İRANIN NÜVƏ ARXİVİ “MOSSAD”ın ƏLİNƏ NECƏ KEÇİB? –Birgə MKİ-"Mossad" əməliyyatının detalları açıqlandı

4-05-2018, 23:13           
İRANIN NÜVƏ ARXİVİ “MOSSAD”ın ƏLİNƏ NECƏ KEÇİB? –Birgə MKİ-"Mossad" əməliyyatının detalları açıqlandı
Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 04 may 2018-ci il



Mayk Pompeo MKİ direktoru olduğu vaxt 4 ay ərzində 3 dəfə İsrailə gedib. Hər səfərində də gündəlikdəki öncəlikli (bəzən də tək) məsələ İranın regionda artan təsiri olub. İran daxilindəki yəhudi cameəsindən də cəlb edilən “Mossad” agentləri nüvə proqramı ilə bağlı sənədlərin saxlandığı gizli deponu tapdıqdan bir neçə gün sonra – yanvar ayında casuslar aləmində “Model” ləqəbiylə tanınan “Mossad” rəhbəri Yossi Kohen Vaşinqtona gəlib.

Sənədlərin depoda saxlanıldığı MKİ direktoru Pompeoya çatdırılıb. Sonra da MKİ-nin İrana yönəlik gizli əməliyyatlarına rəhbərlik edən “Ayətullah Mayk” ləqəbli (nizamlı namaz qılan müsəlman olduğuna görə) Maykl D`Andreanın iştirakı ilə keçirilən toplantıda İrana yönəlik MKİ-Mossad əməliyyatı planlaşdırılıb.



Planlaşdırma toplantısı



Bu toplantı ilə əlaqədar məlumatları olan qaynaqlarım, ard-arda siqaret aludəçisi olan D`Andreanın bu asılılığının həmin toplantıda narahatlıq yaratdığını və tez-tez verilən qısa fasilələrlə məsələnin yola verildiyini söyləyir.

Yekunda, MKİ agentlərinin verəcəyi logistika dəstəyilə “Mossad” agentlərinin sənədlərin saxlandığı yerə giriş əldə etməsi planlaşdırılıb. “Mossad”ın İrana yönəlik PUA əməliyyatlarının idarə edildiyi Şimali İraq Kürd Administrasiyasındakı mərkəzin də tam istifadə edilməsinin lazım olduğu qərarlaşdırılıb.



Sənədlər çıxarıldımı?



Bunları mənə çatdıran təcrübəli qaynağım depodakı sənədlərlə bağlı konkret aydınlıq olmadığını və iki ehtimalın mövcudluğunu söylədi:

1. Depoda olan dosyelərin fotoşəkillərinin və videolarının çəkiləcəyi qəti idi, ancaq bunların fiziki olaraq çıxarılmasına həmən qərar verilməyib. Çünki ümumi ağırlığı yarım tona yaxın idi və bu qədər çox materialın İrandan gizli çıxarılaraq, İsrailə çatdırılmasının önündə ciddi problemlər görülürdü.

Ağırlığı çox olan mallarla bağlı İran qaçaqmalçılığının ənənəvi olaraq həyata keçirildiyi yer olan Türkiyənin Yüksəkova bölgəsinin bu əməliyyatda istifadə edilməsi riskli görülmüşdü. MKİ, Türkiyə ilə İranın arasının yaxşı olduğu bu dövrdə belə bir yolun əməliyyatda istifadə edilməsini riskli sayıb. Bunun yerinə, dəniz yolundan istifadə edərək, materialların sürətli qayıqlarla bir Körfəz ölkəsinə, üstünlük verilən Qətərə çatdırılması, oradakı ABŞ bazasından da İsrailə göndərilməsi seçimi ağırlıq qazanıb.

2. Bütün bu hazırlığa rəğmən, dosyelərin fiziki olaraq çıxarılıb-çıxarılmadığı hələ bəlli deyil. MKİ, İsrailə əllərində olan sənədlər əsasında dosyelərin oxşarlarını hazırlaya biləcəklərini çatdırıb. Vaşinqtondakı bəzi mütəxəssislər Netanyahu tərəfindən mətbuat konfransında göstərilən dosyelərin MKİ və “Mossad” əməkdaşlığı ilə onsuz da məlum olan köhnə dosyelərdən hazırlanmış olması ehtimalından da bəhs edirlər.

Deyilir ki, “Sənədlər İrandan çıxarıldı” ifadəsi yayılaraq “Güclü “Mossad” əfsanəsinə töhfə də verilə bilər”. Elə buna görə, sənədlərdə yeni bir məlumat olmadığı ifadə edilir. Avropa ölkələri də bu səbəblə sənədlərə isti yanaşmır.



İngiliscə verilən mesaj



Ancaq bu ikinci yoldan gedilmiş olsa belə, əməliyyatın məqsədinə çatdığı söylənir. Əməliyyatın məqsədi İsrail Müdafiə Nazirliyindəki mətbuat konfransında Netanyahunun öz nitqini ingiliscə etməsindən bəlli idi. O mətbuat konfransı, sadəcə, nüvə sazişilə bağlı qərarvermə tarixi olan 12 may yaxınlaşarkən, prezident Trampa “İranla nüvə sazişindən çıx” mesajı vermək üçün keçirilib.



FDD və Bolton fəaliyyətdə



Bu müddətdə hazırda Vaşinqtondakı güc iyerarxiyasında ən güclü mövqedə duran, İsrail tərəfdarı olan neokonların qurduğu və İran məsələsinə xəstəlik dərəcəsində düşkünlüklə yanaşan Demokratiyanın İnkişafı Fondu(Foundation for the Development of Democracies – FDD) bütün güclü əlaqələrindən istifadə edərək, hərəkətə keçib.

Bu fondla yaxın əlaqələri olan Milli təhlükəsizlik müşaviri Con Bolton, Trampa İranla bağlanan nüvə sazişindən çıxmağın lazım olduğunu anlatmağa başlayıb. Çünki Boltonun vəzifəyə təyin olunması xəbəri İsraildə, demək olar ki, bayram kimi qeyd edilmişdi. İndi də o, ona göstərilən etimada uyğun hərəkət edir.

Bu arada, vəzifəyə rəsmi olaraq təyinolunma günü yaxınlaşan və yaxında “Ayətullah Mayk”ın rəhbəri olacaq Gina Haspelin də bu əməliyyata dəstək verdiyini, bu cür əməliyyatların gələcəkdə də davam edəcəyini yaxın çevrəsinə söylədiyi bildirilir.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.