Erməni olsaydım, məni Rusiyadan sürgün etməzdilər… - Həmşinli
23-12-2017, 10:51
…lakin erməni saxtakarlığı həqiqətən də sərhəd tanımır. Həmşinlilərin əcdadlarının bölgəyə Mərkəzi Asiya-Xorasan-Anadolu marşrutu ilə köç etmələri tarixi sübutlarla təsdiqlənsə də, bu, erməni və ermənipərəst tədqiqatçıları, o cümlədən adı çəkilən Aliyə Altı da ciddi narahat edib. Odur ki, o, erməni məntiqinə söykənərək çıxış yolunu Xorasanın da “qədim erməni şəhəri” olduğunu, ermənilərin isə regiona Uzaq Şərqdən gəldiyini (!) iddia etməkdə görüb: “Xorasan bölgəsi keçmişdə Uzaq Şərqin və İran imperatorluğunun digər əraziləri arasında mədəniyyət və elm körpüsü kimi tanınırdı… Böyük kitabxanası və şahmat fiqurları kimi inşa edilmiş Nişapur şəhəri əslində həmşin ermənilərinin ilk yaşadıqları bölgə olub”.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən ”Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:
(Əvvəli burada)
Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri
“Bizi bilməyən nə bilsin,
Bilənlərə salam olsun!”
Yunus Əmrə
“Nə doğrarsan çanağuna, o gəlur kaşığuna”
Həmşin atalar sözü
Türkiyənin Həmşin bölgəsinin tarix və etnoqrafiyası, əhalisinin alloxton (gəlmə) və ya avtoxton (yerli) olması, buradakı insanların etnogenezi və etnik mədəniyyəti ilə bağlı məsələlər siyasi maraqlar üzündən mürəkkəbləşdikcə Ayın görünməyən tərəfinin öyrənilməsi daha asan həll oluna biləcək problem kimi görünür. Həmşinlilərə «homşetsi», «amşen», «ermənilərin subetnik qrupu», «zorla müsəlmanlaşdırılmış ermənilər», «Həmşin erməniləri», «etnik kimliklərini unutmuş ermənilər», «türkləşmiş ermənilər» və digər bu kimi dramatik ləqəblər qoşan Ermənistan tarixşünaslığı və etnoqrafiyası «beşinci kolon»un keçmişinə dair iddialarını yenə də faktlara deyil, nağıl və rəvayətlərə bağlayır. Onların qənaətinə görə, qədim dövrlərdə bu ərazilərdə halib (hald, halitu) tayfaları yaşamış və erməni xalqının təməlini qoymağa başlamışdır. Hətta xilafət yürüşləri belə sözün həqiqi mənasında xalq yaradıcılığı prosesinə mane ola bilməmişdir. Lakin VIII əsrin ikinci yarısında islam dini bölgədə möhkəmlənəndə Şapux Amatuni adlı «erməni hökmdarı» xristian təbəələrini «zorən islamlaşmaqdan qorunmaq» məqsədilə onları İsa Məsih yolunda qılınc çalmaqdan qorxan 12 minlik «qalibiyyətli» erməni ordusu ilə birgə baş götürüb dağlara – «qədim erməni torpaqlarına» çəkilmişdi. Burada isə hətta erməni mənbələrində adı keçməyən mifik «Həmşin knyazlığı»nın təməlini qoymuşdu. Elə həmin rəvayətə görə, sonralar Şapux Amatuninin oğlu Hammam hakimiyyəti atasından almış və bu ərazilər onun şərəfinə əvvəlcə «Hammamşen», sonra isə «Hamşen» adlandırılmışdır. Yerli ermənilər isə adı heç bir dəftərə düşməyən sevimli Hammamın adını tarixdə əbədiləşdirmək üçün özlərinə «Hammamşenhay» və ya «hamşenahaer», yəni «Hammamın erməniləri» demişlər. Vəssalam! Ermənistanın Həmşin tarixi versiyası cəmi bu bir neçə cümlənin çoxsaylı variantlarından ibarətdir.
