Fətəli Xan Xoyskinin general Tomsona məktubu və generalın da ona cavab məktubu

1-09-2017, 21:27           
Fətəli Xan Xoyskinin general Tomsona məktubu və generalın da ona cavab məktubu
1919-cu il fevralın 18-də Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyski parlamentin on beşinci iclasında (İclasın sədri - Həsən bəy Ağayev, katibi - Əhməd Cövdət Pepinov-red.) çıxış edərək, Bakıda olan Denikin könüllüləri və ermənilərin fəallaşması ilə bağlı yaranan narahatlığı dilə gətirir və bununla bağlı fevralın 15-də Bakıda müttəfiq qüvvələri komandanı Tomsona məktub yazdığını bildirir və bu barədə məclis üzvlərinə məlumat verir. F.X.Xoyskinin məktubuna cavab olaraq Tomson da cəmi bir gün sonra - fevralın 16-da Azərbaycan hökmətinin rəhbərinə məktubu yazır. Enter.News həmin məktubları təqdim edir:

“Bakıda müttəfiqlər qüvvələri komandanı Tomson həzrətlərinə!

Hökumətin binagüzarlığında bulunan məlumata görə son günlərdə burada - Bakıda dövlət mənafeyi və hökumət heysiyyati nöqteyinəzərindən qeyri-məqbul hadisələr vaqe olur; könüllü ordu nümayəndələri general Perejevalski və general Erdeli Bakıda və onun ətrafında qoşun yığıb silah paylayırlar, məşq edirlər, bir kəlmə ciddi surətdə qoşun hazırlanır. Digər tərəfdən erməni fəalları və əzancümlə sabiq fəaliyyəti Azərbaycanın müsəlman əhalisi ilə mübarizə və talandan ibarət olan həmazası, həmçinin silah daşımağa qadir olan ermənilərin siyahısını tutub, toplayır, silah verir və qoşun qətatı təşkil edir. Qarışıq erməni-rus qətatı Duma meydanından İçəri şəhərə gedən qapının ağzında tamamilə müsəlmanlarla Bakı şəhəri müsəlman əhalisi arasında nəhayət dərəcədə həyəcan var, burası həqli olaraq camaat və parlament tərəfindən hökuməti məzəmmətə və narazılığa bais olur ki, öz paytaxtımızda nəinki dövlətin hüququnu xələldar edən, hətta dövlətin onun əsasını təşkil edən müsəlman əhalisinin varlığı əleyhinə olan bu cür işlərə imkan verir. Əminəm ki, belə işlərin hökumətcə qeyri-qabil təhəmmül olduğuna zati-aliniz də mənimlə iştirak edərsiniz ki, heç bir dövlətdə və məmləkətdə belə şey yoxdur ki, dövlətin və hökumətin bədxahı və onlara yabançı olan təşkilat məmləkətin paytaxtında hökumətin gözü qabağında bunca azad binagüzarlıq edib açıqdan-açığa müsəlləh qüvvələr təşkil etsinlər, hansı ki, dövlətin əsası əleyhinə sövq edilə bilər.

Fövqəlzikr mülahizələr ilə hökumət namından zati-ailənizə müraciət edərək bilatəxir müxtəlif və erməni qoşunu yığılıb təşkil olunmasına xitam verməsində və hər dürlü könüllü təşkilatı və Həməzası ilə yoldaşlarının Azərbaycandan çıxarılmasına məzahiratda bulunmanızı isratla təvəqqe edirəm. Hökumət əmindir ki, zati-aliləriniz bu mülahizələrin haqlı olduğunu etirafla təcili surətdə lazımi tədbirlər görəsiniz və illa hökumət məcbur qalacaqdır ki, bu kimi qeyri-təbii və nəhayət dərəcə təhlükəli işlərə xitam çəkmək üçün ixtiyarında olan var qüvvəyi işlətsin.

Zati-alinizə qarşı ehtiramımın qəbulunu rica edirəm.

Baş vəzir - F. Xoyski.

General Tomsonun cavab məktubu:
“Alişən, Azərbaycan Baş Vəzirinə.

Dünki 32 N-li məktubunuzu aldım. Mənim müəyyən məlumatım var ki, rus qoşunu səfərbərliyi icra edilmir. Ola bilər ki, general Denikin qoşununda xidmət üçün zabitlər (yazılışı) əsgər təcəmmüü təsiri bağışlamışdır. Bu zabitlər dərhal Bakıdan gedirlər və bilmərrə əsgəri məşq verilmir və silah paylanmır.

Hamazapsın fəaliyyəti sabiq Rusiya qoşunundakı erməni əsgərlərinin siyahısını tutub, yaxın zamanda Ermənistana göndərmək məqsədilə məhdud bir işdir. Bunlar heç vəchlə təslih və təşkil edilməyəcəklərdir.

Mən sizin xahişinizə görə, məktubunuzda göstərilən hər dürlü qeyri-məmul hadisənin önü alınması üçün iqdamatda bulunmuşam.

Sizə səmimi ehtiramı olan Tomson. Bakı, 16 fevral 1919.”

Təqdim etdi: Rəşad Sahil












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.