Allaha “sən” deyən general yenə məhkəmə qarşısında

2-05-2018, 10:56           
Allaha “sən” deyən general yenə məhkəmə qarşısında
Həbsxanada intihar edən MTN polkovnikinin qardaşı, “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin MTN-in Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Mövlan Şıxəliyevə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

Musavat.com xəbər verir ki, proses Səbayel Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə baş tutub. Prosesdə M.Şıxəliyevin, vəkilinin və Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub. Hakim bildirib ki, cavabdehlərə bildiriş göndərilib, lakin onlar məhkəməyə gəlməyib.

M.Mustafayev məhkəmədə vəsatətlə çıxış edib.

O söyləyib ki, cavabdeh M.Şıxəliyevin 17 sentyabr 2014-cü ildə saat neçədə MTN-in inzibati binasını tərk etməsi barədə DTX-ya sorğu göndərilsin: “Həmin gün bacımın evində axtarış başa çatdıqdan sonra MTN əməkdaşları nazirliyin inzibati binasına gəlib, onlar axtarışın nəticəsi barədə Mövlan Şıxəliyevə məruzə edib. Mövlan Şıxəliyev də saat 23:00-dan sonra Səbayel Rayon Məhkəməsinin sədrinə, baş prokurorun müavininə məktub göndərib. Bu da heç inandırıcı deyil. Çünki həmin vaxt o, işdə olmayıb”.

Zərərçəkmiş M.Mustafayev qeyd edib ki, heç bir əsas olmadan 21 ay həbsdə saxlanılıb: “Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2015-ci ildə vəzifəsindən azad edildikdən sonra Suraxanı Rayon Məhkəməsinin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşəm. İndi də Mövlan Şıxəliyevin vəkili də deyir ki, müvəkkili həmin vaxt ölkə xaricində olub, guya ona böhtan atıram. Əgər elədirsə, bəs həbs edildiyim vaxt rəsmi sənədə kim qol çəkib? Xahiş edirəm ki, Mövlan Şıxəliyevin özü məhkəməyə gəlsin və ona suallarım var”. Cinayət işi materiallarında yazılır ki, MTN Mətləb Mustafayevdən vəzifəli şəxslər barəsində məlumatlar tələb edib. Mətləb Mustafayev bununla razılaşmadığı zaman onun qardaşı Malik Mustafayevə də təzyiqlər başlayıb.

Mətləb Mustafayev MTN-in tələbi ilə razılaşmadığı üçün şərlənərək həbs edildiyini deyir. Polkovnik Malik Mustafayev isə qardaşının həbsindən bir neçə gün sonra özünü asaraq intihar edib. Qeyd edək ki, bu şəxsin E.Mahmudova qarşı iddia ərizəsi üzrə iddiaya isə Yasamal Rayon Məhkəməsində baxılır.

Ötən ilin yayında Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci İstintaq Şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin sonunda həm E.Mahmudov, həm M.Şıxəliyev barəsində ilginc bir qərardad qəbul edilmişdi. Məhkəmə sabiq milli təhlükəsizlik naziri və həmin nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarmışdı.

İddia olunurdu ki, Bakı Hərbi Məhkəməsinin hakiminin belə bir qərardadı siyasi hakimiyyətlə razılaşdırmadan verə bilməzdi. Amma E.Mahmudov və M.Şıxəlıyev barəsində qərardad elə o vaxtdan “itdi”. Yada salaq ki, V.Ələkbərovun məhkəməsində M.Şıxəliyev də ifadə vermişdi. Məhkəmədə özünü son dərəcə arxayın, saymazyana aparan M.Şıxəliyevin kimə güvəndiyi, niyə bu qədər arxayın danışdığı mediada haqlı suallar yaratmışdı.

Şıxəliyev məhkəmədə sabiq nazirini qorumuş, rəhbərlikdən hər hansı qanunsuz göstəriş almadığını demişdi. Hakim Mövlan Şıxəliyevə şahidlərdən birinə “sən” deyə müraciət etməsinə etiraz edəndə aralarında maraqlı dialoq olmuşdu: “Mən bayaqdan sizin aranızda olan söhbəti izləyirəm. Nizami Kazımov ”siz" deyə müraciət edir. Amma siz ona “sən” deyirsiz. Burada hamının bərabər hüququ var. Siz burada idarə rəisi, general yox, şahid kimi danışırsınız".

Mövlan Şıxəliyev isə hakimin ittihamına belə cavab vermişdi: “Mən Allaha da ”sən" deyə müraciət edirəm".

Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri postuna təyin olunandan dərhal sonra M.Şıxəliyev Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində xidmətə qəbul edilib. 2007-ci ilə qədər həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarəsinin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəis vəzifəsində işləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.