Lakin bu rəvayət faktoloji təsdiqini tapmayanda erməni əsilli tarixçilər konspirologiyaya qurşanaraq Həmşinin folklor nümunələri içərisində cidd-cəhdlə «erməni kimliyini təsdiqləyən gizli motivlərin» axtarışına çıxır, tapmadıqda isə yeni «qədim folklor nümunələri» uydururlar. Məsələn, əslən həmşinli olan, hazırda Almaniyanın Frankfurt şəhərində yaşayan Aliyə Alt əlli yaşı tamam olduqda birdən-birə zatının «erməni olduğunu dərk etmiş», Ermənistana səfərlərindən sonra «Kimliyə dönüş» proqramına qoşularaq «Qərbi Ermənistan torpaqlarındakı Həmşin ermənilərinin» tarixini öyrənməyə başlamışdır. Onun etiraflarına görə, «erməni kimliyinə qayıtmasında» anasının hikkəsi və atasının gözüqıpıqlığı müstəsna rolu olmuşdur: «Anam atama hirslənəndə ona həmişə «Sən ermənisən!» deyərdi». Beləliklə, Aliyə həmin söyüş vasitəsilə özünün erməni etnik kimliyini aydın dərk edə bilmişdir. Nəticədə, o, müasir erməni tarixşünaslığının saxtakarlıq ənənələrini mənimsəyərək, «Həmşin ermənilərinin» tarixini daha qədim dövrlərə aparır, onları Tövrat rəvayətləri, «əslən erməni olan» (!) Nuh peyğəmbərin iki oğlunun şəcərəsi ilə bağlamağa çalışır. Məlum olur ki, həmşinlilər Qara dəniz bölgəsinə «qədim erməni torpaqları» olan Ağrı dağının ətəklərindən, Ərzurum və Qars bölgəsindən köç ediblər: «Bu köç daha çox əfsanələrdə, səyyahların nəql etdikləri (nədənsə «qələmə almadıqları» – A.Q.) hadisələrdə əks olunmuşdu. Əfsanəyə görə, «Ham» və «Sem» (Tövratda «Ham» və «Sim») adlı iki erməni qardaş Çoruh və Kaçkar dağlarının Qara dənizə yaxın bölgələrində, dərə kənarlarında məskunlaşmış, zaman keçdikcə onların nəsli artmış, daha sonra dörd qola ayrılaraq ətrafa yayılmışdır». Bununla belə, hələ qondarma «erməni soyqırımı»ndan çox-çox əvvəl, 1873-cü ildə Rusiya Coğrafiya Cəmiyyətinin illik toplusunda Həmşin bölgəsi Qafqaz ərazilərinə daxil edilmiş və burada bir erməni kilsəsinin olduğu, 82 nəfər xristian erməni və yunanın yaşadığı bildirilmişdir. Erməni keşişi Poqos Ter-Tumanyan isə 1870-ci ildə dərc etdiyi məqalədə 1869-cu ildə Həmşin bölgəsində cəmi 24 evdə 88 erməninin məskunlaşmasını, bir il sonra isə onların sayının 23 nəfərədək azaldığını qeyd etmişdir.
Lakin VIII əsrdə yaşamış erməni salnaməçisi Gevond «Xəlifələrin tarixi» əsərində nə adlarını çəkdiyi, nə də etnik mənsubiyyətlərini göstərdiyi yoxsul qəbilələrin Gürcüstan ərazilərindən axan Çoruh çayını keçərək Bizansa daxil olmasını qeyd etmiş, imperator IV Konstantin təqribən 780-797-ci illər arasında onlara indiki Həmşin torpaqlarında məskunlaşmağa icazə verdiyini xatırlatmışdı. Türkiyəli tarixçi Nəzmi Avçı da Gevondun salnaməsinə istinad edərək, həmşinlilərin əcdadlarının bölgəyə miqrasiyasının iki mərhələdə baş verdiyini göstərmişdir. Bununla belə, onun qənaətinə görə, ilk mərhələdə – 620-ci ildə oğuz tayfaları Hamam bəyin başçılığı ilə Kaçkar (Qoçqar) dağının ətəklərində binələr salmışdılar. İkinci mərhələdə – 780-ci ildə isə digər oğuz köçkünləri onların ardınca buraya gələrək, indiki Hopa bölgəsində daimi məskən salmışdılar. Erməni etnoqrafı L.Xaçikyan bu fikirlərlə qətiyyən razılaşmır. O da «ermənilərin» Həmşin ərazisində məskunlaşmasını xilafət yürüşləri və regiona islam dininin nüfuz edilməsi ilə əlaqələndirir. «Həmşin ermənilərinin tarixindən səhifələr» adlı kitabında o bildirir ki, «tarixi erməni torpaqlarının» ərəblər tərəfindən işğalından sonra buradakı xristian xalqın vəziyyəti o dərəcədə ağırlaşmışdı ki, onlar əlacsız qalıb Həmşin bölgəsinə köç etməyi qərara almışdılar…
