"MƏHKƏMƏDƏN, POLİSDƏN, ƏRİMDƏN ALLAHA ŞİKAYƏT EDİRƏM"

16-03-2018, 19:30           
"MƏHKƏMƏDƏN, POLİSDƏN, ƏRİMDƏN ALLAHA ŞİKAYƏT EDİRƏM"
Şikayətçi: “Fiziki, maddi-mənəvi zərərərçəkən mən, amma cərimə “Kapitalbank”a ödənir”

Təhqiqatçı: “Vətəndaşa dəymiş zərərin ödənməsi qanunda yoxdur”

Şikayətçi qadının əri isə mətbuatı təhqir edir: “Mətbuat...”

Bakı sakini 1973-cü il təvəllüdlü Mehriban Musəvi 1998-ci ildə Yardımlı rayon Nisəkələ kənd sakini 1970-ci il təvəllüdlü Cavanşir Bəkişovla ailə qurub. 1999-cu ildə bir oğlan övladları olub.

Mehriban Musəvi redaksiyamıza gələrək bildirdi ki, evləndiyi gündən bir müddət sonra həyat yoldaşı ona təzyiqlər göstərib, evə qazanc gətirməyib, əksinə qadının valideynlərindən qalan mirası dağıtmaqla məşğul olub, ona xəyanət edib: “Özü küçə al-veriylə məşğul olsa da, evə cəmi 1-2 manat pul verirdi, amma məni döyüb, yaxşı yeməklər tələb edirdi. Hacıbala Abutalıbov Bakıda küçə al-verini yığışdırdıqdan sonra o, ümumiyyətlə işləmədi. Həmin ərəfədə bizə xalamın qızı da gəlib-gedirdi. Hamiləlik müddətində mənə əl tutmaq adı ilə tez-tez bizdə qalırdı, həmin vaxt da “Azərenerji”də katibə işləyirdi. Bir gün bizə gələndə həyat yoldaşıma dedi ki, işdə imkanlı bir adamdan 2 min manat borc alıb. Dedi Cavanşir, bu borcu götür, get icarəyə mağaza götür işlət. Mən də sevindim ki, xalamqızı mənim ailə vəziyyətimin ağır olduğunu görüb, kömək eləmək istəyir. Həyat yoldaşım o borcu alıb icarəyə mağaza götürdükdən sonra xalamqızının bizdən ayağı kəsildi. Nə vaxt getdim onu mağazada gördüm. Maraqlandıqda dedi ki, borcunun dalınca gəlib. Çox sonralar qulağıma xəbər çatdı ki, bunların münasibətləri çox sıcaqlaşıb. Xalamqızı evimdə söz-söhbət yaratmağa, ailə münasibətlərimizi daha da çox gərginləşməyə başladı. Bir gün ərim evə içkili gəldi, məni döydü və xalamqızı haqqında təhqiramiz, nalayiq sözlər deyib, ələ salmağa başladı. Dedi ki, günah məndədir, xalamqızını evə buraxmışam. Onların ər-arvad münasibətləri olub.

Onu da deyim ki, mən çox sonralar bilmişəm ki, Cavanşir mənimlə evlənənə qədər bilmədiyim səbəbdən məhkumluq həyatı yaşayıb. O vaxt da düşündüm ki, o sərxoşdu, türmə həyatı yaşamış adamdı deyə belə danışır, oğlum atasız böyüməsin deyə dözdüm. Oğlum olduqdan 3-4 il sonra xalamqızı ərə getdi, iki qız övladı dünyaya gəldi. Sonralar onların mənə xəyanət etdiklərinə əmin olsam da, xalamın xatirinə xalamqızına dəstək də oldum. 2016-cı ilə qədər onların əlaqələrinin olmadığını hiss edirdim, amma son 2 ildə yoldaşım telefonda rus qadınlarla yazışmağa, sonra isə xalamqızıyla telefonda yazılı ünsiyyətləri başladı.

2017-ci ilin fevralında xalamqızı ərindən boşanmaq üçün məhkəməyə müraciət elədiyini dedi. Sonra məni aldatdı ki, guya işlədiyi Yasamal rayonu 93 saylı uşaq bağçasında müəlliməlikdən çıxıb, Binədən mal götürüb al-verə başlayacaq. Mən sonra başa düşdüm ki, o, işlədiyi uşaq bağçasında mənim onu biabır edəcəyimdən qorxub deyə, məni aldadıb. Sonradan məlum oldu ki, xalamqızı Cavanşirə 3 min manat verib, onu özündən asılı edib, mağaza açmasına köməkdar olub”.

