Babək də, Şah İsmayıl da, Rəsulzadə də türk deyil... – Millət vəkili

23-12-2017, 10:33           

İstərdim ziyalı olum, amma həyat elə gətirib ki

Teleqraf.com Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə ilə müsahibəni təqdim edir.

– Araz bəy, qısa şəkildə öz bioqrafiyanızı necə anlada bilərsiniz?

– Necə yəni?

– Siz kimsiniz?

– Mən Azərbaycan vətəndaşıyam.

– Vəssalam?

– İnsan üçün əsas olan odur ki, dünyaya gəlir və təbii, onun hansı ailədə, hansı ölkədə doğulmağının da böyük əhəmiyyəti var. Əlbəttə ki, mühit də insana çox böyük təsir göstərir. Mən Bakıda müəllim ailəsində doğulmuşam. İndiki Qərb Universitetinin arxasında yaşadığımız həyət çoxmillətli bir həyət idi. Ermənilər, tatlar, gürcülər, yəhudilər və s. millətlər vardı. Məhəlləmiz çox mehriban idi, biz Azərbaycan dilini də, rus dilini də gözəl bilirdik.

– Ermənilər hansı dildə danışırdılar?

– Ya Azərbaycan, ya da rus dilində danışırdılar. Altı yaşımdan sonra isə bizə Yazıçılar İttifaqının tikdiyi evlərdən birini verdilər. Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Zeynal Xəlil, İlyas Əfəndiyev, Əhməd Cəmil və s. yazıçı və şairlər bizim qonşumuz idi.

– Bəxtiyar Vahabzadə sizə gəlib-gedirdi?

– Əlbəttə...

– Bildiyimə görə, ananız Zinyət xanımla yaxın olublar?

– Atam da, anam da Bəxtiyar Vahabzadə ilə çox yaxşı münasibətdə olublar!

– Bayaq dediniz ki, məhəllədə hamımız bir ailə kimi dolanırdıq. Ermənilərlə də bir ailə kimi yaşaya bilirdiniz?

– Orda heç kəs millətə fikir vermirdi. Məsələn, bizim məhlədə heç kəs bağçaya getmirdi, anamız işə gedəndə bizi qonşulara tapşırırdı.

– Biz erməniləri qəddar və amansız toplum kimi tanıyırıq. Ona görə soruşuram ki, necə idi, necə dolanırdınız?

– O zamanlar Bakıda yaşayan ermənilər çox yaxşı idi. Ermənistan erməniləri Bakı ermənilərinə “şuvstvo” deyirdilər. Yəni çevrilmiş ermənilər. Onlar Azərbaycan dilində tamamilə səlis danışırdılar. Ümumiyyətlə, o zamanlar ayrı mühit idi, insanlar bir-biri ilə daha mehriban idilər. Daha sonra 190 nömrəli orta məktəbdə oxumuşam. Əvvəl hüquq fakultəsində təhsil almışam, üçüncü kursdan isə Şərqşünaslığa keçmişəm. Orda da çox mehriban bir mühitdə olmuşam.

– Araz bəy, sizə Azərbaycan xalqı üçün nəyə görə dəyərlisiniz, hansı xidmətləriniz olub?

– Mənim Azərbaycan xalqı üçün heç bir xidmətim olmayıb. Amma çalışmışam ki, vətənim ağır günə düşəndə ona xeyirli vətəndaş ola bilim. Ümumiyyətlə, mən siyasətə Qarabağ deyib gəlmişəm. Və Qarabağ bu gün bizdə deyilsə, deməli, mən heç nə etməmişəm, heç nəyə nail olmamışam. Və deyə də bilmərəm ki, mən uğurlu siyasətçiyəm. Partiya yaratmışam, bunu çox adam bacarır, deputat olmuşam, bu isə həyatın uğuru deyil, siyasi mübarizədə kiçik bir andır. Həmişə əlimdən gələni etmişəm ki, Qarabağ məsələsi həll olunsun. Amma mənə və Azərbaycana qarşı işləyən qüvvələr bu işə mane olur. Qarabağ bizə qaytarılmayana qədər mən özümü uğursuz siyasətçi hesab edəcəyəm.

