Jurnalistikamızın gördüyümüz və görmək istəmədiyimiz səhvləri - Asif Mərzili yazır...
22-08-2017, 14:24
Yaxud, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, çox hörmətli professor Cahangir Məmmədliyə açıq məktub...
Salam, Cahangir müəllim!
Biz hələki sağ və salamatıq, jurnalistikamızın da sağ və salamat olmasını yerdə sizlərdən, göydə Allahdan arzu edirəm!
İstəkli professor! Mən qəlbinizin genişliyini bilirəm və inanıram ki, mənim Sizə ünvanladığım bu məktub-müraciətdən inciməyəcəksiniz, ən azı ona görə ki, deyəcəklərim qərəzdən, paxıllıq hissindən min arşın uzaqdır, başqa niyyət güdmür, yalnız və yalnız Sizin bu günlərdə İTV-də qəzetlərdə buraxılan üslub və orfoqrafik səhvlərlə bağlı çıxışınızda görmək istədiyim, amma görüb-eşitmədiyim bəzi məsələlərə səmimi münasibətdən irəli gəılir. Xətrinizə dəyən nəsə bir məsələ olsa, bəri başdan üzr diləyirəm.
Cahangir müəllim, Siz həmin çıxışınızda aparıcının sualına rəğmən bildirdiniz ki, bu gün BDU-nun jurnalistika fakültəsini bitirən məzunların çalışdığı qəzetlərdə demək olar ki, orfoqrafik və üslub səhvləri olmur, amma jurnalistikanın məzunu olmayanların çalışdığı qəzetlərdə bu cür səhvlər kifayət qədərdir... Və Siz müsbət nümunə kimi “Ekspress”, “Şərq”, “Respublika” və “525-ci qəzet”i misal çəkdiniz. Adı çəklilən qəzetlərin rəhbərlərinə və kollektivinə sonsuz hörmətim var və bu məqamda onların adını çəkməyə bilməzdim, çünki Siz artıq İTV efirindən bu adları ictimailəşdirmisiniz. Sizin məntiqinizə yanaşaraq bilmək istəyirəm: axı bu qəzetlər son vaxtlar səhifələrində hansısa ciddi bir problemlə bağlı ölkəyə səs salan araşdırma yazı dərc ediblərmi ki, hələ bir hansısa texniki-bədii səhvə də yol verəydilər? Siz həmin qəzetləri, eləcə də onlara bənzər KİV-ləri oxuyursunuzsa, sən Allah, hansısa bir yaddaqalan, ölkəyə səs salan, qalmaqala səbəb olan, müzakirələrə yol açan bir araşdırma yazıya rast gəlmisiniz?
Yeri gəlmişkən, bu yaxınlarda millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov «Turan» İA-da aparılan vergi yoxlamalarına toxunarkən olduqca maraqlı bir məqama diqqəti çəkdi. Ə.Amaşov bildirdi ki, Vergilər Nazirliyinin bu agentlikdə yoxlama aparılmasını aqressiv qarşılayanlar tələskənliyə yol verirlər, bu adi bir yoxlamadır, «Turan»da son illər elə də bir qalmaqallı yazı olmayıb, Mətbuat Şurasına, yaxud məhkəmələrə bu agentliyin hansısa bir yazısı ilə bağlı şikayət göndərilməyib və s.
Cənab Ə.Amaşov da təsdiq edirdi ki, fəal mətbuatdan şikayət də ola bilər, narazılıq da. Əgər hansısa bir qəzet 10, 20 illik fəaliyyətində bir dəfə də olsun hansısa yazı ilə bağlı məhkəməyə, yaxud Mətbuat Şurasına şikayət edilməyibsə, onda bu nə mətbuatdır? Kiminsə müsahibəsini, xəbərini, məlumatını dərc etmək peşəkar jurnalistikadır? «Əkinçi»dəki yazılara görə, rəhmətlik Həsən bəy ermənilərin qızışdırdığı rus çinovniklərinin nə qədər mühakiməsinə çəkilmişdi!
İstəkli Cahangir müəllim, əgər Siz məlum çıxışınız və arqumentinizlə BDU-nun jurnalistika fakültəsini reklam etmək istəyirsinizsə, gəlin daha səmərəli bir yol seçək: məsələn, monitorinq aparılsın ki, son 10 il ərzində jurnalistika fakültəsini bitirmiş jurnalistlərdən kimlərin geniş qalmaqala, beynəlxalq, lap elə ölkə səviyyəli rezonansa səbəb olan bir məqaləsi dərc olunub??? Varmı? Bəlkə də yerinə düşmür, deyirəm: «Təzadlar»ın 2009-cu ildə Xocalı soyqırımı ilə bağlı məqaləsi ABŞ-ın Kaliforniya ştatının mərkəzi kitabxanasına daxil edilmiş «Erməni yalanları» adlı kitabın əsas səhifələrində dərc edilmişdir.
