Muqabeyə və Mütəllibova tanınan oxşar haqlar
28-11-2017, 09:39
Və ya 25 il əvvəl Mütəllibova istefa qarşılığında nələr təklif olunmuşdu?
Zimbabvedə baş verən hərbi çevriliş ölkəni 37 ildir idarə edən Robert Muqabenin istefası ilə nəticələndi. Noyabrın 14-də paytaxta yeridilən ordu qüvvələri 93 yaşlı Zimbabve diktatorunu əvvəlcə ev həbsinə atdı. Ancaq baş verən hadisələr qansız ötüşdü. Silahlı qüvvələr əvvəlcə “prezidentin ətrafındakı cinayətkar məmurları cəzalandırmaq” adı ilə prezident və yaxın ətrafını həbs etdi.
93 yaşlı Muqabe bir neçə gün istefa verməkdən imtina etsə də, sonunda taleyi ilə barışmalı oldu. Daha doğrusu, öz partiyası və keçmiş silahdaşları ondan üz çevirdi. Zimbabve parlamentinin impiçment qərarından sonra noyabrın 21-də Muqabe istefa verib.
Ancaq Muqabe “əliboş” yola salınmayıb. Robert Muqabeyə ömrünün sonunadək hər ay təxminən 150 min dollar təqaüd veriləcək. Bundan başqa, Muqabeyə istefa verdikdən sonra dərhal 5 milyon dollar ödənib. Bundan başqa, Muqabe və onun həyat yoldaşı məhkəmə təqibinə qarşı immunitet əldə ediblər.
Qeyd edək ki, nə qədər qəribə də olsa, bu təcrübə daha öncə Azərbaycanda yaşanıb. 1992-ci il martın 6-da baş verən hadisələrdən sonra istefaya göndərilən prezident Ayaz Mütəllibova o zamankı hökumət pensiya təyin etdi və sabiq prezident kimi bir sıra hüquqlar tanındı. Ancaq mayın 14-də Mütəllibovun yenidən hakimiyyətə qayıtması onunla bağlı bu anlaşmanın pozulmasına səbəb olub. İkinci dəfə devrilən A.Mütəllibov Rusiyaya qaçıb.
Bundan sonra eks-prezidentlərin hüquqları mövzusu uzun müddət qapalı qalıb. Yalnız 2012-ci il iyunun 12-də uzun müzakirələrdən sonra “Eks-prezidentlər haqqında” Qanun Milli Məclisdə qəbul edildi. Qanun 12 maddədən ibarətdir.
Bu qanuna əsasən, “keçmiş prezident” Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Qanunda keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Öhdədə olan uşaq dedikdə vəfat etmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən övladlığa götürülmüş uşaq və ya ögey uşağı nəzərdə tutulur.
Qanuna əsasən, keçmiş prezidentin pensiyası prezident vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının 50 faizinə bərabər götürülür. Bundan başqa, qanunda keçmiş prezidentlər üçün 3 nəfər təhlükəsizlik heyəti, bir sürücü, bir xidməti avtomobil verilməsi, prezident vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının 20 faizi məbləğində nümayəndəlik xərclərinin ödənilməsi, keçmiş prezident və onun həyat yoldaşına ömürlük diplomatik pasport verilməsi nəzərdə tutulur.
Muqabe qədər böyük məbləğ olmasa da, 20 ildən sonra Ayaz Mütəllibov növbəti dəfə eks-prezident hüququndan yararlana bildi. Hazırda da yararlanmaqda davam edir.