– Partiya sədri, millət vəkili və ziyalı kimi də xalqa heç bir xidmətiniz olmayıb?

– Üzr istəyirəm, mənim ziyalı sözündən xoşum gəlmir.

– Ziyalı işıq deməkdir, işığı niyə bəyənmirsiniz ki?

– Əlbəttə, bu sözün işıqlı demək olduğunu bilirəm. Mən Şərqşünasam, Azərbaycan dilini də mükəmməl bilirəm. (gülür) Anam da, atam da dilçi olublar və bizim evdə həmişə məhz ədəbi dildə danışılıb, ləhcədən istifadə etməmişik. Ziyalı sözü isə sovet dövründən qalmadır, hər təhsilli insana ziyalı deyirlər. Ziyalı ziya, işıq saçan deməkdirsə, hər ali təhsilli insan işıqmı saçır?



– Özünüzü ziyalı hesab etmirsiniz?

– Xeyr, mən ziyalı deyiləm. İstərdim ziyalı olum, amma həyat elə gətirdi ki, bunu bacara bilməmişəm. Ziyalı nə dava edər, nə söyüş söyər, nə də əsəbi olar. Bunların hamısı məndə olduğuna görə özümü ziyalı hesab etmirəm. Ümumiyyətlə, həyatım boyu mən Azərbaycanda tək-tük ziyalı görmüşəm. Onlardan biri tamamilə savadsız bir insan idi. Rayonda tanınırdı, hamı onun yanına məsləhətə gəlirdi. Çalışırdı ki, hamıya yaxşılıq etsin.

– Bəs bu gün tanınmış simalardan kimi ziyalı hesab edirsiniz?

– Məsələn, Vasim Məmmədəliyevi...

– Araz bəy, tez-tez adınız Hafiz Hacıyevlə yanaşı çəkilir, sizi ölkədə bir insan kimi ancaq onunla müqayisə edirlər.

– Mənim adım heç vaxt Hafiz Hacıyevlə yanaşı çəkilə bilməz. Bu, bircə dəfə baş verib, o da 2013-cü ilin prezident seçkilərində olub.

– Bəs niyə hesab edirlər ki, ikinizin də siyasi xarakteriniz və xasiyyətiniz eynidir?

– Mənim çoxlu siyasi rəqiblərim var. Təəssüf ki, Azərbaycanda siyasi rəqabət çox vaxt düşmənçiliyə keçir. Ona görə də hamıya söz atırlar, hamıya ləkə yaxmağa çalışırlar. Mən kiməsə ləkə yaxmaq, böhtan atmaq istəməmişəm. Sadəcə, o insanların tərbiyəsi belədir. Sosial-demokratlar siyasi səhnəyə atılandan azərbaycançılıq ideyasını əsas götürüb. Biz azərbaycançılıqdan danışanda hamı bizi söyürdü. Sonradan hər yerdə anti-təbliğat aparmağa başladılar ki, biz qərbpərəstik, Qərbə işləyirik. Azərbaycan mentaliteti bizdə yoxdur, ona görə də partiyanın gələcəyi də yoxdur. Sonradan özləri Qərbə çıxdılar, yavaş-yavaş Qərb dünyasını gördülər. Sonradan çevrilib dedilər ki, biz ruspərəstik. Daha sonra bizim siyasi rəqiblərimiz Rusiya ilə can-ciyər oldular. Xalq Cəbhəsinin Rusiyadakı səfiri, baş nazirin müavini olan Hikmət Hacızadə deyirdi ki, bizim Rusiaydakı demokrat qardaşlarımız və dostlarımız var. Sonra bizi İran tərəfə itələdilər. (gülür) Dedilər, Araz Əlizadə İran casusudur. Daha sonra özləri də İranla müəyyən münasibətlər qurdular. Mühacirət dövründə mən Türkiyədə yaşayırdım. Həmin zaman da dedilər ki, Araz türkpərəstdir. Və bütün bunların hamsını nəzərə alanda məlum olur ki, mən elə əsl Azərbaycanpərəstəm.



