Şadlıq sarayı var ki, qabyuyanlar bir yana, su belə tapmadıq - REPORTAJ
2-09-2015, 21:49
Ötən gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq sarayları ilə bağlı yeni qaydalar tətbiq edib. Yeni qaydaların tətbiq edilməsi toy-nişan sahibləri üçün sevindirici hal olsa da, şadlıq saraylarının sahiblərini ciddi narahat etməyə başlayıb. Belə ki, yeni qaydalara əsasən, bundan sonra şadlıq saraylarında kiçik həcmli qabların xüsusi qabyuyan maşınlarla yuyulması, eyni zamanda, təmizlik işlərinə xüsusi diqqət verilməsi, yeməklərin saxlanması xüsusi nəzarətdə olacaq.
Belə ki, Dövlət Komitəsinin məlumatında bildirilir ki, bundan sonra şadlıq evlərində mətbəxdə qabların yuyulması iki üsulla: əl və qabyuyan maşınlar vasitəsilə aparılmalıdır. Mətbəx qazanlarının və avadanlığının əllə yuyulması üçün 3 bölümlü, şüşə qablar və mətbəx dəstlərinin yuyulması üçün iki bölümlü vannalar olmalıdır. Qaydalara görə, təmiz mətbəx qabları və avadanlıqların alt hissəsi döşəmədən ən azı 50-70 sm hündürdə olan rəflərdə, təmiz mətbəx dəstləri zalda xüsusi şkaflarda, təmiz boşqablar isə bağlı şkaflarda və ya rəflərdə saxlanmalıdır.
Yeni qaydaların tətbiq olunmasından sonra şəhərimizdə yerləşən şadlıq saraylarında təmizlik işlərinin necə olmasını, qab-qacaqların qabyuyan maşınla, yaxud əllə yuyulmasını və bir sıra məsələləri öyrənmək üçün Hafta.az-ın əməkdaşı bir neçə şadlıq saraylarına üz tutub. İlk olaraq, Binəqədi rayonunda yerləşən “Mələk” şadlıq sarayına yollandıq. Şadlıq sarayının qarşısında xüsusi geyimdə 10-larla gənc oğlanın toplaşdığını görəndə hiss olunurdu ki, onlar sarayın işçiləridir. Sarayın administratorunu tapa bilmədiyimizə görə, işçilərdən biri ilə söhbət etdik.
21 yaşlı Elvin Abdullayevin sözlərinə görə, o, həm o “ofisiant”lıq edir, həm də qab-qacaqların yuyulmasında yaxından iştirak edir. E.Abdullayev deyir ki, əvvəllər “Mələk” şadlıq sarayında qablar əl ilə yuyulurdusa, artıq bir neçə gündür ki, saraya qabyuyan maşınlar gətirilib. O, buna görə də, işinin asanlaşdığını düşünür: “Mən burada öz işimdən əlavə, qabların yuyulmasında da köməklik edib, pulumu alırdım. Amma bir neçə gündür ki, qabların əllə yuyulmasının qarşısını alıblar. Xüsusi qabyuyan maşınlar saraya gətirilib. Həmin maşınlarda kiçik qabların yuyulmasını həyata keçirəcəyik”.
Paytaxtın Nizami rayonu ərazisində yerləşən “Bahar” şadlıq sarayının administratoru bizi mətbəxə buraxmadı. Adının çəkilməsini istəməyən administrator şadlıq sarayında, ümumiyyətlə, suyun olmadığını dedi: “Saraya suyun verilişi dayanıb. Hazırda qab-qacaqlar hamısı qalıb, hələ də yuyulmayıb. Bizə su vaxtlı-vaxtında gəlmədiyinə görə, həmişə belə vəziyyətlərə düşürük”.