Yaxud, «Təzadlar» qəzeti 2008-ci ildə Türkiyənin Azərbaycandakı səfiri Hulusu Kılıçın «Azərbaycan» nəşriyyatına gələrək Ermənistan-Türkiyə sərhədinin açılmasının əleyhinə yazan KİV redaksiyalarını gəzməsi və s. barədə məqaləsi ilə böyük bir rezonans doğuran yazı müəllifi olmuşdu. O dərəcədə ki, hətta həmin dövrdə AzTV ilə çıxış edən deputat Bəxtiyar Sadıqov (sonralar «Şərq» qəzetindəki müsahibəsində) bildirirdi ki, «Təzadlar» bu yazısı ilə, hətta beynəlxalq qalmaqal yaradıb və s.
Bu məqamda, düz 25 il geriyə qayıdıb bir məqama diqqəti çəkmək istəyirəm: 1982-ci ildə hərbi xidmətdən təzəcə qayıtmışdım. Bədii yaradıcılığımın məhsulu olan yazılarımı, o cümlədən hərbi xidmət illərində Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetində ştatdankənar müxbir kimi dərc olunmuş reportaj və məqalələrimdən bir hissəsini götürüb Xudu müəllimlə görüşə getdim. Evlərində oldum, yazılarıma baxdı... Alim yazılarımın birində Leninin heykəllərinə işarə vurularaq deyilmiş bir ifadənin üzərində xeyli fikirləşdi. Məzmunu təxminən belə idi ki, niyə biz bizə baş əyənlərə zülm edirik, bizə zülm edənlərə isə baş əyirik və sair (müttəfiq respublikaların xalqlarından söhbət gedirdi). Xudu müəllim soruşdu ki, harada oxuyursan? Dedim ki, həkim olmaq istədim, “AMİ”yə imtahan verdim, 23 bal yığdım (o vaxt böyük nəticə idi), “konkurs”a düşdüm, dərhal “AZİ”nin boş qalmış yerlərinə sənəd verdim, hazırda “AZİ”nin neft sənayesinin iqtisadiyyatı fakültəsində oxuyuram, amma jurnalist olmaq istəyirəm. Rəhmətlik güldü, dedi ki, sən gəl yaradıcılığını davam elətdir, amma “AZİ”ni oxu qurtar. Soruşdum ki, Xudu müəllim, axı bu necə ola bilər? Dedi ki, sən jurnalistikanı bitirib neftdən, iqtisadiyyatdan... yaza bilməyəcəksən, amma “AZİ”ni oxuyub bitirsən, jurnalist işləyə biləcəksən.
Qısa deyim ki, mən “AZİ”ni bitirdim, Neft-Kimya Sənayesi Nazirliyinin tikinti idarəsində iqtisadçı, sonra plan şöbəsinin rəisi oldum, amma yaradıcılığımı AzTV-nin, AzRadionun, digər qəzetlərin ştatdankənar müxbiri kimi davam etdirdim... 1987-ci ildə məni nazirliyimizin tabeliyində və himayəsində olan “Za bolşuyu ximiyu” qəzetinin baş redaktoru təyin etdilər. 1990-cı ildə yazıçı, rəhmətlik Əmir Mustafayev məni “Respublika” qəzetinə dəvət etdi, sonra “Həyat” (indiki “Azərbaycan”) qəzetində çalışdım, 1992-ci ildə “Ədalət” qəzetində baş redaktorun 1-ci müavini, 1993-cü ildən “Təzadlar” qəzetinin baş redaktoru kimi, sözün yaxşı mənasında, özümü jurnalistikada oda atdım...
Cahangir müəllim, qadan alım, bunları niyə dedim: Xudu müəllim mənim jurnalistika və “AZİ” paradoksu ilə bağlı verdiyim suala nümunə kimi o vaxtlar hamımızın sevimli nəşri olan “İzvestiya” qəzetini misal çəkdi, dedi ki, bu qəzetdə 300-ə yaxın ştatda olan əməkdaş var, onların 5-10 faizi jurnalistikanı bitirənlərdir (bəzilərinin adını çəkdi), qalanı müxtəlif sahəni bitirən, amma jurnalistikanın dilini bilənlərdir: “Redaksiyada 16 şöbə var, hər şöbənin də əməkdaşları müxtəlif sahənin adamlarıdır. Tikinti, sənaye, mədəniyyət, səhiyyə, hüquq mühafizə orqanları... Jurnalistikanı bitirən səhiyyənin problemlərindən istədiyi formada yaza bilməz, amma tibb sahəsini bitirən bu sahədən ən yüksək səviyyədə araşdırma yazı hazırlaya bilər... Sadəcə, sən çalış cəsarətli ol…”, -izahladı Xudu müəllim.
