə edirlər? - ARAŞDIRMA
Etiraf etsək də, etməsək də sosial şəbəkələr artıq həyatımızın bir parçasına çevrilib. Bir növ əlimizin altında olduğu üçün, məlumat axtararkən ayrı-ayrı saytlara daxil olmaqdansa, sosial şəbəkə səhifələrindən istifadə etmək daha asan gəlir. Əvvəllər ayrı-ayrı şəxslərin, özəl şirkətlərin daha çox maraq göstərdiyi sosial şəbəkələrdə son illər dövlət qurumları da təmsil olunurlar.

Bəs necə təmsil olunurlar? Bu suala cavab tapmaq üçün onların "Facebook” səhifələrini gözdən keçirib, həm də bu iş necə bir yanaşma olduğunu öyrənmək üçün mətbuat xidmətləri ilə əlaqə saxladıq.

"Əksər sualları cavablandırırıq”

Ən çox aktivlik Dövlət İmtahan Mərkəzinin (DİM) səhifəsində gördüyümüz üçün elə onlardan başlayaq. 165 mindən çox bəyənməsi olan səhifədə aktivlik olmasının əslində bir səbəbi insanlarda sualın çox olmasıdırsa, digər səbəb reaksiya verilməsi, sualların cavabsız qalmamasıdır. DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə "Kaspi”yə açıqlamasında bildirdi ki, DİM-in "Facebook” səhifəsi bir neçə ildir fəaliyyət göstərir. Bu müddətdə də mümkün qədər sualların cavabsız qalmamasına çalışıblar: "DİM-in saytında yerləşdirilən məlumatlar mütəmadi olaraq sosial şəbəkə səhifəmizdə də paylaşılır. Eyni zamanda, səhifə izləyicilərinin sualları əsasında bəzən "Sual-cavab” rubrikaları təqdim olunur. Bu rubrikada abituriyentlər tərəfindən ən çox ünvanlanan sualları seçib, cavablandırıb təqdim edirik. Əsas bir nəfər daim bizdə bu işə baxır, gələn sualları cavablandırır. Amma özümüz də nəzarət edirik. Bəzən bir paylaşıma 1000-ə yaxın rəy yazılır. Bu zaman qruplaşdırıb cavab verilir. Əksər sualları cavablandırırıq. Çox zaman paylaşdığımız mətnə, yaxud eyni tipli suala verdiyimiz cavaba baxmadan həmin sualları təkrar verirlər. Düzdür, onlara da cavab yazmağa çalışırıq, amma bəzən hamısına da alınmır. Lakin vacib əhəmiyyət daşıyan suallara mütləq cavab veririk. Bu yaxınlarda abituriyentləri maraqlandıran suallarla bağlı səhifədə canlı yayım da etdik”.

Səhifədə "mesaj” bölməsinin bağlı olmasına gəlincə, X.Xanlarzadə bildirdi ki, təkrar sual çox olduğu üçün "inbox”da ayrı-ayrılıqda hər kəsə cavab yazmaq çətindir: "Mesaj bölməsi açıq olanda səhifəni idarə etmək çətin olur. Sualı rəy olaraq səhifədə yazsalar daha yaxşıdır. Çünki sualların əksəriyyəti təkrarlanır. Bir nəfər sual verirsə, biz ona cavab veririksə, digər istifadəçilər də oxuyub məlumatlanırlar. "İnbox”a yazılanı isə heç kim görmür, ona görə təkrar gərək hamıya cavab verilsin, bu isə çətindir”.

"Səhifələrdə yenilənmə olmalıdır”

Gənclərdən başlamışkən növbəti baş çəkmək istədiyim səhifə Gənclər və İdman Nazirliyinin oldu. Lakin nazirliyin qarşıma çıxan səhifəsində ən son paylaşım iki il öncə olub. Əsasən gənclərin istifadə etdiyi sosial şəbəkədə gənclərlə bağlı nazirliyin aktiv olmamasına cavab tapmaq üçün mətbuat katibi Səmayə Məmmədova ilə əlaqə saxladıq. O, bizimlə söhbətində bildirdi ki, gələcəkdə planda səhifənin yenilənməsi də var: "Xeyli vaxtdır nazirliyin portalı üzərində işləyirdik. Onu təzə təhvil vermişdik. Əvvəl "Facebook”, "Twitter”də səhifəmiz varıydı, indi hamısında yenilənmə olmalıdır”.