Erməni təbliğatının bütün səylərinə baxmayaraq, «həmşinli» sözü xalq, tayfa, etnos bildirən söz – etnonim deyildir. Bu kəlmə Türkiyənin etnik müxtəlifliyi ilə seçilən Həmşin bölgəsinin bütün əhalisinə verilən ümumiləşdirici ad – etnoxronim və ya etnikondur. Məsələn, «ankaralı», «anadolulu», «qarabağlı», «qafqazlı» və s. kimi. Belə ifadələrə elmi terminologiyada bəzən «jantile» (fr. gents - «adamlar») də deyilir. Bütövlükdə isə bu kəlmələr etnik, irqi və dini fərqindən asılı olmayaraq, toplumun konkret coğrafi əraziyə mənsubiyyətini ifadə edir. Görkəmli türk alimi Fəxrəddin Kırzıoğlu həmşinlilərin türk kökənli toplum olduğunu və 2200 il əvvəl Cənubi Azərbaycanın indiki Həmədan bölgəsindən köç etdiyini bildirir. Özlərini etnik türk kimi identifikasiya edən həmşinlilərin mədəniyyət dərnəklərinin saytlarında onların oğuz türklərinin çəpni tayfasının törəmələri olduqları, bölgəyə XII əsrdə gəldikləri, 200 il ərzində bütün Qara dəniz bölgəsində yayıldıqları qeyd edilir. XVII əsrə aid anonim müəllifin qələmə aldığı «Qızılbaşlar tarixi» əsərində çəpni tayfasının məskənləri barədə deyilir: «Bu tayfa Trabzon ətrafındakı Yuxarı Canik və Aşağı Canikdəndir. Onlar Oğuz xanın oğlu Gün xanın nəslindəndirlər». Türkiyəli tanınmış tədqiqatçı Faruq Sümər «Oğuzlar» kitabında «Səfəvi xidmətində olan çəpnilərin Anadoludan gəldiklərini, onların böyük hissəsinin Trabzon çəpniləri olduqlarını» qeyd edir.
XVI əsrin sonunda yaşamış Osmanlı coğrafiyaşünası Mehmet Aşiq də «Münazir ul-əvalim» əsərində Trabzon ətrafında yaşayan türklərin böyük hissəsinin çəpni tayfasının nümayəndələrindən ibarət olduğunu, ərazinin cənub və qərb istiqamətindəki dağların da «Çəpni dağları» adlandırıldığını yazır. Bundan başqa, Osmanlı arxivlərində də 100 min çəpni türkünün orta əsrlərdə Giresun və Trabzon bölgələri arasında yerləşdirilməsinə dair məlumat vardır. Sənədlərin birində isə bildirilir ki, I Səlim və ya Yavuz Sultan Səlim dönəminə (XVI əsr) aid dəftərdə çəpnilərin sıx yaşadıqları ərazilərdən biri «Vilayəti-Çəpni» kimi göstərilmişdir. Həmin dövrə aid digər sənədə əsasən, sultan «Şah İsmayılın qılıncından qaçan Ağqoyunlu türklərini (etnik azərbaycanlıları) Rizə və Trabzon arasındakı ərazidə məskunlaşdırmışdı».
Rizə bölgəsinə səfər etmiş alman səyyahı Karl Kox (1809-1879) Anadoluya səfər təəssüratlarında («Wanderungen durch dem Orient») həmşinlilərin etnik baxımdan türk və müsəlman olduqlarını yazmışdı. Türkiyənin tanınmış siyasətçisi və tarixçisi Yusuf Karslıoğlu da «Şərqi Qara dəniz tarixi» kitabında vurğulayır ki, bütün həmşinlilər əslən oğuz soylu qədim türklərdir. Belə ki, həmşinlilərin ulu babaları oğuz-türkmən tayfalarının bir qolu olmuş, eramızdan əvvəl 250-247-ci illərdə Şərqi Türküstanın Yasi (Seyid Əhməd Yasəvinin vətəni) məntəqəsindən Xorasana, oradan da tayfa birliklərinə başçılıq etmiş Maunanın rəhbərliyi ilə Həmədana dəvət olunmuş, şəhərin yadellilərdən mühafizəsi onlara həvalə edilmişdi. Burada təqribən 360 il müddətində yaşayan oğuzlar salnamələrdə «hamadunilər» kimi qalıblar. Sonralar şimal-qərbə doğru yürüş etmiş, indiki İrəvanın 40 kilometrliyində olan Abaran vadisində, Qars və Naxçıvanda – Arpaçay sahillərində məskunlaşmışlar. Y.Karslıoğlu onu da vurğulayır ki, onların tarixi vətənində – Şərqi Türküstanda «həmşin» kəlməsi «dağ başındakı yaşayış məntəqəsi» anlamını verir. Türkiyəyə köç etmiş oğuzlar tarixi vətənlərinin adlarını da özləri ilə gətirmişlər.