Bu, böyük Xudu Məmmədovun jurnalist olmağımda mənə verdiyi və öyrətdiyi ən böyük dərs idi, hansı ki, hələ də öyrənə-öyrənə gedirəm.
Cahangir müəllim, indi gəlirəm mətləbə: deyirsiniz ki, sizin fakültəni bitirən məzunların çalışdığı KİV-lərin səhifələrində səhvlər demək olar ki, yoxdur, amma başqa sahəni bitirənlərin çalışdığı qəzetlərdə bu səhvlər maksimumdur.
Mən Sizinlə qətiyyən razı deyiləm və bəri başdan deyim ki, həmişə ya göründüyü kimi olmağa, ya da olduğu kimi görünməyə könül vermişəm, bu dəfə də həmin fəlsəfəyə sadiq qalmaq istəyirəm. Həmkarlarımdan xahişim, ricam budur ki, məcburən onların rəhbəri olduqları, yaxud çalışdıqları KİV-lərin adlarını çəksəm, bunu qərəzli addım kimi qəbul etməsinlər. Çünki mən istəyirəm ki, jurnalistikamızı da olduğu kimi görməyə vərdiş eliyək, yoxsa...
Beləliklə, Cahangir müəllim, Siz həm də fikrinizi tamamlamaq üçün bir neçə qəzetin adını çəkdiniz. Amma bilirsiniz ki, Sizin qoyduğunuz tələblə təklif arasında böyük bir sərhəd var. Məsələn, klassik qəzetçilik məktəbinin belə bir tələbi var ki, hər bir qəzetdə korrektor ştatı saxlanılır. Qəzetlərdə çalışanlar bilir ki, müxbirlər nə gəldi yaza bilir, şöbə müdirləri, yaxud baş redaktor həmin məqaləni oxuyub məna və ya üslub xətalarını rəndələyir, sonra korrektor məqalədəki orfoqrafik səhvləri düzəldir. Biz-oxucular qəzeti 3-4 əldən keçib ütülənmiş məqaləsi ilə görürük və peşəkarlar da bilir ki, qəzetin orfoqrafik səhvsiz nəşrinin rejissoru korrektordur. Və korrektorlar jurnalistikanı deyil, filiologiyanı bitirənlərdir, onlar jurnalist deyillər.
Cahangir müəllim, Sizin adını çəkdiyniz qəzetlərdə üslub və ya orfoqrafik səhvlərin olmamasını həmin qəzetlərdə çalışanların jurnalistika fakültəsini bitirmələri ilə əlaqələndirməyiniz bu mənada doğru deyil. Əvvəla, Siz həmin siyahıda “Azərbaycan”, “Xalq qəzeti”, “İki sahil”, “Mövqe” və sair qəzetlərin adını çəkmədiniz. Bəlkə bu qəzetlərdə səhvlər maksimum olur?! İkincisi, təkrar edirəm, axı adlarını çəkdiyiniz qəzetlərdə hansı ciddi araşdırma yazılarını oxumusunuz ki, orada da üslub, məna, yaxud orfoqrafik səhvlərin də olub-olmadığını görə biləsiniz?! Səmimiyyətlə deyim, dostlarımız da inciməz, həmin qəzetlərdə jurnalistlərin-müxbirlərin dəsti xətti 3-5 faiz olursa, AzərTAC-ın, APA-nın dəsti- xətti 90-95 faizdir. Yəni, hazır məlumat və ya yazılar gəlir, qəzetin səhifələri bəzənir, vəssalam… Jurnalist samballı, ciddi problemləri əhatələyən araşdırma yazı yazmalı, qəzet də çap etməlidir ki, orada hansı elmi, bədii məna, üslub və ya digər səhvlərin olub-olmadığlnı görmək mümkün olsun. Bunlar yoxdursa, qəzetlərdə səhvlərə yol verilib-verilmədiyini nədən bildiniz? Məgər jurnalistika hansısa xəbəri, yaxud hansısa informasiya agentliyindən, dövlət orqanının mətbuat xidmətindən, hansısa nazirlikdən... göndərilən məqaləni (məlumatı) qəzetdə çap etməkdir? Bu iş texniki redaktorun və korrektorun işidir, bunun Sizin dediyiniz jurnalistikaya, yaxud BDU-nun jurnalistika fakültəsini bitirməyə qətiyyən dəxli yoxdur. Aqil Abbas jurnalistikamızın bəzəyidir, amma sizin fakültəni