Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA

Bu gün, 15:28           
Vikipediya QALMAQALI:
Hər gün minlərlə insanın istifadə etdiyi vikipediya Azərbaycan dili də daxil olmaqla dünyanın bütün sivil dillərində mövcuddur. Amma Azərbaycan dilindəki vikipediyada məlumatın az və ya natamam olması təəssüf doğuran haldır. Bunun bir neçə səbəbi var, ən əsas səbəbi də milli tənbəlliyimizdir. Bir də qarşısında “könüllü” sözü olan işlərdən qaçmağımız... Vikipediya isə məhz könüllü şəxslərin – təəssübkeş, çalışqan, vətənpərvər insanların, əsasən gənclərin fəaliyyətidir ki, onların da sayı məhduddur. Başqa sözlə, oradakı mətnin miqdarı və keyfiyyəti birbaşa istifadəçilərin fəallığından asılıdır: nə qədər çox savadlı insan iştirak etsə, o qədər də həcm və keyfiyyət artar. Ancaq hələ ki, mətnlərin bir çoxu tam işlənməyib: kiçik, hətta bir-iki cümlədən ibarət mətnlərdir.

Vikipediya açıq ensiklopediya olsa da, yerləşdirilən məlumatlar dəqiq və istinadlı olmalıdır. Bəzən isə qeyri-dəqiqlikdən əlavə qərəz də işə daxil olur. Ona görə də çox zaman saxta və ya yanlış məlumatlar ortaya çıxır. Məsələn, dəfələrlə bir sıra tanınmış azərbaycanlılar haqqında səhv, istinadsız məlumatlar yer alıb. Bu məlumatların bəziləri sonradan redaktorlar tərəfindən silinib və ya düzəldilib. Amma bəziləri müəyyən müddət səhifələrdə qaldığı üçün gülüş və ya təəssüf hədəfinə çevrilib.

Vikipediyanın hədəfinə çevrilənlər...

Bir neçə il qabaq mərhum deputat Qənirə Paşayeva dünyasını dəyişməzdən bir neçə gün əvvəl onun haqqında vikipediyada "vəfat edib" qeyd olunmuşdu. Rəsmi təsdiqlənməmiş xəbərə istinad edən saytlar saxta ölüm xəbərini yaymışdı.

Bundan başqa, sabiq deputat, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı haqqında da ailə üzvlərinin adları, ictimai çıxışları ilə bağlı etibarsız mənbələrə əsaslanan məlumatlar yer almışdı.

Millət vəkili, Siyavuş Novruzovun siyasi fəaliyyəti ilə bağlı isə kinayəli cümlələr əlavə olunmuşdu. Məsələn: “Həmişə iqtidarın müdafiəsində dayanır” kimi subyektiv fikirlər bir müddət səhifədə yer almışdı.

Yazıçı və deputat Aqil Abbas haqqında səhifədə "mübahisəli çıxışları ilə tanınır" kimi ifadələr yerləşdirilmişdi.

“Ümid” partiyasının sədri İqbal Ağazadə barəsində də təhrif olunmuş “hakimiyyətə yaxınlaşdığı” və ya “xalq tərəfindən dəstəklənmədiyi” kimi cümlələr yazılmışdı. Halbuki vikipediya qərəzsiz və faktlara əsaslanan dil tələb edir.

Sənət adamlarından xalq artisti Zeynəb Xanlarovanın vəfat tarixi, gitarist Rəmişin (Rafiq Hüseynov) ailəsi və şəxsi həyatı ilə bağlı, müğənni Manaf Ağayevin əsl peşəsi, doğum tarixi haqqında fərqli məlumatlar verilmişdi. Məlumatlar sonradan ya silinmiş, ya da redaktə edilmişdi.


Göründüyü kimi vikipediya daim yenilənməli olan, diqqət tələb edən bir mənbədir. Ona görə də istifadəçilər oradan götürdüyü məlumatlara əmin olmalıdırlar. Yəni vikipediyanın özünü araşdırmağa ayrıca vikipediya lazımdır.

Bizim.Media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.