F.Kırzıoğlu həmşinlilərin əcdadları olmuş oğuzların «Azərbaycan marşrutu» – Cənubi Azərbaycan-Qərbi Azərbaycan-Anadolu-Qara dəniz bölgəsi xətti ilə Türkiyə ərazisinə köç etməsi qənaətindədir. O yazır ki, «Həmşinlilərin çaldıqları tulum (Azərb. «tuluq zurnası»), oynadıqları horon (yallı, halay rəqslərinin variantı), bellərinə bağladıqları qurşaq formaları, şəxs adlarının türkcə olması kimi bir çox etnik mədəniyyət əlamətləri onların etnik türkman olduqlarını sübut edir». Həmşinli tədqiqatçılardan Sərvət Güzey və Murat Ümit Hiçyılmazın gəldiyi qənaətə görə, bölgə xalqlarının qarşılıqlı mədəniyyət mübadiləsi nəticəsində köklü həmşinlilərin – çəpni və Ağqoyunlu türklərinin, qıpçaq və kumanların dillərinə erməni kəlmələri daxil olmuşdu. Həmşinlilərin əcdadlarının Xorasan türkləri olduqlarını, Cənubi Azərbaycanın Həmadan şəhəri ətraflarından köç etdiklərini, əvvəlcə Göyçə gölü və Alagöl arasındakı ərazilərdə məskunlaşdıqlarını vurğulayan bütün tədqiqatçılar onların 620-ci ildə buranı tərk edərək Türkiyə ərazisinə – Kaçkar (Qoçkar, Qoşkar) dağı ətəklərinə gəldiklərini bildirirlər. Otuz ildən çox müddət ərzində Həmşin tarixi üzrə araşdırmalar aparan Ali Taşpınar həmşinlilərə, etnik kimliyini saxtalaşdırmaq istəyənlərə bu cavabı vermişdir: «Həmşin coğrafiyasında yaşayanlar türkmanlardır. Onlar dünən də, bu gün də türkcə danışırlar. İnanc baxımından əvvəllər əski türk dinlərinə, sonra xristianlığın qriqorian məzhəbinə tapınmışlar. Hazırda isə yenə müsəlmandırlar. Bölgənin ərazisində bu inancların əlamətlərinə rast gəlinir». Çamlıhəmşin Ətraf Mühit və Turizm Dərnəyinin sədri Ömər Altun Türkiyədə həmşinlilərin «erməni» kimi təqdim olunmasına etiraz olaraq bunları yazır: «Biz həmşinlilər çox diqqətli və ayıq olmalıyıq. Çünki bizi təhlükəli oyuna salırlar. Həmşinliləri erməni və xristian edirlər. Bu, cəhalətdir. Həmşinlilər oğuz türkləridir. Miladdan sonra 620-ci illərdə Orta Asiya, İran, Xorasan üzərindən döyüşçü və köçəri heyvandar olaraq gəlib burada yerləşiblər. Burada ermənilər də yaşayıblar. Amma «ermənilər yaşayıblar» deyib bu torpaqlarda məskunlaşan hər kəsi «erməni» adlandırmaq yanlış düşüncədir».
