Marqvelaşvili “Gürcü arzusu”nun probleminə çevrilir?

4-05-2018, 07:28           

Prezident illik hesabatında hökuməti sərt tənqid etdi

Gürcüstanın hazırkı hökumətinə qarşı tənqidi açıqlamaları ilə tanınan prezident Georgi Marqvelaşvili növbəti gərginliyə səbəb olub. Hakim "Gürcü arzusu” tərəfindən bir vaxtlar prezidentliyə namizəd kimi irəli sürülən Georgi Marqvelaşvili illər uzunudur ki, mövcud hökumət tərəfindən tənqidlərə tuş gəlir. Elə prezident də onları cavabsız buraxmır, hökuməti tənqid etməkdən çəkinmir. Gürcüstanda prezident Marqvelaşvili ilə baş nazir Georgi Kvirikaşvili arasında zaman-zaman çəkişmələr baş verir. 2013-cü ildə konstitusiyaya edilmiş dəyişiklik nəticəsində baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərindən genişdir. Ötən gün parlamentdə hesabatla çıxış edən Marqvelaşvili bu dəfə özünün parlamentdəki illik çıxışında hökumətin daxili siyasətini tənqid edib və onu Rusiya ilə münasibətlərdə "strateji dözümlülük” nümayiş etdirməyə çağırıb. Prezidentin fikrincə Moskva yeni münaqişə üçün bəhanə axtarır: "Gürcüstan Rusiyanın heç bir təxribatlarına uymamalıdır və Rusiyanın Gürcüstana qarşı güc işlətməsinə yol verməmək üçün əlindən gələni etməlidir”. Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər 2008-ci ildən kəsilib. O vaxt Rusiya Gürcüstanın Cənubi Osetiyada öz suverenliyini hərbi yolla bərpa etmək cəhdinə görə Gürcüstana hərbi müdaxilə etmişdi. Bunun ardınca Rusiya Gürcüstanın bir parçası olan Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliklərini tanıyıb. Qərb Rusiyanın bu hərəkətini təcavüz və işğal kimi qiymətləndirib və iki separatçı bölgənin müstəqilliyi Rusiyadan başqa heç bir ölkə tərəfindən tanınmayıb. Marqvelaşvili özünün illik çıxışında hökuməti hakimiyyəti inhisara almaqda və 2016-cı ilin parlament seçkiləri zamanı Gürcüstandakı siyasi sinfi məhv etməyə çalışmaqda ittiham edib. Marqvelaşvili ölkə təhlükəsizlik orqanlarını da tənqid edib və deyib ki, adi insanlara qarşı zorakılıq edənlər hazırda prokurorluqlarda və hüquq-mühafizə agentliklərində işləyirlər. Əlavə edib ki, prokurorluq və digər istintaq orqanlarında əvvəlki hakimiyyət dövründə çalışmış və zorakılıq tətbiq etmiş insanlar çalışır. "Belə olan halda, Zviad Qamsaxurdia, Zurab Jvaniyanın qətllərinin tədqiqatını gözləmək lüzumsuzdur”, - deyə o bildirib. Onun sözlərinə görə, məhkəmə sistemində islahatların dayandırılması Gürcüstanın məhkəmə sisteminə ciddi zərbə vurur. Prezident deyib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakimiyyətdən devriləndən bəri hökumət ədliyyə sistemində heç bir islahat apara bilməyib. Marqvelaşvili bunu da deyib ki, "Gürcu arzusu” partiyası hakimiyyətə gələndən bəri jurnalistlərin üzərinə fiziki hücumlar dayandırılsa da, hakimiyyət media və jurnalistlərə qarşı başqa "qeyri-zorakı” çətinliklər yaradıb.
