12 yaşlı məktəblinin müəmmalı intiharı: - “Mavi balina”, yoxsa din?

7-12-2017, 18:49           
12 yaşlı məktəblinin müəmmalı intiharı: - “Mavi balina”, yoxsa din?
“Ağdaş rayonunda 12 yaşlı məktəblinin intihar etməsində müxtəlif səbəblər ola bilər, burada din və ya təhlükəli “mavi balina”nın üzərində dayanmaq olmaz”.

Bu barədə AzVision.az-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Komitə rəsmisi bildirib ki, məlum hadisədən sonra İsmayıllıda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzi həmin ailəyə gedib, başsağlığı verib.

“Əməkdaşlarımız valideynlərlə görüşüb. Məlum olub ki, uşaq dərs əlaçısı, nümunəvi şagird olub. Həmçinin yaxşı idman göstəriciləri olub. Bir sözlə, həyat dolu uşaq idi. Lakin onun intiharında din və ya təhlükəli internet oyunlarının təsirinin olması məsələsi araşdırılır. İcra hakimiyyətindəki monitorinq qrupumuz bu məsələni nəzarətdə saxlayır. Hal-hazırda istintaq gedir. Bütün mümkün variantlar ən xırda detalına qədər araşdırılır, öyrənilir”.

A.Veysəlovanın sözlərinə görə, nəticə ictimaiyyətə elə verilməlidir ki, insanlar, xüsusilə valideynlər bundan dərs götürsün və başqa ailələrin başına belə hadisələr gəlməsin: “Bu çox ağır və həssas məsələsidir. Burada mühakimə yürüdüb, dinin və ya "mavi balina"nın olduğunu deyib dayanmaq olmaz. Bu, hələ mühakimədir. Burada 3-cü, 4-cü və ya 5-ci hansısa səbəblər ola bilər. Biz dini, mənəvi əxlaqi dəyərlərin təbliğinə qarşı çıxa bilmərik. Bu istiqamətdə təbliğat, maarifləndirmə düzgün aparılmalıdır. Din xadimləri zamana görə biliklərini artırmalı, təkmilləşdirməlidirlər. Buna görə dini bilikləri uyğun, düzgün, savadlı şəkildə gənclərə çatdırmaq lazımdır”.

Qeyd edək ki, Ağdaş rayonu Ləki qəsəbə sakini, 12 yaşlı İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına getdiyi qeyd edilib. Həmçinin intihardan öncə yazdığı məktubda peyğəmbərin yanına getdiyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.