Lakin erməni saxtakarlığı həqiqətən də sərhəd tanımır. Həmşinlilərin əcdadlarının bölgəyə Mərkəzi Asiya-Xorasan-Anadolu marşrutu ilə köç etmələri tarixi sübutlarla təsdiqlənsə də, bu, erməni və ermənipərəst tədqiqatçıları, o cümlədən adı çəkilən Aliyə Altı da ciddi narahat etmişdir. Odur ki, o, erməni məntiqinə söykənərək çıxış yolunu Xorasanın da «qədim erməni şəhəri» olduğunu, ermənilərin isə regiona Uzaq Şərqdən gəldiyini (!) iddia etməkdə görmüşdür: «Xorasan bölgəsi keçmişdə Uzaq Şərqin və İran imperatorluğunun digər əraziləri arasında mədəniyyət və elm körpüsü kimi tanınırdı… Böyük kitabxanası və şahmat fiqurları kimi inşa edilmiş Nişapur şəhəri əslində Həmşin ermənilərinin ilk yaşadıqları bölgə olmuşdu». Əlavə şərhə ehtiyac yoxdur. İstanbul Bilgi Universitetindən erməni əsilli Talin Büyükkürkciyan isə Aliyə Altdan geri qalmaq istəməmiş, həmşinlilərin guya məhz «erməni kimliyi» üzündən həm Osmanlı dövlətində, həm də Türkiyə Cümhuriyyətində «daim psixoloji təzyiq» içərisində yaşadıqlarını iddia etmişdir. Həzin notlarla qələmə aldığı «Həmşinlilərin unutmaq və gizlənmək yolu ilə mövcud olması» adlı tragidramatik monoqrafiyasında «erməni camaatının» (müsəlman həmşinliləri nəzərdə tutur) aramsız psixoloji təzyiqlər nəticəsində «kimlik zədəsi» – amneziya keçirdiyini, bu səbəbdən övladlarından öz erməni mənşələrini gizlətdiklərini, onu anlatmaqdan çəkindiklərini, «böyüyəndə başa salaram» deməyə məcbur olduqlarını bildirir. Bir tərəfdən həmşinliləri «ermənicə danışan və islam dəyərlərinə sahib çıxan millətçi toplum», «etnik kimlik assimilyasiyasına müqavimət göstərən əhali» adlandıran T.Büyükkürkciyan digər tərəfdən onların məruz qaldıqları «psixoloji tavmanın» nəticələrini belə izah edir: «Həmşinli uşaqlar ata-babalarının qorxunc keçmişləri olduqlarına inanır, gərginlik içərisində böyüyür, bəlkə də, heç böyümək belə istəmirlər».
Müsəlman həmşinlilərin erməni (xristian) identikliyinə qayıdışını «əsaslandıran» «tarixi misallardan» biri 2013-cü ildə «Müsəlmanlaş(dırıl)mış ermənilər» mövzusunda İstanbulda keçirilmiş beynəlxalq konfransda səsləndirilmişdir. Mərmərə Universitetindən olan tədqiqatçı Serap Dəmir çıxışında heç bir tarixi mənbə göstərmədən belə bir «olmuş hadisəni» konfrans iştirakçılarının diqqətinə çatdırmışdı: «1775-ci ildə venesiyalı mixitarist Poqos Mehedyan Ərzurumda bir keşişə xidmət etmişdi. Həmşində bir müsəlman ailənin yanında qalan keşiş günlərin birində uzaqdakı bir işığı Poqosa göstərərək demişdi: «Bu, müsəlman ailəsinin atalarından qalma bir adətidir. Onlar hər cümə axşamı İncilin şərəfinə şamlar yandırırlar. Ailə altmış il əvvəl 1715-ci ildə müsəlmanların zülmündən qorunmaq üçün islamı qəbul etmişdi». Digər bir misal. 2017-ci ilin iyul ayında Moskvadakı Erməni Muzeyi və Millətin Mədəniyyəti Mərkəzində (?) «erməni məsələsinin» Rusiyada fəal təbliğatçısı, hüquqşünas və kulturoloq, əslən Trabzon ermənisi olan İnessa Taşyan ilə görüş keçirilmişdir. Qeyd edək ki, İ.Taşyan Moskvada Ermənistan-Rusiya-İran üçtərəfli mədəni əməkdaşlığa dair tədbirlərin də əsas təşkilatçılarından biri hesab olunur. Görüşdə İ.Taşyan Türkiyədəki «islamlaşdırılmış həmşinlilərin acı taleyi» barədə danışarkən 2016-cı ildə «Qərbi Ermənistan ərazilərinə» – Rizə, Hopa, Artvin, Batumi, Ankara və Acarıstana (?) elmi ekspedisiyasının nəticələrinə toxunmuş, həmşinlilərin «zorən assimilyasiyasının» xüsusiyyətləri barədə məlumat vermişdir. Aşağıda onun həmşinlilərə dair «elmi qənaətlərinin» bəzilərini diqqətinizə çatdırırıq:
- «həmşinlilər arasında sosialistlər (solçular) çoxdur. Karl Marksın «Kapital» əsəri onların stolüstü kitabıdır»;
- «islamlaşdırılmış həmşinlilərin böyük hissəsi bu gün özünü nə türk, nə də erməni hesab edir. Halbuki, Türkiyənin hakim ideologiyası onları əcdadlarının Mərkəzi Asiyadan çıxmış türk tayfaları olmasına inanmağa məcbur edir»;
- «həmşinlilərin dili qədim qrabarın bir dialektidir»;
- «Həmşində bir qoca qarı məndən soruşdu: «Sən bizim kəndin dilini (erməni dilini) haradan bilirsən?» Mən cavab verdim: «Bu, mənim ana dilimdir». Qarı «Ola bilməz! – deyə heyrətləndi: «Bu dildə ancaq bizim kənddə danışırlar»;
- «həmşinlilər assimilyasiya və məhv olma riski ilə üzləşən etnosdur (?). Türkiyənin kriptoermənilərə yönəlik siyasəti həmşinliləri də hədəfə almışdır»;
- «Perspektivdə Ermənistan və erməni diasporasının həmşinlilərlə əlaqələri daha da gücləndirməlidir».