Xəbər, maarifləndirmə, müraciət, məsləhət, sorğular...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) səhifəsində isə bəyənmə sayı 5000-dən bir qədər çoxdur. Səhifədə aktiv şəkildə qurumun fəaliyyətini işıqlandıran xəbərlər, maarifləndirici məlumatlar paylaşılır. Lakin paylaşımlara izləyici reaksiyası elə də çox deyil. Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, komitənin "Facebook” və "Twitter”də səhifəsi, "Youtube”da kanalı var: "Kanalda video rolikləri yerləşdiririk. Ümumiyyətlə, bu şəbəkələr vasitəsilə biz nəinki görülən işləri əhaliyə çatdırırıq (ingilis, rus, Azərbaycan dillərində), eyni zamanda səhifələrimizdən maarifləndirmə işi aparmaq üçün də istifadə edilir. Qadın, uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalar, ölkəmizdə qəbul olunmuş qanunlar, ailənin möhkəmləndirilməsi, sosial təminatlar və s. fəaliyyətimizə dair istiqamətlərdə maarifləndirici məlumatlar istifadə etdiyimiz səhifələr vasitəsilə əhaliyə çatdırılır. Bir də vətəndaşların müraciətləri qəbul edilir, məsləhətlərə ehtiyac olanlara yardım olunur. Eyni zamanda, araşdırma xarakterli müxtəlif mövzuda sorğular edirik, vətəndaşların rəylərini öyrənirik. Bütün təkliflər dəyərləndirilir”.

Səhifədə bəyənmə, izləyici aktivliyi azdır. Bəs bunun genişlənməsi üçün iş aparılırmı? E.Səfərov deyir ki, komitəyə ünvanlanan suallar daha çox şəxsi mövzudadır, ona görə də səhifədə rəy az yazılır, mesaj isə çox qəbul edilir. Qeyd etdi ki, 2013-cü ildən 2017-ci ilin yanvarın birinə qədər 40 dövlətdən yarım milyondan çox izləyici "Facebook” səhifəsindən məlumat alıb.

"Səhifələrə daxil olan müraciətlər operativ cavablandırılır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Facebook” səhifəsində bəyənmə 10 mindən çoxdur. Səhifədə komitənin fəaliyyəti, görülən işlərlə bağlı mətbuatda gedən xəbərlər paylaşılır. Bəyənmə sayı elə də çox olmur, rəy də yazan demək olar ki yoxdur. Komitəyə ünvanladığımız suallara cavab olaraq bildirildi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin informasiyanın əldə edilməsində açıqlığın və şəffaflığın artırılmasının təmin edilməsi məqsədilə "Facebook” sosial şəbəkəsində "Dövlət və Din”, Twitter-də "DQİDK”, "You Tube”-da "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-DQIDK” rəsmi səhifələri, eləcə də Dövlət Komitəsi sədri və müavinlərinin səhifələri və profilləri mövcuddur. Komitənin sosial şəbəkələrdəki ("facebook”, "twitter”, "you tube”) səhifələri gün ərzində yenilənir, komitənin keçirdiyi tədbirlər haqqında informasiyalar və fəaliyyətinə aid məlumatlar sosial şəbəkələrdə paylaşılır və ictimaiyyətin diqqətinə çatdırılır. Eyni zamanda, səhifələrə daxil olan müraciətlər Dövlət Komitəsinin müvafiq şöbələrinin əməkdaşları tərəfindən operativ cavablandırılır.

Xəbərlər, elanlar, maarifləndirici videoçarxlar...

Təhsil Nazirliyinin səhifəsində isə 76 mindən çox bəyənmə var. Gündəlik demək olar ki, nazirliyin fəaliyyəti ilə bağlı xəbərlər, məlumatlandırıcı paylaşım olur. Paylaşımlarda müəyyən qədər bəyənmə də var, rəy də yazılır. Lakin rəylərə - suallara demək olar ki, reaksiya verilmir. Səhifəyə birbaşa mesaj yazmaq da olmur. Sosial şəbəkə fəaliyyətləri ilə bağlı göndərdiyimiz suallara cavab olaraq nazirliyin mətbuat xidmətindən bildirildi ki, hazırda Təhsil Nazirliyinin "Facebook”, İnstagram” və "Twitter” sosial şəbəkələrində rəsmi səhifələri mövcuddur. Bundan başqa, Bakı şəhəri üzrə Təhsil idarəsinin, rayon təhsil şöbələrinin, ali təhsil müəssisələrinin və nazirliyə tabe olan digər idarələrin sosial şəbəkələrdəki səhifələri aktiv fəaliyyət göstərir. Nazirliyin rəsmi səhifəsində, eləcə də digər ali təhsil müəssislərinin, rayon təhsil şöbələrinin rəsmi səhifələrində hər gün təhsillə bağlı bir sıra xəbərlər, elanlar, maarifləndirici videoçarxlar və digər məlumatlar paylaşılır.
Nazirliyin məlumatında bildirilir ki, eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Facebook” səhifəsində mütəmadi olaraq, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün onlayn olaraq müvafiq suallara cavab verilir. ""Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, dövlət qurumlarında kargüzarlıq xidməti aparılır.