Yeri gəlmişkən, Gürcüstan parlamenti prezident Georgi Marqvelaşvilinin debatlarda iştirakı ilə bağlı təklifini dəstəkləməyib. Parlamentin spikeri İrakli Kobaxidze reqlamentə yenidən baxılması və prezidentin təklifinin qəbulu ilə bağlı məsələni səsverməyə qoyub. Dövlət başçısının təklifini yalnız 28 deputat dəstəkləyib, 50 deputat isə əleyhinə səs verib. İ. Kobaxidze prezidentin parlamentin iclas zalına qayıdacağına ümid etdiyini söyləyib. G. Marqvelaşvili isə parlament binasını tərk edib. Qeyd edək ki, Gürcüstan parlamentində prezidentin illik hesabatından sonra keçirilən debatlarda G. Marqvelaşvili və İ. Kobaxidze arasında mübahisə yaranıb. Prezident tənqidi çıxışlar edən deputatlara cavab vermək üçün imkan yaradılmasını xahiş etsə də, onun bu xahişi prosedur qaydaları əsas gətirilərək, yerinə yetirilməyib. Buna etiraz olaraq, G. Marqvelaşvili iclas zalını tərk edib.
Baş nazir Kvirikaşvili Maqrvelaşvilinin nitqini tənqid edib və onu qeyri-konkret olmaqda günahlandırıb. Baş nazir əlavə edib ki, bütün bunlara baxmayaraq, hökumət prezidentin dediyi sahələrdə nöqsanların olmasını inkar etmir. Prezidentin çıxışı hakimiyyət daxilində ciddi narazılığa səbəb olub. "Son beş ildə biz Marqvelaşvilidən yadda qalan bir hesabata rast gəlmədik. Bu da kədər doğurur”, - deyə parlamentin spikeri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, Marqvelaşvili yeni siyasi reallığın bərqərar olması şansını itirmiş olur. "Birləşdirici rolda çıxış etməli olduğu halda, adi müxalifətçi rolunda çıxış etdi”, - deyə o bildirib. Əlavə edib ki, Marqvelaşvilinin parlament iclasını nümayişkaranə sürətdə tərk etməsi Gürcüstan qanunvericiliyinə və parlament institutuna qarşı hörmətsizlik idi.
Ekspertlərin qənaətincə, Gürcüstanda daxili proseslərdə müəyyən ziddiyyətlərin əmələ gəlməsi oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Son ayların hadisələri göstərir ki, Gürcüstanda daxili proseslər birmənalı deyil. Ən maraqlısı isə odur ki, artıq bir neçə müxalifət partiyası prezident seçkisində Marqvelaşvilini dəstəkləyəcəyini elan edib. Hakim partiya tərəfindən seçilməsinə baxmayaraq, Marqvelaşvilinin "Gürcü arzusu” Partiyası ilə münasibətləri pozulub. Bu fonda müxalifət partiyaları onun ətrafında toplaşmağa başlayıblar. Son günlər Saakaşvilinin fəallığına gəlincə, politoloqlar onun Gürcüstan siyasətində elə də aktiv olduğunu düşünmürlər. Saakaşvilinin partiyası Marqvelaşvilini dəstəkləyənlər sırasındadır. Vahid Milli Hərəkat Partiyası əsas müxalifət partiyası sayılsa da, onun reytinqi hələ də kifayət qədər aşağıdır. Son sorğunun nəticəsinə görə, "Vahid Milli Hərəkat” Partiyası 8, "Gürcü arzusu” Partiyası isə 26 faiz səs toplayıb. Bu baxımdan da, hakim partiyanın nüfuzunun sürətlə aşağı düşdüyünü demək doğru olmaz. Digər tərəfdən, Saakaşvili haqqında Gürcüstan prokurorluğunda cinayət işi qaldırılıb, onu həbs təhlükəsi gözləyir. Ona görə də o, hələ Gürcüstana gəlməyə tələsmir. Bu proseslər çox güman ki, davam edəcək və cari ilin payızında daha mürəkkəb forma alacaq. Çünki prezident seçkilərinə bir neçə ay qalmış siyasi kampaniya aktivləşəcək və real favoritlər bəlli olacaq. İstisna edilmir ki, "Gürcü arzusu” partiyası prezident seçkilərinə indiki baş nazirin namizədliyini irəli sürəcək. Qeyd edək ki, bundan öncə Saakaşvili Avropada Gürcüstanın bir sıra müxalif liderlərilə görüşüb. Görüşdə tərəflər Saakaşvilinin "baş qumarbaz” adlandırdığı və siyasətə geri qayıtmaq niyyətini ortaya qoyan İvanişvili və onun "Gürcü arzusu” Partiyasına qarşı vahid namizədin irəli sürülməsi barədə razılıq əldə ediblər. Saakaşvilinin rəhbərliyi ilə partiyalar "Açıq Platforma” hərəkatı adı altında birləşdiklərini bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.