«Bozqır çöllərinin atlı köçəriləri. Həmşinlilər» kitabının müəllifi, həmşin tarixinin tanınmış araşdırmaçısı Rəmzi Yılmaz həmşinlilər arasında erməni kimliyi təbliğatına qarşı mübarizənin öncüllərindən biri sayılır. O, həmşinlilərin bəzi erməni sözlərini işlətməsini bir neçə amillə əlaqələndirir. Onların əsası isə həmşinlilərin bir hissəsinin islamdan əvvəlki dini mənsubiyyəti ilə bağlıdır: «Həmşinlilərin babaları xristian dininə – qriqorian məzhəbinə tapınan oğuz tayfaları olmuşlar. Əslində, bu məzhəbin yaradıcısı olmuş Müqəddəs Qriqori də onlardan biri idi… Sonralar qriqorian oğuzlar erməni kilsəsinə, ortodoksları isə gürcü kilsəsinə bağlanmışlar». R.Yılmazın araşdırmalarına görə, müasir həmşinlilər oğuzun üçox qoluna bağlı bayandur tayfalarının törəmələridirlər. Qriqorian türklər dini ayinləri ermənicə icra etdikləri üçün bir çoz sözlər onların leksikasına daxil olmuşdu. Tədqiqatçı Turgut Günay isə «Rizə və ləhcələri» kitabında həmşinlilərin balkar kökənli türk olmalarını, başqırd və qazaxlara aid bir çox adət-ənənənin bu günədək yaşatdıqlarını xüsusi vurğulayır.
Maraqlıdır ki, müasir Ermənistanda «Həmşin sevgisindən» danışanda bir məsələni xatırlamaqdan çəkinirlər. Ötən əsrin 80-ci illərinin sonlarında, SSRİ məkanında, xüsusilə Mərkəzi Asiyada etnik zəmində süni qarşıdurmalar və ərazi iddiaları başlananda Qazaxıstanda yaşayan müsəlman həmşinlilərin bir qismi ailələrinin təhlükəsizliyini qorumaq üçün Ermənistana köç etməyi qərara almış və bu barədə SSRİ rəhbərliyinə müraciət etmişdilər. Lakin həm rəsmi Moskva, həm də Ermənistan SSR hökuməti buna kəskin reaksiya vermiş, «gəlmə müsəlmanlarla yerli xristian əhali arasında qarşıdurmanın yarana biləcəyini» əsas götürərək onların xahişlərini rədd etmiş, müsəlman həmşinliləri «erməni» kimi tanımamışdır. Əslində, imtinanın səbəbi həmin müsəlmanların özlərini «erməni» kimi deyil, Axıska türkləri ilə yanaşı «etnik türk» kimi identifikasiya elmələri olmuşdu.