Eyni zamanda qeyd olunur ki, Təhsil Nazirliyində vətəndaşların müraciətlərini təmin etmək üçün bir sıra xidmətlər mövcuddur: "Vətəndaşlar nazirliyin saytına daxil olmaqla istədikləri məsələ ilə bağlı (http://edu.gov.az/az/contacts/appeal) elektron məktub göndərə bilərlər. Bundan başqa, Təhsil Nazirliyinin rəsmi səhifəsində "Sual-cavab” bölməsi də fəaliyyət göstərir ki, burada vətəndaşları maraqlandıran hər hansı sualın ətraflı cavabı yer alıb. Təhsil Nazirliyinə hər hansı bir sorğu ilə müraciət edən vətəndaşlar əsasən 146 "Qaynar Xətti”indən istifadə edirlər. Belə ki, gün ərzində Telefon Məlumat Mərkəzində (146 "Qaynar xətt”), eləcə də Vətəndaşların Qəbulu Mərkəzində yüzlərlə vətəndaşın sualları cavablandırılır. Təkcə iyul ayı ərzində nazirliyin Telefon Məlumat Mərkəzində 23 266 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində 5145 vətəndaşa xidmət göstərilib”.

Müxtəlif müsabiqələr, verilişlər, promo layihələr...

Vergilər Nazirliyinin sosial şəbəkə səhifəsini bəyənənlərin sayı 44 mindən çoxdur. Səhifədə nazirliyin fəaliyyəti ilə bağlı işıqlandırılan xəbərlərlə yanaşı, maliyyə, sahibkarlıq, vergi məsələləri ilə bağlı maarifləndirici və maraqlı məlumatlar da paylaşılır. Paylaşımlarda müəyyən qədər bəyənmə sayı olsa da, rəy o elə də çox deyil. Yazılan sualların çoxuna cavab verilsə də, cavabsız qalanları da var. Mesaj yazmaq isə olmur. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, Vergilər Nazirliyi "Facebook”, "Twitter”, "Instagram” sosial şəbəkələrində, habelə "YouTube” video-hostinqində təmsil olunur. Səhifələrin idarə olunmasını Media və Kommunikasiya Mərkəzi həyata keçirir: "Hazırda Vergilər Nazirliyi "Facebook” sosial şəbəkəsindəki səhifəsinin 44000-dən, "Twitter” şəbəkəsində 800-dən, "Instagram”da 550-dən çox daimi izləyicisi var. "Facebook” sosial şəbəkəsində bu ilin 7 ayı ərzində yerləşdirilmiş məlumatlara 1 mln. 348,5 min şəbəkə istifadəçisi tərəfindən baxış qeydə alınıb. "YouTube” video-hostinqində yerləşdirilmiş 1164 videomaterialın isə 255 000-dən yuxarı izlənməsi qeydə alınıb. İstifadəçilərin xüsusi maraq göstərdiyi "Facebook” sosial şəbəkəsində bir çox maraqlı layihələr həyata keçirilir. Bunlara müxtəlif müsabiqələr, vergi ödəyicilərinin suallarını cavablandırmaq üçün hazırlanan müxtəlif verilişlər, promo layihələr aiddir”.

Mərkəzdən bildirildi ki, "Facebook” sosial şəbəkəsindəki mesaj bölməsinin bağlı olması səhifənin aktivliyinin artırılması, yaranan sualların şəffaf və açıq görünməsi və ictimai müzakirəsinin təmin edilməsi məqsədi daşıyır: "Səhifənin istifadəçiləri maraqlandırdıqları məqamlarla bağlı ümumi şərhlər bölümündə yazmaq imkanına malikdirlər ki, bu da verilən cavab və ya söylənilən fikirlərlə digər analoji sual və təkliflərin də verilməsinə imkan yaradır”.

Səhifədə yerləşdirilən məlumatlara yazılmış bütün rəylərə cavab verilməsinə gəlincə qeyd olundu ki, məsələyə münasibət bildirilməsi tələb edildiyi halda, həmin rəylərə izahat və ya məlumatlandırıcı xarakterli cavablar verilir. Digər tərəfdən, bəzi hallarda yaranan suallar vergi qanunvericiliyinə istinadən araşdırılması tələb olunan sorğulardır ki, həmin suallar Vergilər Nazirliyinin müvafiq strukturlarına yönləndirilir. Əlavə olaraq bildiririk ki, vergi qanunvericiliyi ilə bağlı yaranan sualların cavablandırılması üçün Vergilər Nazirliyinin çoxlu sayda aktiv kommunikasiya vasitələri (www.taxes.gov.az rəsmi internet səhifə üzərindən əlaqə vasitələri, 195 Çağrı Mərkəzi, və s.) mövcuddur”. \\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.