Azərbaycana qarşı olan “Beş Ulduz”lar...

7-03-2018, 13:40           
Azərbaycana qarşı olan “Beş Ulduz”lar...
Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi layihəsinin bir parçası olan TAP boru xəttinin İtaliyadakı hissəsinin tikintisinə ən böyük əngəl törədən bu ölkənin rusiyameylli “5 Ulduz” Partiyası parlament seçkilərində uğur qazanaraq mövqelərini möhkəmləndirib. Seçkilərdə ikinci yeri tutan “5 Ulduz” hərəkatı 30 faiz səs toplayıb.

Xatırladaq ki, şoumen Beppe Grillonun rəhbərlik etdiyi “5 Ulduz” hərəkatı və onun yaratdığı “No TAP” ictimai komitəsi illərdir, Azərbaycanın bu layihəsi əleyhinə təbliğatla məşğuldur. Onlar Avropaya uzanacaq qaz kəmərin tikintisinin çoxillik zeytun ağaclarına ziyan vuracağını bəhanə gətirərək etiraz aksiyaları keçirirdilər. Bununla da layihənin xeyli vaxt və maliyyə itkisi ilə üzləşməsinə səbəb oldular. Qeyd edək ki, “5 Ulduz” hərəkatının və onun lideri Beppe Grillonun Rusiya ilə əlaqələri barədə əvvəllər yazıb. Ümumiyyətlə, İtaliya Avropada rusiyameylli qüvvələrin siyasətdə ən güclü olduğu ölkə hesab oluna bilər. Bu ölkədə “5 Ulduz” hərəkatı ilə yanaşı ultrasağçı “Şimal Liqası” hərəkatı da açıq-aşkar rusiyameylli hesab edilir.

Bəs görəsən, bu partiyanın seçkilərdə ikinci yeri tutması onun TAP kəmərinə qarşı fəaliyyətini də gücləndirə bilərmi? Layihənin icrası ilə bağlı hər hansı ciddi problem yaşana bilərmi?

“Yeni Müsavat”ın sualını cavablandıran Elxan Şahinoğlu “5 Ulduz” Partiyasının Rusiya tərəfindən dəstəklənməsinə toxunaraq, bunun səbəblərindən danışdı: “”Rusiya son zamanlar Avropadakı populist partiyaları, eləcə də sağ radikalyönümlü partiyaları dəstəkləyir. Çünki onlar Rusiyaya qarşı sanksiyaların yumşalmasını tələb edirlər. Hətta bəziləri deyir ki, Krımı tanımaq lazımdır. Ona görə də Rusiya bu partiyaları, o cümlədən “5 Ulduz” Partiyasını dəstəkləyir".

Politoloq “5 Ulduz” Partiyasının parlamentdə daha böyük çoxluqla təmsil olunmasının TAP layihəsinin tikintisinə mane olacağını düşünmür: “Bu layihə elə bir mərhələyə gəlib çıxıb ki, artıq onun qarşısını almaq mümkün deyil. İtaliya hökuməti bu layihəyə dəstək verir, bu ölkə Avropa İttifaqına kreditlər ayırıb. Bir ara zeytun ağaclarının başqa bir bölgəyə daşınmasının əleyhinə müəyyən qüvvələr aksiyalar keçirməklə layihəyə mane olmağa çalışdılar. Ancaq ağaclar köçürüldü, heç bir problem yaşanmadı. Ona görə həmin aksiyalar da bir nəticə vermədi. Bundan sonra tikinti işləri xeyli irəliləyib. Bu mərhələdən sonra da artıq geri dönüş mümkün deyil. Mən ”5 Ulduz" Partiyasının TAP layihəsini əngəlləyəcəyini düşünmürəm. Çünki bu layihə ən çox İtaliyanın özünə lazımdır, İtaliya özü buradan qazanclı çıxacaq. Ekologiya məsələsini də ortaya atmaqla əslində onlar layihənin vaxtını uzatmaq, Rusiya boru xəttinin tikintisinə dəstək vermək məqsədi daşıyırdılar. Ancaq TAP hazırda elə bir mərhələdədir ki, bu layihəni dayandırmaq mümkün deyil".

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov da “Yeni Müsavat”a danışarkən, TAP-ın tikintisinin əngəllənməsinin mümkün olmadığını vurğuladı: “İtaliyada koalisiya hökuməti olacaq və ”5 Ulduz" Partiyasının bu koalisiyada yer alıb-almayacağı bilinmir. Ancaq bütün hallarda TAP-ın əleyhinə olan bir partiyanın daha güclü olması yaxşı bir hadisə sayılmaya bilər. Məsələyə daha fundamental baxsaq, bu boru xəttini dəstəkləyən partiyaların da parlamentdə ümumi təmsilçi sayı arta bilər. Bu məsələdə ümumi güclər balansına baxmaq lazımdır. TAP-ın reallaşmasını istəməyən bir partiyanın güclənməsi, bu istəyənlərin güclənməməsi anlamına gəlmir. Ümumi güc balansı yenə də bənzər halda qala bilər. Bir partiyanın İtaliya üçün, ümumilikdə Avropa İttifaqı üçün strateji olan bir proyekti veto etmək gücü məhdud olacaq. Bu partiyanın Rusiyaya meylli olub-olmaması spekulyasiya mövzusudur. Ancaq prinsip etibarilə Rusiya ilə Cənub Qaz Dəhlizi mövzusunda prinsipcə anlaşma əldə edilib. Artıq Rusiya buna qarşı deyil. TAP boru xəttinin İtaliyaya çıxışında problemlərin varlığı boru xəttini əngəlləməkdən daha çox, konsorsium üzvləri üçün layihənin iqtisadi və siyasi mahiyyətini artırır. Nəticə etibarilə hansısa partiyanın bu işə qarşı çıxması regional hökumətə ediləcək köməyin miqdarını artıra bilər, əlavə bir neçə parkın salınmasına gətirib çıxara bilər, enerji siyasətində kiminsə marağını bir qədər də artıq nəzərə alınmasına səbəb ola bilər. Etiraz əngəlləməkdən ziyadə, iqtisadi-siyasi maliyyəti artıracaq. Ancaq bu strateji ölçüdə olmayacaq. Bu mərhələdən sonra artıq layihənin əngəllənməsi mümkün deyil".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.