Bakının “hamam” kimi avtobusları: - problemin tezliklə həlli vəd edildi, amma...
9-08-2017, 13:12
Bakıda havaların isti keçdiyi günlərdə insanları daha çox narahat edən məsələlərdən də biri ictimai nəqliyyatlardakı havasızlıqdır. Gün ərzində işə gələn, işdən yorulub evinə yollanan Bakı sakinləri daha çox avtobuslarda havalandırma və kondisioner sisteminin olmamasından şikayətlənirlər.
Doğrudan da yayın ən isti vaxtında kondisionersiz, kiçik pəncərələri olan dəmir avtobuslarda yol getmək, xeyli əzablı və çətin məsələdir. İllərdir ki, bu məsələ gündəmə gətirilsə də, hələ ki, tam olaraq həllini tapmayıb. Yalnız son illər əsasən “BakuBus” MMC tərəfindən paytaxt küçələrinə kondisionerli avtobuslar buraxılıb ki, onların da sayı azdır.
Bakı kəndlərinə və paytaxt ətrafına qəsəbələrə işləyən avtobuslarda vəziyyət daha acınacaqladır. Belə ki, pik saatlarda insanların çox olması səbəbindən bu avtobuslardan hələ normal hava şəraitində istifadə etmək xeyli dərəcədə çətin olur. Havalar isti keçdikdə isə vəziyyət bir qədər də qəlizləşir. Kondisionersiz avtobusların əksəriyyəti köhnə avtobuslardır. Ona görə də bu avtobuslarda digər texniki avadanlıqlar da normal vəziyyətdə deyil. Məsələn, bəzi avtobusların oturacaq, tutacaqlarının sınıq olduğunu müşahidə edirik.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov mövzu ilə əlaqədar “Yeni Müsavat”a bildirib ki, ictimai nəqliyyat sektorunda sərnişin daşıma ilə məşğul olan şirkətlər meydana gəldiyində vəziyyət başqa idi:
“O zaman belə bir qadağa yox idi ki, kondisioneri olmayan avtobuslar istismar olunmasın. Yəni bir növ bu məsələdə boşluq var idi. Sadəcə olaraq bəzi daşıyıcılar daha yaxşı xidmət göstərmək üçün məsrəflərini artırıb, yeni avtobuslar aldılar ki, onlarda kondisionerlər oldu. Bu, fərdi şəkildə qəbul olunmuş bir qərar idi. Qanunvercilikdə bu məsələ açıq-aşkar bildirilmirdi. Bakı Nəqliyyat Agentliyi yaradıldıqdan sonra isə bu nüans əsas məsələ kimi agentliyin qarşısında qoyuldu. Eyni zamanda sonrakı mərhələlərdə də sərnişinlərin çoxsaylı şikayətləri nəzərə alınaraq belə qərara gəlindi ki, Bakı Nəqliyyat Agentliyi bu məsələnin də həllini öz üzərinə götürsün. Məndə olan məlumata görə, artıq bu ildən etibarən sərnişindaşıma ilə məşğul olan şirkətlərin qarşısında lisenziya verilən zaman kondisionerlərin olması tələbi də birmənalı şəkildə qoyulur. Əgər kondisioner sistemi varsa, bu, lisenziyanın verilməsini sürətləndirmiş olur. Yoxdursa, lisenziya verilmir. Belə bir yanaşma artıq formalaşıb. Təəssüflər olsun ki, tələblər qoyulsa da bu problem hələ tam həllini tapmayıb. Səbəb də odur ki, havalandırma sistemi olmayan avtobuslara bunu sonradan qoymaq xeyli məsrəf tələb edir. Texniki cəhətdən bu, rahat bir proses kimi görünə bilər. Ancaq maddi baxımdan belə deyil. Məsələn Rusiyada istehsal edilmiş ”sedan" tipli avtomobillərə sonradan kondisioner sisteminin quraşdırılması kifayət qədər baha başa gəlir. Avtobuslarda isə bu rəqəm daha böyükdür".
Ekspert bildirib ki, yay aylarında avtobuslarda kondisionerin işləməsi mütləq şərtdir: “Düşünürəm ki, keyfiyyətin artırılmasında maraqlı olan şirkətlər bunun məsrəflərindən çəkinməməlidirlər. Həm də onlar bu yolla potensial sərnişin axınını öz tərəflərinə çəkməyə müvəffəq olarlar. İnsanlar əgər bir istiqamətdə iki marşrut varsa, daha çox kondisionerli olan avtobusa üstünlük verirlər. Bir məqam da var ki, hazırda bəzi avtobuslarda kondisioner sistemi olsa da, yanacağa qənaət məqsədi ilə onlar tam qoşulmur. ”BakuBus" avtobuslarında isə bu cür problemlər olmur. Digər şirkətlər də bu sistemi lazımı qaydada işə salmaqla həm də bir növ sərnişin qazanıb, gəlirlərini artırarlar".
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə məsələ ilə bağlı qəzetimizə aşağıdakıları bildirdi:
“Bakı Nəqliyyat Agentliyinin avtobuslarla bağlı müəyyənləşdirdiyi əsas tələblərdən biri sərinləndirmə və havalandırma sisteminin olmasıdır. Lakin təəssüf ki, hələ də bu tələbin tam yerinə yetirilməsinə nail olunmayıb. Ona görə ki, bildiyiniz kimi avtobuslar daha əvvəldən Bakı şəhərinə gətirilib. Onlar da Bakı şəhərində sərnişindaşımaya tam yararlı nəqliyyat vasitələri olmayıblar. İndi isə həmin o nəqliyyat vasitələrinin yenilənməsi, daha müasir, şəhər infrastrukturuna uyğun avtobusların yenilənməsi istiqamətində işlər aparılır. Bunun üçün də utilizasiya proqramını təklif etmişik ki, bunun sayəsində avtobuslar yenilənsin. Eyni zamanda mövcud avtobusların texniki baxımından yenilənməsi istiqamətində də işlər aparılır. Təxminən 650-yə yaxın avtobus tam təmir olunaraq, istifadəyə verilib. Hazırda şəhərdə 2100 avtobus var, onlardan da 500 ədədində kondisioner var. Qalanlarında isə sərinləndirmə və havalandırma sistemi mövcud deyil”.