Suriyalılar niyə Ərəb ölkələrinə yox, Avropaya qaçır?

4-09-2015, 20:41           

Avropa ölkələrinə daxil olmağa çalışan suriyalılarla bağlı böhran kəskinləşdikcə belə bir sual daha tez-tez ortaya çıxır: Onlar nə üçün öz ölkələrinə daha yaxın zəngin Körfəz ölkələrinə pənah gətirmirlər?
Suriya münaqişəsindən qaçanlar artıq bir neçə illərdir ki, Livan, İordaniya və Türkiyə kimi ölkələrə pənah gətirsələr də, qonşu ərəb ölkələrinə, ələxüsus da Körfəzə keçmək o qədər də asan məsələ olmayıb.
Rəsmən, suriyalılar Körfəz ölkələrinə turist vizası və ya iş icazəsi ilə daxil ola bilərlər, lakin bu, olduqca bahalı prosesdir və belə bir təəssürat geniş yayılıb ki, reallıqda Suriyadan olanlara viza və ya iş icazəsinin verilməməsi üçün yazılmamış göstəriş var.
Körfəz ölkələrində bəxti gətirən o suriyalılardır ki, artıq orda oturumları var və onun müddətini uzada bilərlər, yaxud da bu ölkələrdə əvvəldən başqa qohumları yaşayıb.

İmkansız adamlar üçün Suriya və Körfəz arasındakı məsafəni qət etmək də maliyyə baxımından asan deyil.
Xoş gəlməyiblər?
Bunlar hələ Körfəz ölkələrinə nadir hallarda vizası olan suriyalıların üzləşdikləri çətinliklərdir.
Vizasız suriyalılara isə Əlcəzair, Mavritaniya, Sudan və Yəməndən başqa bütün ərəb ölkələrinə giriş vermirlər.
Körfəz ölkələrinin zənginliyi və yaxınlığı həm sosial, həm də başqa yerli mediada belə bir sualın doğmasına səbəb olub ki, dörddillik münaqişədən və cihadçılardan qaçan suriyalılara Avropadansa ərəb ölkələri yaxın olmamalıdırlarmı?
İstifadəçilər Suriya qaçqınlarının iztirablarını – dənizdə batan insanları, tikanlı məftillər üstündən keçirilən uşaqları və ya yerdə yatan ailələri göstərən təsirli fotolar yayıblar.
Danimarkadakı Suriya İcması adlı Facebook səhifəsi Macarıstandan Avstriyaya gəlmələrinə icazə verilmiş miqrantları əks etdirən video paylaşıb.

Bu videoya reaksiyalardan birində istifadəçi sual edir: “Biz müsəlman qardaşlarımızın ölkələri olan regiondan qaçırıq. Bu ölkələr bizim qayğımıza onların kafir adlandırdıqları ölkələrdən daha artıq qalmamalıydılarmı?”
Başqa bir istifadəçi isə cavab verib: “Qadir Allaha and olsun ki, ən böyük kafir elə ərəblərdir”.
“Buraxın gəlsinlər!”
Bu əhvalat həmçinin regional mətbuatın və siyasilərin diqqətini cəlb edib.
Səudiyyənin gündəlik “Məkkə” qəzetində dərc olunmuş bu karikatura sosial mediada geniş yayılıb. Karikaturada ənənəvi Körfəz qiyafəsi geyinmiş bir kişi tikanlı məftil çəkilmiş qapını göstərir. Qapının üstündə Avropa İttifaqının bayrağı dalğalanır.
“Onları niyə içəri buraxmırsınız, ay ədəbsizlər?” – deyir karikaturadakı ərəb.

Azad Suriya Ordusunun komandanı Riyad əl-Əsaad keçmiş Küveyt millət vəkili Feysəl əl-Müslimin post etdiyi və qaçqınların əks olunduğu şəkli təkrar post edib.
O şəklin altına qeyd də artırıb: “Siz ey Körfəz Əməkdaşlığı Şurasının üzvü olan ölkələr, bunlar günahsız insanlardır və and içirəm ki, onların milyardlarla dollarlıq yardım və ianəyə hamıdan çox ehtiyacları var”.
Lakin sosial mediadan olan çağırışlara baxmayaraq Körfəz ölkələrinin Suriya qaçqınları məsələsində mövqeyi çətin ki, dəyişsin.
Məşğulluq məsələsinə gəldikdə, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi Körfəz ölkələri daha çox Cənub-Şərqi Asiyadan və Hindistan yarımadasından, xüsusilə də ixtisassız miqrant işçilərin cəlb olunmasına meyllidirlər.

Qeyri-Körfəz ölkələrindən gəlmiş ərəblər, təhsil və səhiyyə sahəsində orta səviyyəli vəzifələri tutsalar da, onlar Səudiyyə və Küveyt hökumətinin yerlilərin daha çox işə cəlb olunması kimi təşəbbüslərinin qəti əleyhinədirlər.
Yad ölkələrdən gələn işçilər isə burada sabit həyat qurmaq üçün mübarizə aparırlar, çünki bu ölkələrdə vətəndaşlıq almaq az qala mümkünsüzdür.
2012-ci ildə Küveyt hətta 10 il müddətində ölkədəki əcnəbi işçilərin sayını milyon nəfər azaltmaq barədə niyyətini elan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.