Sarayın mətbəxinə daxil olmaq istəsək də, administrator saraya girməyimizə mane oldu. Onun sözlərinə görə, kənar şəxslərin saraya girişinə qadağa qoyulub. Mətbəxdə qabyuyan maşınların mövcud olub-olmadığını soruşduq. Saray administratoru sualımızı cavablandırmaqdan yayındı. Ona Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Komitəsinin qaydalarını xatırlatsaq da, administrator əsəbi şəkildə qapları bağlayaraq, içəri girdi.
“Ümid” şadlıq sarayının mühafizəçisi isə şadlıq sarayına yeni qaydaların tətbiq olunmasından xəbərdar olduğunu dedi:
“Biz də dünən bəzi qaydaları eşitdik. Bununla bağlı, sarayda hansi qanunlara riayət olunmalıdırsa, hamısına da riayət edəcəyik. Misal üçün, yeni tətbiq olunan qaydalar arasında qabyuyan maşınların mövcudluğundan söhbət gedir. Bizim sarayda əvvəldən qabyuyan maşınlar mövcud olub. Sadəcə, bəzi yenilikləri dünəndən etmişik. Qabların qoyulduğu yerlərin dəyişdirilməsi üçün dünəndəns arayda işlər görülür. Təmizlik işləri də, təbii ki, öz yerindədir. Kimsə istəməz ki, sarayı natəmiz olsun. Sarayın natəmizliyi sarayın öz imicinə zərbədir. Toya gələn natəmizliyi görərsə, bir daha burada toy eləməz”.
“Xudafərin” şadlıq sarayının administartoru da bizimlə söhbətində yeni qaydalardan xəbərdar olduğunu dedi. Onun sözlərinə görə, Dövlət Komitəsinin şadlıq saraylarına tətbiq etdiyi qaydalar artıq həyata keçirilir: “Bizim o qaydalardan xəbərimiz var. Hamısına da riayət olunur. Bizdə də qabyuyan maşınlar var idi. Amma sayını bir daha artırdıq”.
“Bahar” şadlıq sarayının administratorunun qapıları üzümüzə bağlaması mətbəxin hansı vəziyyətdə olmasından xəbər verirdi.
Xatıladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tətbiq etdiyi yeni qaydalara əsasən, bundan sonra şadlıq saraylarında qab yumaq, yeməyin hazırlanması, saxlanması və realizəsi nəzarətdə olacaq. Dövlət Komitəsinin qərarında bildirilir ki, sentyabrın 1-dən şadlıq sarayları ilə bağlı yeni standartları qüvvəyə minir.
Yeməklərin realizasiyası və saxlanması ilə bağlı standarta gəlincə, «İsveç masası» xidmət növündə təqdim olunan marmitdə, sobada qızdırılan qablarda olan isti yeməklər ən çoxu üç saat ərzində, soyudulmuş hazır soyuq yeməklər isə bir saat ərzində realizə edilməlidir.Həmçinin salatların inqrediyentləri qatışdırılmamış vəziyyətdə 2-6 dərəcədə 6 saatdan çox saxlanmamalıdır, qatışdırıldıqdan sonra dərhal stola verilməlidir, yeni standart bunu tələb edir. Bundan başqa şadlıq evlərinə baytarlıq ştampı (möhürü) və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı heyvanlarının ətindən, quş əti və quş yumurtasından, ördək və qaz yumurtalarından istifadə etmək qadağan edilir. Soyuducular və ərzaqların soyuducuda saxlanması üçün də müvafiq standartlar hazırlanıb.
Personalın şəxsi gigiyenik qaydalarına da dəyişiklik edilib. Belə ki, personal üst geyimlərini və şəxsi əşyalarını qarderobda saxlamalı, işə başlamazdan əvvəl əllərini təmiz yumalı, təmiz xalat və əlcək geyinməli, başlarını örtməli və saçlarını diqqətlə örtüyün altına yığmalıdır. Komitə hesab edir ki, əllərində irinli sızanaqlar, kəsiyi, yanığı olan, yuxarı nəfəs yolları epidemiyalı xəstələr bu sahələrdə işə buraxılmamalıdır.