Yuxarıda adı çəkilən tədqiqatçı Rəmzi Yılmaz Ermənistanın Həmşin bölgəsinə və onun köklü əhalisinə olan marağının digər səbəbinin Azərbaycanla əlaqəli olduğunu xüsusi vurğulayır. O yazır ki, «Sovetlər dönəmində «daxili və xarici təhdidlərdən qorunmaq üçün» sürgün edilən həmşinlilərə Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda yerli əhali «Siz bizim qan qardaşlarımızsınız» deyib bağırlarına basmış, evlərini, əşyalarını, tarlalarını, qoyun və atlarını onlarla bölüşmüşlər… Son illərdə ermənilərin bölücülük və irqçilik fəaliyyəti Türkiyədə də müşahidə olunmaqdadır. Onların əsas hədəfləri isə gənclərdir. Məqsədləri aydındır. Bu insanları Azərbaycanın Qarabağ bölgəsinə gətirmək, daha sonra Azərbaycandakı türk qardaşlarımıza qarşı savaşda istifadə etmək niyyətindədirlər. Heç bir şey gizli qalmır!».
Bu yaxınlarda Türkiyə mətbuatında yayılan bir material da Ermənistanın «Həmşin sevgisinin» həqiqi simasının ifşasında önəmli rol oynamışdır. Vaxtilə Batumidə yaşayan və özünü «türk» adlandıran həmşinli (müsəlman), mərhum Kazım Feyzioğlu İkinci Dünya müharibəsi ərəfəsində ailəsi, digər soydaşları və Axıska türkləri ilə birlikdə Qırğızıstana sürgün edilmişdi. Dəfələrlə vətəninə qayıtmağa cəhd etmiş, nəticədə müxtəlif ittihamlarla üst-üstə 28 il müddətinə həbs cəzasına məhkum olunmuşdu. Türkiyəli jurnalistlərlə görüşü zamanı yaşı yüzü haqlasa da o, başına gələn müsibətləri dəqiqliyi ilə xatırlayır: «Həbs müddətimin 27 ilini İrəvanda keçirtdim. Ermənilər türk olduğum üçün məni buxar qazanına atmaq istəyirdilər. Yalnız rus nəzarətçilərinin sayəsində qurtula bildim». Kazım Feyzioğlu həbs müddəti başa çatandan sonra Acarıstana qayıtmışdı. Lakin burada onun nə ailəsi, nə də qohum-tanışı var idi. Türkiyəyə getmək istəsə də, icazə verməmişdilər. Burada qalmış və yenidən ailə qurmuşdu. Türkiyəyə isə yalnız 90-cı illərdə – SSRİ-nin süqutundan sonra gedə bilmişdi: «Biz həmşinli ailələr idik. Burada çox nəsillər vardı: Molloğlu, Beşiroğlu, Tataroğlu, Feyzioğlu, Salahoğlu… Stalin milləti darmadağın etdi və vaqonlara doldurdu. Həmşinlilərin sürgünü beləcə başladı». Jurnalistin «Həmşinlilərin ermənilərlə bir əlaqəsi vardımı? Bəziləri həmşinlilərin erməni olduğunu iddia edirlər» sualını eşidən kimi qəzəblə ayağa qalxan Kazım Feyzioğlu ona belə cavab vermişdi: «Yalandır. Həmşinli erməni deyildir. Sadəcə, bəzi kəlmələrimiz bənzəyir. Həmşinli erməni olsaydı, Rusiyadan, Batumidən sürgün etməzdilər…».
Həmşinlilərə həm Batumidə, həm Rusiyada, həm də Ermənistanda «türk» deyildiyini bildirən K.Feyzioğlu fikirlərinə bu əlavələri də etmişdi: «Erməni deyilik. Heç kəs bu niyyətə düşməsin. Ermənilər bizə «türk» deyir və çəkinirlər. İrəvanda həbsdən çıxdıqdan sonra bir erməni qadın jurnalisti məni axtardı. Acarıstanda görüşdük, ona da türk olduğumu dedim. Batumidə iki həmşinli gənc ABŞ-dan qrant qazanıb oraya oxumağa getmişdi. Lakin universitetdəki ermənilər onlara «həmşinli türk» deyib təhsil almaq hüquqlarını ləğv etdirə bilmişdilər. Bir gün yanıma İrəvandan iki jurnalist gəlmişdi. Dedilər ki, İrəvanda xalqların toplantısı keçiriləcək. Həmşinli heyəti istəyirdilər. Mən getmədim. Əvəzinə Hasan ağa Salihoğlunu və İsaq Qabramoğlunu göndərdim. İclas salonuna daxil olan kimi onlara «Vəhşi türklər! Rədd olun!» dedilər. Canlarını zorla qurtardılar».
(Ardı var)