– Amma indi də Rusiyaya meyilli adam kimi tanınırsınız, “beşinci kolon” hesab edənlər də var.

– Görəsən, mən Rusiyaya meyilli siyasət apardığımı deyən insanlardan hansısa biri Yeltsinə açıq məktub yaza bilərdimi? Mən Yeltsinə açıq məktub yazmışdım ki, istefaya getməlidir. Çünki keçmiş SSRİ-də bütün demokratik hərəkatlar Rusiyadan nümunə götürürdülər. Yeltsinin Rusiyada hakimiyyətdə olması ona gətirib çıxardı ki, yerlərdə demokratiya yoxdur.

– Söhbət Yeltsinin vaxtından yox, bu gündən gedir...

– Bir misal gətirsinlər ki, sən Rusiyaya meyilli siyasət aparırsan. Mən beynəlxalq təşkilatlarda da deyirəm ki, 366-cı alay ermənilərdən ibarət olub, lakin yaddan çıxarmayın ki, bu, Rusiya ordusundan ibarət idi.

Putin Rusiya üçün çox iş görüb, lakin Yeltsinin günahlarını yumaq fikri yoxdur. İndiyədək ermənilərə dayaq durublar. Keçən həftə burda başda Kalaşnikov olmaqla Rusiya Duması komitəsinin nümayəndə heyəti vardı. Mən Leonid İvanoviçlə danışanda dedim ki, anlamıram, sizdə hələ də bütpərəstlik qalıb? Siz axı xristiansınız. Lakin sizdə bütpərəstliyin izləri qalıb. Məsələn, Hindistanda inəklər müqəddəsdirlər. Sizin isə müqəddəs inəyiniz ermənilərdir. Nə üçün Ermənistan nə edir, dözürsünüz? Bu barədə oğlum Səməd Əlizadə Cenevrədəki çıxışında da danışmışdı.

Mən də siyasətə gələndə bir çoxları kimi çəhrayı eynək taxmışdım. Elə bilirdim bütün Qərb dünyası – Avropa da daxil olmaqla çalışır ki, Azərbaycanda demokratiya olsun, vətənimiz çiçəklənmiş ölkə olsun. Sonra isə gördüm ki, elə deyilmiş.

– Araz bəy, siz Sorosdan qrant almısınız?

– Allah eləməsin. Sorosdan qrant almağı Azərbaycan xalqının düşmənlərdən qrant almağa bərabər tuturam.

– Axı qardaşınız Zərdüşt Əlizadə orda idarə heyətinin üzvü olub...

– Bu məsələyə görə mən çox təəccübləndim. Çünki Sorosla münasibətdə hər ikimizin fikri eyni idi. Biz onu xalqlara bədbəxtçilik gətirən insan kimi qəbul edirdik. Amma təbii, hərənin öz yolu var.

– İndi belə hesab edirsiniz ki, qardaşınız düşməndir?

– Xeyr, mən dedim ki, Sorosdan qrant alanları düşməndən pul alanlarla bərabər tuturam. Ümumiyyətlə isə mən Zərdüşt və onun fəaliyyəti haqqında danışmaq istəmirəm.

– Ümumiyyətlə, heç bir yerdən qrant almamıınız?

– Heç vaxt heç bir yerdən qrant almamışam. Qanuna görə, siyasi partiyalar qrant ala bilməzlər. Mənsə qanuna tabe insanam. Və əgər sən xaricdən maliyyələşirsənsə, onların tapşırığını yerinə yetirməlisən. Başları xarab olmayıb ki, durduqları yerdə sənə pul versinlər?

