Azərbaycan turizmi icra başçılarının monopoliyasındadır - Reallıq...

14-08-2015, 19:35           
Azərbaycan turizmi icra başçılarının monopoliyasındadır - Reallıq...
Azərbaycandakı istirahət məkanlarındakı bahalıqdan oralara yolu düşənlərin demək olar hamısı gileylənir. Məlum olduğu kimi, bölgələrdəki istirahət mərkəzlərinin əksəriyyəti yerli icra hakimiyyəti başçılarının monopoliyasındadır. Dövlət başçısı İlham Əliyev isə dəfələrlə sahibkarlara şərait yaradılması, eyni zamanda ölkənin neft-qaz sektorundan asılılığının minimuma endirilməsi ilə bağlı göstərişlər verib.

Bu mənada turizm sektorunun inkişafı aktuallaşıb. Verilən tapşırıqlar, görülən işlər öz yerində amma... Əmması budur ki, dəyirman hələ də öz işindədir...Yüksək məbləğ, aşağı keyfiyyətli xidmət turistləri bura cəlb etmir, əksinə uzaqlaşmalarına səbəb olur.

Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb. O qeyd edib ki, turizm sahəsindəki problem yalnız icra başçılarının monopoliyası ilə məhdudlaşmır:

“İcra başçıları özləri də turistik bölgələrə edilən müdaxilələrdən narazıdırlar. Hazırda turizm şirkətləri və başqalarının digər qurumlarla problemləri mövcuddur. Stimullaşdırma baxımından müəyyən məsələlər öz həllini tapmadığına, vergi gəlirləri, tələblər daha yüksək olduğuna görə yerlərdə turizmin inkişafı ilə bağlı problemlər yaşanır.

Digər tərəfdən, turizm hansısa obyektin işlədilməsi mənasına gəlmir. Hansısa otelin, infrastrukturun, əlverişli istirahət yerlərinin müəyyən olunması ilə nəticələnmir”.

Deputat ölkədəki turistik bölgələrin həddindən artıq bahalı olmasından da şikayətçidir: “Azərbaycanda ictimai-iaşə obyektlərində xidmət qiymətləri yüksək olduğuna görə turistlərin əksəriyyəti Gürcüstana gedir. Bunun da əsas səbəbi var. Azərbaycanın ən məşhur istirahət bölgəsində keçirəcəyi bir günlük istirahətə xərclənən vəsaitə Gürcüstanda yeddi gün dincələ bilir.

Sistemsizlik, vətəndaşa “soymaq vasitəsi” kimi baxanda həmin yerə heç vaxt turist cəlb edə bilməzsən. Çünki insanlar imkanlarına görə istirahət edirlər.

Maraqlısı budur ki, vətəndaş bu məsələdə harasa şikayət və etirazını bildirə bilmir, bunu ümumi siyasət fonunda yüngülləşdirmək imkanına sahib deyil”.

Fazil Mustafa ölkə başçısının bu sahədə atdığı addımları yüksək qiymətləndirib: “Ölkə başçısı tərəfindən regionların inkişafı ilə bağlı ciddi tədbirlər keçirilir, yol infrastrukturu yüksək səviyyəyə çatdırılır. Əvvəl lazım olan ünvana iki saata çatırdınsa, indi bir saata çatırsan. Amma istirahət mərkəzlərindəki xidmət o qədər yüksək qiymətə təklif edilir ki, məcburən oradan qaçmalı olursan. Hazırda insanlar daha çox Rusiya, Gürcüstan, Türkiyəyə üz tutur. Səbəb Azərbaycan turizm sektorundakı bahalıqdır.

Naftalanda çox yaxşı struktur yaradıldı. Hesab edirəm ki, orada da qiymətlərin tənzimlənməsi ilə insanların cəlb edilməsinə nail olunmalıdır. Bununla həm də səhiyyə turizminin inkişafı mümkündür. Bu məsələlərin hamısına kompleks baxılmalıdır. Ona görə də bu sahədəki problemi təkcə icra başçılarının monopoliyası ilə əlaqələndirməzdim.

Çox vaxt turizm obyektlərinə müdaxilə edilməsi icra başçılarına sərf etmir. Çünki onlara da gəlir səviyyəsinin yüksəlməsi, məşğulluğun artması lazımdır. Bildiyiniz kimi, turizm inkişaf etdikcə işsiz insanların işlə təminatı mümkün olur. Hətta yolun kənarında nəsə sata bilirlərsə, bunun müqabilində evlərinə qazanc aparırlar”.

Deputatın sözlərinə görə, turizm siyasətində köklü dəyişiklik olmalıdır: “Biz insanları turistik bölgələrə cəlb etmək istəyiriksə, yolda dayanan polisdən başlamış masa başında xidmət edən ofisianta qədər hamı mədəni münasibətlərin dərinləşməsinə nail olmalıdır. Əyləncə sektoru da önəmlidir.

Uşaqların əyləncəsi üçün lazım olan infrastrukturun yaranmasına, xidmətin, yeməklərin keyfiyyətinə qədər bütün məsələlər bir yerdə müzakirə olunmalıdır. Belə olmadığı təqdirdə Yunanıstanın gününə düşmüş oluruq. Bildiyiniz kimi, Yunanıstan ən yaxşı təbii və tarixi abidələrə malik ölkə kimi çox sayda turistin cəlb edilməsinə nail ola bilər. Amma ölkədə xidmət aşağı səviyyədə olduğundan insanlar Türkiyə və İspaniyaya yönəlirlər”.

Fazil Mustafa Azərbaycan turizm sektorundakı qiymətlərin vətəndaş olaraq onun özünü də qane etmədiyini vurğulayıb: “Mən bu yaxınlarda Azərbaycanın bölgələrindən birində oldum.

Çox gözəl infrastruktur salınıb, hər şey qaydasındadır. Daha sonra iki günlük Gürcüstana getdim. Təsəvvür edin, Gürcüstanda iki günə xərclədiyim vəsaitin üç qatını bir günlük Azərbaycanın turizm bölgəsində sərf etdim. Bu o deməkdir ki, adamı qaçırtmaq üçün hər cür vasitəyə əl atırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.