bitirməyib... Vüqar Rəhimzadə mənim kimi “AZİ”ni bitirib, amma inanmıram ki, BDU-nun jurnalistika fakültəsini bitirmiş hansısa özündən deyən məzun onun qədər neft sənayesinin problemlərindən nəsə yaza və ya danışa bilsin. Və belə misalları çox çəkmək olar. Dərd ondadır ki, biz dərdimizin diaqnozunu səhv qoyuruq, sonra çarəsini İranda, Türkiyədə, başqa yad ölkələrdə axtarırıq... Siz necə bilirsiniz, BDU-nun jurnalistika fakültəsini bitirmiş məzunun elmimizin, səhiyyəmizin, neft sənayesinin, gömrüyümüzün, vergimizin, heyvandarlığımızın... problemləri barədə araşdırma yazısı daha peşəkar olar, yoxsa adı çəkilən sahələrə aid ali məktəblərin məzunlarının-sahə mütəxəssislərinin? Yuxarıda dedim, elmi məqalələri yazan yazır, onu qəzetdə məna və ya orfoqrafik səhvsiz buraxan isə korrektordur!
«Bəli, Siz jurnalistlərə jurnalistikanın dilini öyrətmisiniz, amma onlara bu gün cəsarəti öyrətmək lazımdır!»
Bəli, BDU-nun jurnalistika fakültəsi tələbələrə jurnalistikamızın dilini öyrədir, amma tələbkar oxucunun dilini öyrətməkdə, təəssüf ki, hələ də acizdir, Cahangir müəllim! Yəqin inciməzsiniz deyim, cənab Prezident İlham Əliyevin son illər hər bir çıxışı haqlı tənqid üzərində qurulub. Məmurların qudurğanlığından tutmuş, sahələrin ciddi problemlərinədək. Hətta ötən il cənab Prezidentin sərəncamı ilə Laçının və Cəbrayılın... icra başçıları işdə yol verdikləri ciddi nöqsanlara görə işdən qovuldular. Anti-reklam olar deyə adını çəkmirəm, Sizin adını həvəslə çəkdiyiniz qəzetin birində Prezidentin ciddi nöqsanlarla işdən qovduğu icra başçısı barədə həmişə tərifli yazılar dərc olunurdu. Jurnalistika buna deyirsiniz??? Amma həmin məmurları haqlı tənqid edən yenə də «…səhifələrində orfoqrafik səhvlərə yol verən…» qəzetlər idi.
Prezident İlham Əliyev bu ilin əvvəlində 2016-cı ilin yekunlarına dair geniş müşavirə keçirirdi, nazir Heydər Əsədovdan taxılın məhsuldarlığının niyə ötən il də aşağı olmasının səbəbini soruşdu, nazir günahı yazqabağı quraqlığın, biçinqabağı yağışların boynuna atdı. Prezident bu yersiz izahlardan əsəbləşib dedi ki, “...İndi kənd təsərrüfatı naziri dedi ki, taxılın az olması quraqlıqla bağlıdır… Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır».
Cahangir müəllim, Sizin jurnalistika fakültəsini bitirərək adını çəkdiyiniz və çəkmədiyiniz qəzetlərdə çalışan jurnalistlərdən hansı biri bu cür tənqidi məqalə yazıb indiyədək??? Bəli, Siz jurnalistlərə jurnalistikanın dilini öyrətmisiniz, amma onlara bu gün həm də cəsarəti və müstəqil olmağı öyrətmək lazımdır! Sizin dediyiniz və təriflədiyiniz jurnalistikamızın indi nəyi çatmır: Prezident hər cürə şərait yaradıb!!! Təsəvvür edirsinizmi, Prezidentin sərəncamları ilə ildə 100-130 min manat pul, mənzil, orden-medal, “Şərəf”, “Şöhrət” və sair dövlət mükafatları alanlar susur, yazmır, amma ölkənin problemlərini Prezident deyir, sərt də deyir… Cahangir müəllim, təriflədiyiniz jurnalistika budur? Susmaq, eşitməmək, görməmək... jurnalistikadır? Həsən bəy, bəlkə Mirzə Cəlil, bəlkə Üzeyir bəy... sizin dərs dediyiniz jurnalistika fakültəsini bitirmişdilər?!