– Araz bəy, Milli Məclisdə qanunların müzakirəsi zamanı deputatların səviyyəsi necədir, sizi qane edirmi?

– Siz Milli Məclisdə ancaq plenar iclasları görürsünüz. Amma bilmirsiniz ki, qanun necə qəbul olunur. Əvvəl qanun layihəsi hazırlanır, onun üzərində hər bir deputat işləyir. Sonradan qanun layihəsi bir neçə dəfə komitələrdə müzakirə olunur. Bu zaman gərgin mübahisələr gedir. Hərə müzakirə olunan qanun haqqında təkliflərini verir, öz ideyalarını müdafiə edir və s. Sonradan biz həmin qanun layihələrinə çoxlu əlavə və dəyişikliklər edirik. Sonra layihə ekspertlərə gedir.

– Ekspertlər kimlər olur?

– Onlar Milli Məclisə müxtəlif nazirliklərdən, Prezident Admistirasıyasından gəlirlər. Bundan sonra təklif qəbul olunarsa və ya olunmazsa, yenidən danışıqlar başlanır, nəyəsə nail oluruq, nəyəsə nail olmuruq. Plenar iclasa isə yalnız komitələr tərəfindən ekspertlərlə birgə razılaşdırılmış qanun layihəsi çıxarılır. İkinci oxunuşda ora çoxlu təkliflər verilir və bu bir daha müzakirə edilir. Üçüncü oxunuşda isə deputatlar qanunu qəbul edirlər. Üçüncü oxunuşda cıxış edən deputatlar məhz camaat üçün danışır. Bu zaman izləsəniz, görərsiniz ki, heç bir təklif yenidən səsə və müzakirəyə qoyulmur.

Ümumiyyətlə, parlamentdə çox vaxt müəyyən prosedurlar pozulur. Qanuna görə birinci oxunuşunda ancaq konsepsiyaya fikir bildirilməlidir, razıyıq və ya razı deyilik. Maddələr isə birinci yox, ikinci oxunuşda müzakirə olunmalıdır. Üçüncü oxunuşdakı çıxışın isə artıq heç bir mənası yoxdur.

– Deputatın cəmiyyətdə tanınması şərtdirmi? Saysaq, 10-15 deputatı xalq tanıyır, ya tanımır.

– Əksər deputat ona görə çıxış edir ki, onun haqqında yazsınlar, danışsınlar. Amma düşünmürəm ki, cəmiyyət 10-15 deputatı tanıyır. Məncə, daha çox olar. Həm də deputat niyə tanınmalıdır ki? Deputat aktyor, müğənni, şoumen deyil ki...

– Axı xalq tərəfindən seçilibsə tanımalıdır.

– Xeyr, xalq yox, onu seçən seçici tanımalıdır.

– Məsələn, Fazil Mustafanı bütün xalq tanıyır.

– Fazil bəyin saytlarda, sosial şəbəkələdə özünün bloqu var. Mən isə sosial şəbəkələrdə yoxam və olmaq fikrim də yoxdur.

– Yadıma gəlir, prezident seçkiləri vaxtı Feysbukda status yazmışdınız ki, əziz seçicilərim, efirdə çıxışımı bəyənsəniz, fikirlərinizi bura yazarsınız. Bir nəfər layk eləmişdi, iki nəfər də rəy yazıb sizin haqqınızda biədəb söz demişdi...

– Mən heç vaxt sosial şəbəkələrdə olmamışam. Mənim əvəzimə kimsə bunu yazıb yaymışdı.

– Maraqlıdır, millətçilərə münasibətiniz necədir?