“Polis məni döyənlərdən izahat alıb, onları buraxdı”

Şikayətçi yazır ki, 2016-cı ilin noyabrında həyat yoldaşı ona məlum olmayan səbəbdən əşyalarını toplayıb Yasamal rayonu Zahid Xəlilov küçəsi 17 ünvanında yerləşən Xəzər Dəniz Gəmiçiliyinə məxsus yataqxanaya köçüb: “Orda bir otaq kirayələmişdi. Cavanşir ora köçəndən 3 ay sonra xalamqızının həyat yoldaşı gəlib mənə dedi ki, mənim arvadım sənin ərini sevdiyini bəyan eləyib, mən belə əxlaqda olan qadınla daha bir dam altda yaşaya bilmərəm, iki qızımı da məhkəməyələ onun əlindən alacam. Keçən ilin mayında xalamqızı ərindən boşandı, amma məhkəmə atanın tələbini təmin eləmədi, iki qız anasıyla qaldı. Hazırda xalamqızı deməyə dilim belə gəlməyən o qadın həmin yataqxanada mənim ərimlə birgə yaşayır. 2017-ci ilin martın 14-ü mən həmin ünvanı tapıb ora getdim. Gördüm ki, iki qız uşağıyla bir kiçik otaqda bir yerdə yaşayırlar. Mən etiraz elədim, qışqırdım, səsimi kəsmək üçün, ərim əliylə ağzımı qapadı, xalamqızı məni tutub döydü, saçımı yoldu. Mən onların əlindən qurtulub qaçdım və Yasamal rayonu 26-cı Polis bölməsinə zəng edib, döyüldüyümü və vəziyyəti danışdım. Amma polis onlardan sadəcə izahat alıb, nədənsə heç bir tədbir görmədi”.

“Xəyanətkar ərin dalınca deyil, itirilmiş 19 ilimin ardınca gedirdim”

M.Musəvi deyir ki, hədər yerə itirdiyi 19 ilinin cəzasını xəyanətlkar ərinə verilməsi üçün onun ardınca gedib: “Oğlum 18 yaşındadır. Həkimlər onda onurğa sümüyünün ikinci dərəcəli skalyozu və kifozu olması diaqnozunu qoyublar. Bu şəkildə davam edərsə, yeganə oğlum şikəst ola bilər. Amma indiyədək heç bir atalıq borcunu yerinə yetirməyən ərimi oğlumuzun taleyi maraqlandırmır. 31 dekabr 2017-ci ildə yenidən onun qaldığı ünvana getdim. Ona atalıq borcunu xatırlatdım, evdə oğlunun xəstə olduğunu, ac-yalavac qaldığımızı, güzəranımızın ağırlığını dedim, “günə qazandığın 200-300 manatdan oğlunun müalicəsinə də ayır, heç olmasa bu bayram gecəsi oğlunun yanına qayıt” deyəndə o qadın qəflətən süfrədən qalxıb mənə hücum etdi, əlbəyaxa olduq, mənim ayağımı yuxarı hissədən necə dişlədisə, az qala bayılacaqdım. Qışqırmaq istədim, Cavanşir əliylə ağzımı tutdu. Mən birtəhər onların əlindən çıxıb, yenidən Yasamal rayon 26-cı Polis bölməsinə zəng elədim. Bölmədən məni Respublika Kliniki Xəstəxanasına ekspertizaya göndərdilər. Qançır olan ayağım, cırmaqlanmış sinəm müayinə edildi”.

“Məhkəmə qərar verdi: mənə dəymiş zərərə görə dövlətə 300 manat ödənsin”

Şikayətçi yazır ki, təhqiqat sənədlərində ekspert rəyində 16 sm-lik dərəcəsi müəyyən olunmayan xəsarət qeyd olunduğunu görərkən etiraz edib: “Mən etiraz etdikdə bölmənin təhqiqatçısı Elşad Məmmədov dedi ki, bu iş onluq deyil, ekspert rəyi belə verildiyi üçün cavabdeh tərəfə cinayət işi açılmır, işə yalnız inzibati qaydada baxıla bilər. Özü də təhqiqatçının səhvi üzündən məndən boşanmadığı halda həyat yoldaşım keçmiş ərim kimi qeydə alınıb, ərimdən etdiyim şikayət qeydə alınmayıb.
İş Bakı şəhər Yasamal rayon Məhkəməsinə verildi. 22 yanvar 2018-ci ildə Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev şikayətimə ədalətsiz baxdı. Çünki ailəmin dağılmasına, mənim və oğlumun ac-yalavac qalmağımıza, döyülüb, təhqir olunmağıma səbəb olan Sevda Mehdiyeva barəsində məhkəmə qətnaməsində qeyd olunur: Mehdiyeva Sevda Yaşar qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Bu cərimə isə dövlətin xeyrinə “Kapitalbank”a ödənib. Mənsə zərəçəkən kimi kənarda qalmışam. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayev isə 28 fevral 2018-ci ildidə verdiyi qərarla əvvəlki məhkəmənin qərarını qüvvədə saxlayıb. İnzibati xətalar Ali Məhkəməyə qəbul olunmadığına görə, mənim daha yuxarı məhkəmə instansiyasına müraciət eləmək hüququm yoxdur.

