"Əgər Putinin Paşinyanla sıx münasibəti olsaydı, birbaşa zəng edərdi"

9-05-2018, 10:29           
 "Əgər Putinin Paşinyanla sıx münasibəti olsaydı, birbaşa zəng edərdi"
Ermənistanda uzun müddətdir davam edən etiraz aksiyalarının nəticəsi kimi mayın 8-də müxalifət lideri Nikol Paşinyan parlamentdə 59 səslə Serj Sərksiyandan boşalan kürsünün sahibi olub. Səsvermə nəticələri açıqlandıqdan sonra İrəvanın mərkəzi meydanları ilə yanaşı, daha bir cəbhədə xüsusi canfəşanlıq müşahidə edilib. Ermənistanda Serj Sərkisyan əleyhinə aparılan aksiyalara kifayət qədər sakit, hətta bir qədər etinasız şəkildə yanaşan Kremlin seçki nəticələri açıqlandıqdan sonra Paşinyanı ilk olaraq təbrik etməsi diqqətdən yayınmayıb.

İstər Rusiya Prezidenti Vladimir Putin, istərsə də Baş nazir Dmitri Medvedyev təbrik məktublarında Ermənistanın yeni hökuməti ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Məsələ iə bağlı Axar.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, artıq Putin elə şərait yaradacaq ki, Paşinyan ondan çox şey istəsin:

“Belə ki, Ermənistanın iqtisadiyyatı və təhlükəsizliyi demək olar ki, Rusiyanın əlindədir. Rusiya Prezidenti Vladimir Putinin Paşinyanı təbrik etməsi protokol xarakterli addımdır. Amma burada xüsusi diqqətçəkən məqam odur ki, Putin Paşinyanı zəng edərək deyil, teleqram vasitəsilə təbrik edib. Əgər Putinin Paşinyanla sıx münasibəti olsaydı, birbaşa zəng edərək Paşinyanı təbrik edərdi. Putin bu addımla eyni zamanda Ermənistandakı prosesləri izlədiyini göstərmək istəyib və bununla Paşinyanı dialoqa çağırır. Putin ortada olan müəmmalı məsələləri müzakirə etməyə çalışacaq. Paşinyan da açıqlamalarında Rusiyaya müsbət mesajlar verir. Maraq əslində qarşılıqlıdır və bu da başadüşüləndir”.

Politoloq vurğulayıb ki, Paşinyan qərbpərəstdir və mövqeyini dəyişməyib:

“Lakin o, reallığı başa düşür. Rusiya ilə sıx münasibətlər saxlamağın vacib olduğunu anlayır. Çünki ondan əvvəlki iki prezident - həm Sərkisyan, həm də Köçəryanın apardığı siyasət nəticəsində Ermənistanın iqtisadiyyatı və təhlükəsizliyi Rusiyanın əlində cəmləşib. Yəni burada Paşinyan olmasın, başqası hakimiyyətə gəlsəydi, o da məcbur olacaqdı ki, bu reallıqlarla ayaqlaşsın. Digər tərəfdən, Ermənistan xarici siyasətində əsaslı addımlar atmazdan öncə hər zaman Rusiya ilə məsləhətləşib. Əksinin baş verməsi demək olar ki, mümkün deyil. Paşinyan da baş nazir kimi kariyerasına yeni başlayıb. Onun üçün Sərkisyanla mübarizə aparmaq çox asan idi. Ancaq o, hazırda Putinə qarşı addımlar atmağa risk edə bilməz”.

Politoloqun sözlərinə görə, Paşinyan öz yerini möhkəmlədəndən sonra Qərbə doğru da addımlar atacaq:

“Çünki onun əsas sifarişçiləri Qərbdədir. Qərbdə də başa düşürlər ki, hələ ki, Paşinyanın təsir dairəsi məhduddur. Ona görə də Paşinyan Rusiyaya qarşı bu addımları atmalıdır. Amma gələcəkdə Paşinyanın ruspərəst ritorikası zəifləyəcək və o, bütün addımlarla Qərbə tərəf getməyə çalışacaq”.

Politoloq Paşinyanın Qarabağın müstəqilliyini tanıyacağı ilə bağlı açıqlamalarına da münasibət bildirib:
“Paşinyan belə bir addım atsa, regionda Rusiya ilə üz-üzə gələcək. Ona görə də indiki şəraitdə Paşinyan Qarabağın müstəqilliyini heç vaxt tanımaz. Danışıqlar prosesinə başlamamış Paşinyanın bu tipli açıqlamaları hələ də davam edəcək. Danışıqlar prosesində iştirak edəndən sonra isə onun açıqlamalarında müəyyən dəyişikliklər olacaq. Əgər o, tutduğu mövqedən əl çəkməsə, onda onun ritorikasına Azərbaycan 10 qat sərt ritorika ilə cavab verməyə məcbur olacaq”.

Politoloq Arzu Nağıyev isə bildirib ki, gözlənildiyi kimi, oyunun birinci hissəsi başa çatdı:

“Paşinyan “baş nazir” oldu. Hətta birinci Paşinyanı təbrik edən şəxs Putin oldu. Putin bir daha göstərdi ki, Ermənistan Rusiyanın bölgədə forpostu olaraq qalacaqdır. Paşinyan baş nazir seçilənə qədər də rəsmi Kreml hadisələri nəzarətdə saxlamağa çalışırdı. Bütün baş verən hadisələr hesablanmış məsələlər idi”.

Politoloq qeyd edib ki, Paşinyan üçün əsas məsələ məqsədə çatmaq idi və o, artıq məqsədinə çatıb:

“Yəni bundan sonra artıq Paşinyan üçün siyasəti dəyişmək problem deyil. Ermənistanda əsas hadisələr bundan sonra başlayacaq. Yeni parlament seçiləndən sonra hansı fraksiya daha üstünlük təşkil edəcəksə, onun Qərb, yaxud Rusiya yönümlü olacağı bilinəcək. Ancaq aksiyalar dövründə Rusiya çalışırdı ki, Ermənistan onun forpostluğundan çıxmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.