– Mənfidir. Çünki digər millətlərə yuxarıdan aşağı baxırlar. Tutaq ki, biri bar-bar bağırır ki, mən millətçiyəm. Amma araşdırıb görün o adam əvvəllər kim olub? Kommunist və beynəlminəlçi. Dondan-dona girən insanlara hörmət etmirəm. Meydan hərəkatından çıxan millətçilərin əksəriyyəti Kommunist Partiyasının üzvü olublar, beynəlmiləlçi olublar. O millətçilər həmin zaman mən beynəlminəlçiyəm deyiblər, ya yox? Axı belə deməsəydi, Kommunist Partiyasının üzvü ola bilməzdi.

Mən də millətimi sevirəm. Amma heç vaxt demirəm ki, mənim millətimdən başqa millət millət deyil. Millətçi olmaq o demək deyil ki, sən başqalarını alçaltmalısan. Və çox qəribədir, bizim millətçilər Azərbaycan yox, türk millətçiləridirlər. Biz isə türk deyilik, azərbaycanlıyıq.

– Bunu nəyə əsasən deyirsiniz?

– Əzizim, götürün antropoloji kitablara baxın. Azərbaycanlılar Hind-Avropa irqinə, türklər isə sarı irqə mənsubdurlar. Antropologiya riyaziyyat kimi dəqiq elmdir. Yeni bir elm var: qaploqrup. Bizdə bununla məşğul olan yoxdur. Amma internetə daxil olun və görərsiniz ki, qana görə hansı millət hansına yaxın və hansı millətdən uzaqdır. Biz türkdilliyik və dünyadakı ən mükəmməl türk dili bizdədir. Amma türk deyilik.

– Məsələn, Babək də türk deyil?

– Əlbəttə yox! Azərbaycanlıdır.

– Bəs Şah İsmayıl Xətai?

– O da türk deyil, azərbaycanlıdır.

– Məmməd Əmin Rəsulzadə necə?

– O, son dövründə türk olub.

– Bəs əvvəl kim idi?

– Özünüz baxın, oxuyun. Elə hamısın mən deməliyəm ki, sabah da məni söyəsiniz? (gülür) Ümumiyyətlə, insan özünü nə sayırsa odur. Siz özünüzə türk deyirsinizsə, türksünüz. Kim özünü moltanı hesab edirsə moltanıdır... Mən isə özümü azərbaycanlı hesab edirəm və bununla fəxr edirəm.

– Azərbaycanlı sözü nə vaxtdan işlənməyə başlayıb?

– Hələ biz İran tərkibində olanda Azərbaycan torpaqları vardı. Mənim bayaqkı sözüm dünyada da qəbul olunub: kim özünü hansı millətdən hesab edirsə odur. Yenə deyirəm: siz özünüzü türk sayırsınızsa, buna hörmətlə yanaşıram. Amma demək ki, fars, rus pisdir, doğru deyil. Ona görə hesab edirəm ki, millətçilik pis şeydir.

– Araz bəy, neçə övladınız var?

– Üç övladım vardı, ikisi qalıb. Bir oğlum 33 yaşında yatdı, durmadı.

– Xəstəliyi vardımı?

– Yox.

– Bir oğlunuz da sizin partiyada müavininizdir. Başqa bir kadr tapmadınızmı?

– Mən hər yerdə gəncləşdirilmənin tərəfdarıyam. Bizim qurultayda da dedim ki, yaşlı həmkarlarımız namizədliyini versə, hörmət əlaməti olaraq, şübhəsiz ki, onlara səs verənlər daha çox olacaq. Ona görə də xahiş elədim ki, özləri bəri başdan namizədliyini verməsinlər. Belə olan halda partiyanin rəhbərliyində gəncləşmə baş verdi və gənc namizədlərdən də biri oğlum Səməd Əlizadə idi. Biz siyasi münasibətlərlə, işimizlə ata-oğul münasibətlərini qarışdırmırıq. Səməd savadlı gəncdir, siyasi cəhətdən beynəlxalq konfranslarda Qarabağ məsələsi ilə bağlı tutarlı çıxışlar edir və s.

– Bəs o biri oğlunuz nə işlə məşğuldur?

– Burda deyil, Ukraynada yaşayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.