Yasamal rayonundan sahə müvəkkili Orxan Knyazov məni hədələyir ki, öz ərazimdə heç bir münaqişənin olmasını istəmirəm. Ona görə bir də ərinin yanına getsən, mən səndən yapışacam. Sahə müvəkkili və təhqiqatçı barəsində Yasamal rayon Prokurorluğuna da müraciət etmişəm, amma heç bir tədbir görülməyib.

Mən məcbur qalıb, yenidən Yasamal rayon Məhkəməsinə yazmalıyam ki, həm maddi, həm mənəvi, həm də fiziki zərər aldığıma görə, mənə maddi-mənəvi təzminat təyinatı təmin edilsin. Bu şikayətim də təmin olunmasa, mən ölkə başçısına və xanımına yazacam. Baxmayaraq ki, sadə insanların prezidentə və xanımına sözünün çatdırılmasına imkan verilmir, mən yenə də ümidimi üzmürəm və onlara şikayət edəcəm. Bu müraciətimin də faydası olmasa, məni rəzil gününə qoyan insanlar və qurumlar haqqında Allaha şikayət edəcəm. Allah haqqın yanındadır, gec-tez hər kəs öz əməllərinin cəzasını çəkəcək”.

Məsələ ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin hakimi Elşad Şamayevlə əlaqə saxladıq. Köməkçisi dedi ki, hakim məhkəmə zalındadır, sonra zəng edək. Sonra isə zənglərimizə cavab ala bilmədik.



Təhqiqatçı: Qanunla döyülmə cinayət yox, inzibati xətadır

Yasamal rayon 26-cı polis bölməsinin təhqiqatçısı Elşad Məmmədov isə dedi ki, vətəndaşın şikayətilə bağlı qanunda nə varsa tətbiq olunub. Zərəçəkənə dəymiş zərərin ödənməməsiylə bağlı məsələyə gəlincə, o, dedi: “Döyülmə faktı əvəllər Cinayət Məcəlləsinin 133-cü maddəsində qeyd olunurdu, amma sonra İnzibati Xətalar Məcəlləsində bu əks olundu. İnzibati Xətalar Məcəlləsində isə döyülmə faktına görə, 300 manat cərimə dövlətin hesabına ödənməlidir (?!-red.) Vətəndaşın narazılığına gəlincə, bu onun haqqıdır. Narazıdırsa, qanununi qaydada şikayət etsin”.

Şikayətçinin həyat yoldaşı Cavanşir Bəkişovsa mətbuatdan olduğumuzu bilincə, bağıraraq, hədə və təhqirlə danışdı.

Yazıda adı çəkilən S.Mehdiyeva ilə söhbət etmək üçün Yasamal rayonu 93 saylı uşaq bağçasıyla əlaqə saxladıq. Məktəbəqədər Təhsil müəssisəsindən cavab verildi ki, əməkdaşları işdə deyil və məsələ ilə bağlı onlara da müraciət edilib. Amma məsələ ailə-münaqişəsi səviyyəsində olduğuna görə, rəhbərliyin bu məsələyə müdaxiləsi mümkün deyil: “Hansısa düzgün olmayan hərəkət varsa, müəllim adına yaraşmayan bir hərəkət edibsə, məhkəmə qərar versin, biz onu işdən çıxaraq, əks təqdirdə biz onun müəllim kimi fəaliyyətindən narazı deyilik”.

Nigar İsmayıl

P.S. Baxmayaraq ki, şikayətçinin nə qədər haqlı olub-olmadığına biz də əmin deyilik, amma “Hürriyyət”ə qədər, onun şikayəti bir neçə tanınmış saytda yığcam əks olunub və bu məsələ kifayət qədər ictimailəşib. Təlim-təhsil-tərbiyənin başlanğıc qurumu olan bir məktbətəbəqədər təhsil müəssisəsi bu məsələdən xəbərdar olub heç bir tədbir görmürsə, qanunlar baş-ayaqdırsa, bu cəmiyyətin uğurlu inkişafına heç bir ümid qalmır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.