Bilirsiniz, bəzən susmaq daha yerinə düşür. Amma biz susmalı yerdə danışır, danışmalı yerdə isə susuruq... Min dəfə üzr istəyirəm, mən taxılla bağlı Prezidentin məlum çıxışından sonra araşdırma apardım, məlum oldu ki, Azərbaycanın taxıla illik təlabatı 1,7 milyon tondur. Və Azərbaycan KT naziri H.Əsədov rəsmən deyir ki, 2016-cı ildə Azərbaycanda 3 milyon ton taxıl yığılıb. Araşdırdım, Dövlət Statistika Komitəsinin “Təzadlar”a göndərdiyi bülletendə yazılır ki, sən demə, həmin il Azərbaycana xaricdən təxminən 300 milyon dollarlıq, 1,3 milyon ton taxıl da gətirilib. Cəmi edir-4,3 milyon ton. Biz soruşuruq ki, yaxşı, təlabat 1,7 milyon tondur və tələbatımızdan təxminən 2 dəfə çox taxıla malikik, amma yenə də təlabat ödənilmir. Bu necə olur??? Və araşdırdım ki, əhalisi 10 milyon nəfər olan Azərbaycanın KTN-nin ştat vahidi 1020 nəfərdir, əhalisi Krımsız 42 milyon olan Ukraynanın KTN-nin ştat vahidi isə cəmi 220 nəfərdir. Belorusda, Moldovada... taxılın məhsuldarlığı 40-42 sentnerdir, bizdə isə 30 faizdən yuxarı qalxmır. Cahangir müəllim, bu ciddi araşdırma məqaləsini “Təzadlar” qəzeti dərc etdi... Orfoqrafik və ya üslub, bədi-estetik... səhvlərə yol versə də (“məsələn...”, deyirəm...).
Bəli, bu gün səhifələrində orfoqrafik və ya üslub səhvlərinə yol verən sayt, yaxud qəzetlər var, amma bunlar korrektor ştatını maliyyələşdirə bilməməkdəndir, onların korrektoru yoxdur, amma cəsarətləri var. Və mən gözlədim ki, siz həm də saytlarımızın korrektor problemi üzərində dayanacaqsınız, axı elektron mətbuatın da dili təmiz, səliqəli, səhvsiz olmalıdır... Və necə edək ki, hər bir çap, yaxud elektron KİV korrektor ştatına malik olsun. Axı müəllif öz yazısındakı səhvləri bəzən görə bilmir… Bəlkə bu və ya digər məsələləri çağdaş mətbuatımızda birləşdirib cəmiyyətimiz və dövlətimiz üçün bəhrələnməyin yollarından danışaq!
Sonda: Cahangir müəllim, İTV efirindən də dediniz ki, mətbuat cəmiyyətin güzgüsüdür! Çox yaxşı. Lakin necə ola bilər ki, bu güzgü ancaq yaxşı şeyləri, tərifli işləri... göstərir?! Belə şey ola bilməz axı... Güzgü həm də adamın sifətindəki eyibləri, ağaran saçları, alnın qırışlarını... da göstərməlidir. Cəmiyyətimizin heç başı ağarmır ki?! Qarabağ boyda dərdi və problemi olan cəmiyyətin-ölkənin başı necə ağarmaya, alnı qırışmaya bilər, Cahangir müəllim!? Bizim evdə bir güzgü var, 30 ildir hər səhər ona baxıb sonra işə gedirəm. Son 25 ildir o güzgüyə baxanda üzümü üzümə tutub “Ayıb olsun!” deyirəm. Bilirsiniz niyə? Yuxarıda jurnalistikamıza ünvan edərək dediyim və 25 ildir erməni əsirliyində Qarabağa getməyə cəsarətsiz olduğuma görə...
***
Bəli, Dövlət büdcəsindən hər il milyonlarla vəsait ayrılır, bəlli siyahı üzrə məlum qəzetlərə verilir, amma bu dövlətin-cəmiyyətin, ölkənin problemlərini isə onların heç biri yox, yenə də Prezident deyir, məmurları Prezident tənqid edir. Bəs bu səhifəsi orfoqrafik səhvsiz… qəzetlər nədən ötrüdür??? Bəlkə budur jurnalistika?!
Nə isə... Məni qınamayın, Cahangir müəllim, uman yerdən küsərlər, umub və ərk edib Sizə müraciət etdim. Bilirəm ki, Sizin də ürəyiniz doludur, amma müəyyən səbəblərdən deməli olduğunuzu deyə bilmirsiniz. Bəlkə elə deməli olduğumuzu deyə bilməyəndə susmaq daha məsləhətdir...
Asif MƏRZİLİ