Polislər kəşfiyyatçıların başlarını qırxaraq onları "sındırdı" - Erməni kəşfiyyatçı necə ölüb?
7-12-2017, 19:32
Aprel döyüşlərində iştirak edən Ermənistan ordusunun kapitanı 26 yaşlı kəşfiyyatçı Andranik Mkrtçyanın valideynləri onun özünəqəsd etdiyi iddiasına inanmırlar. Valideynləri onun öldürüldüyünü düşünürlər.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Meğridəki hərbi hissədə xidmət edən erməni ordusunun zabiti, kapitan Andranik Mkrtçyanın meyidi 2017-ci il avqustun 20-də günorta radələrində bölüyün otaqlarından birində aşkar edilib. O, Ermənistanın Aparan rayon sakini olub. Ölən kapitanın dəfn mərasimində hərbi qulluqçulardan heç kim iştirak etməyib.
Valideynlərinin sözlərinə görə, hərbçilərin dəfn mərasimində iştirak etməməkdə məqsədi bu yolla onun intihar etdiyi versiyasını təsdiq etmək olub. Dəfndə yalnız Andranik intihar edən gün alayda cavabdeh şəxs olan hərbi hissə komandirinin müavini Telman Matevosyan iştirak edib. Andranik Mkrtçyan ölümündən bir gün əvvəl Aparan şəhərində dostları ilə əyləncədə olub. Geri, hərbi hissəyə qayıtmadan öncə rəfiqəsi Anna ilə birlikdə mina partlayışından xəsarət alan yoldaşlarına baş çəkmək üçün hospitala gedib.
Onun rəfiqəsinin sözlərinə görə, hərbi hissədən durmadan zəng edərək, dərhal hərbi hissəyə gəlməsini tələb edirdilər. Onun sifətində, boğazında hər hansı xəsarət aşkar edilmədiyi bildirilir. Ölümündən sonra bədənində xəsarət izləri üzə çıxıb. Atası bildirir ki, meyidə şəxsən baxış keçirib, sifətinin sağ tərəfində sıyrıntılar və qara ləkələr olub.
Meğridəki hərbi hissə komandanlığı Andranikin valideynlərini intihar məsələsinə inandırmaq üçün xüsusi səy göstərib. Ancaq valideynləri onun öldürüldüyünü iddia etməkdə davam edirlər. Həmçinin bölükdə heç kimin avtomatdan açılan atəş səsini eşitmədiyi də inandırıcı deyil.
Andranikin meyidi hərbi hissədə bölükdə aşkar edilsə də, hərbi hissə komandiri Karen Sedrakyan valideynlərinə ölüm səbəbini kənarda axtarmağı məsləhət görüb. Hələ istintaq başlamamış artıq hərbi hissə komandanlığı hadisənin intihar olduğunu bildirib.
Ölən kapitanın valideynləri 2017-ci ilin may ayının 7-də yol polisinin iştirakı ilə baş verən hadisə ilə bağlı şübhələniblər. Əyləncə məclisindən qayıdan Andranik və kəşfiyyatçı yoldaşlarının avtomobili yol polisi tərəfindən dayandırılıb. Onlar polislərə müharibədən qayıtmalarının ildönümünü qeyd etdikləri və az ickili olduqlarını izah etsələr də, polislərlə aralarında münaqişə olub və əlbəyaxa dava baş verib. Hadisədən sonra Andranik və yoldaşları 3 gün hərbi polisdə, 1 gündə “Vardaşen” cəza çəkmə müəssisəsində qalıblar. Deyilənə görə, kəşfiyyatçıların həbsdən azad edilməsində müdafiə naziri Vigen Sarkisyan rolu olub. Arabkir rayon polis şöbəsində polislərin kəşfiyyatçıları döydüyü bildirilir. Polislər kəşfiyyatçıların şərəf və ləaqətini alçaldaraq, başlarını qırxıblar.
Polislə hərbçilərin qarşıdurmasına dair qaldırılan cinayət işinə xitam verilsə də, valideynləri polislərlə hərbçilər arasında baş verən nüfuz davasının Andranikin ölümünə səbəb olduğu qənaətindədir. Bu günə qədər heç bir rəsmi şəxs onlara baş sağlığı verməyib, baş çəkməyib. Ölən erməni kapitanın valideynləri ölüm işinin araşdırılması, günahkarların aşkar edilməsi və cəzalandırılmasını tələb edirlər.
Alpər Mövludoğlu
Ordu.az