Ermənilər astaca NATO qapısını döyürlər - Azərbaycan kiçik yox, böyük oynamalıdır..

16-07-2018, 00:44           
Ermənilər astaca NATO qapısını döyürlər - Azərbaycan kiçik yox, böyük oynamalıdır..
Ölkə ictimaiyyətinin diqqəti Gəncədə baş verənlərə, cindarlara qarışdığından daha vacib beynəlxalq hadisələr sanki arxa plana keçib. 12 iyulda Brüsseldə öz işini yekunlaşdıran NATO sammitində bizim üçün maraq kəsb edən bəzi məsələlər nəzərdən qaçmamalıdır. Əsas nəticə budur ki, alyans Şərqə doğru yeni həmləyə hazırlaşır. NATO-nun genişlənməsi keçmiş sovet respublikalarının hesabına olacaq. Hətta, demək olar ki, bu respublikalar növbəyə düzülüb.

Bu məqsədə hamıdan çox yaxın Gürcüstandır. NATO baş katibi Yens Stoltenberq Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə ikitərəfli görüşdən sonra bildirib ki, “... sammit Gürcüstanın NATO-ya üzv olması üçün cəhdlərini etiraf edir.., bu ölkə gələcəkdə alyansın üzvü olacaq”. Düzdür, bu vədlər hələ Saakaşvilinin prezidentliyi dövründən verilir, konkret isə hələ heç nə yoxdur, amma əsas odur ki, həm Gürcüstan siyasətindən dönmür, həm də NATO hər dəfə ümidvermədən geri çəkilmir. Elə buna görə də gələn ilin yazında Gürcüstanda NATO birgə təlimləri keçiriləcək.

Gürcüstanın müdafiə naziri Levan İzoriya hesab edir ki, onun ölkəsi hərbi blokun bir hissəsi olmağa elə bu saat hazırdır, amma Rusiyanın geopolitik maraqlarını və aqressivliyini nəzərə alan NATO və ABŞ şimal ayısını qəzəbləndirməkdən, onun gözlənilməz hərbi əməliyyat keçirməsindən həmişəki kimi çox ehtiyatlıdır.

Qəribə olsa da sammit bitdikdən sonra Moskvanın reaksiyasında faktiki olaraq aqressivlik hiss olunmadı. Xüsusi qərəzi və hirsi ilə seçilən XİN sözçüsü Mariya Zaxarova belə “...təbii proseslər baş verir, biz bu barədə həmişə danışmışıq”, - deyib, həm də əlavə edib ki, məsələ yalnız Gürcüstana aid deyil.

Bilirsiniz niyə? Gürcüstan və Ukraynadan sonra üçüncü gözlənilməz üzv... Ermənistan ola bilər. Hər zaman erməni nazı ilə oynayan Rusiyanın bu dəfə də yumşaq bəyanatının səbəbi elə Ermənistandır. Rusiya sözçüsünün “...məsələ yalnız Gürcüstana aid deyil” bəyanatı da, məhz Ermənistanla bağlıdır. Ermənistan baş naziri Nikol Paşinyanın sammitdə iştirakı, sivişərək Trampla əl tutuşması heç kəsin nəzərindən qaçmadı. Görüşdən sonra: “Ermənistan milli maraqları çərçivəsində alyansla əlaqələrini inkişaf etdirmək niyyətindədir” - deməsi də Rusiyanı qıcıqlandırmamağa hesablanıb, amma ölkə olaraq strateji hədəflərinin məhz NATO olduğunu baş nazirin hələ sıravi deputat olanda bəyan etdiyi məlumdur.

NATO-nun Şərqə, konkret olaraq Cənubi Qafqaza yeni həmləsi, yuxarıda qeyd etdiyimiz kimi Gürcüstanın qərarlılığı, Ermənistanın son məqsədi məlum olan sürüşkən siyasəti, Rusiyanın bu bölgədə konkret addımlar atmasına şərait yaradır. Rusiya ictimai xadimlərinin tez-tez Azərbaycanı Cənubi Qafqazda özlərinin yeganə müttəfiqi sayması barədə bəyanatlar səsləndirməsi bizə olan sevgidən yox, Ermənistanı Qərbyönümlü siyasətdən döndərməyə hesablanıb. Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına, KTMT-yə üzv etmək niyyətləri gizli deyil. Ermənistanın son reveransları Rusiyanın ürəyindən deyil və yenə lokal qaydada Qarabağ cəbhəsində ermənilərin cəzalandırılmasının mümkünlüyünü düşmən mətbuatı da yazmaqdan çəkinmir. Və bütün bu proseslərin fonunda erməni cəmiyyətinin və onun güzgüsü kütləvi informasiya vasitələrinin Rusiyaya qarşı nifrəti açıq hiss olunur. Belə bir vəziyyətdə Rusiya öz maraqları naminə əhəmiyyəti az olan lokal qələbələrlə (kiçik miqyaslı “hərbi uğur”) bizi guya sevindirib Avrasiya İttifaqına, KTMT-yə “salması” yalnız tələ ola bilər. İtkilərimiz böyük olduğundan Azərbaycan kiçik yox, böyük oynamalıdır. Nəyin qarşılığında nə alacağımızı maraqlarımızın strateji tərəzisinə qoymalı, “hektar” la baş aldanmasına getməməliyik.
Ermənistan tərəfinin guya avqust ayında cəbhədə gözlənilən gərginlik haqqında danışması hiss olunur ki, analizdən çox, konkret informasiyaya hesablanıb. Ölkənin bir nömrəli problemini keçici kriminal hadisələr arxa plana salmamlıdır. Bir sözlə, bizi qarşıda çətin aylar gözləyir.

Moderator.az-ın analitik qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.