Zirədə oğul atasını dostları ilə niyə öldürüb? - intim əlaqə, qaranlıq məqamlar, yalan ifadələr
31-08-2018, 15:11
Atasını bıçaqlayaraq öldürüb, sonra isə evi yandıran şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. Dəhşətli qətlə görə daha iki nəfər həbs edilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəsində qətl törətməkdə ittiham edilən 1997-ci il təvəllüdlü Elməddin İsmayılov, 1992-ci il təvəllüdlü Nəcməddin İsmayılov və 1976-cı il təvəllüdlü Vəlican Dadaşovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Məhkəmənin baxış iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, Elməddin Əliyev atası Ibrahim Əliyevi kişilərlə qeyri-təbii yolla cinsi əlaqədə olaraq əxlaqsız hərəkətləri ilə ailəsini rüsvay etməsinə görə qisas alaraq qəsdən öldürmək qərarına gəlib.
Bu məqsədlə əvvəllər məhkum olunmuş tanışları İsmayılov Nəcməddin və Dadaşov Vəlicana həmin cinayəti sifariş edib birgə həyata keçirmələri barədə razılaşdıqdan sonra cinayəti bir qrup şəxs halında həyata keçirməyi birgə planlaşdıraraq, cinayətin üsulu, yeri və aləti barədə ümumi razılığa gəlib.
Vəlican Dadaşov İbrahim Əliyevi üzdən tanımadığına görə razılaşdırılmış plana müvafiq olaraq 30 yanvar 2018-ci il tarixdə gündüz vaxtı sonuncunu Nəcməddin İsmayılov aldatma yolu ilə gətirdiyi Zirə qəsəbəsinin bağlar massivində yerləşən və Pənahlı Bəhmən Əliyulla oğluna məxsus nömrəsiz evin həyətində Vəlican Dadaşov gizli yolla müşahidə edib yadında saxlayıb, daha sonra Elməddin Əliyev və Nəcməddin İsmayılov Zirə qəsəbəsində yerləşən “Zirə-Bio Market” adlanan mağazadan aldıqları bıçaqla Vəlican Dadaşovu və sonuncunun özündə olan daş baltası ilə silahlandıraraq, əvvəlcədən razılaşdırılmış plana müvafiq olaraq vahid niyyətlə İbrahim Əliyevi qəsdən öldürmək üçün birlikdə Nəcməddin İsmayılovun idarə etdiyi “VAZ 21011” markalı 10-ER-132 dövlət qeydiyyat nişanlı avtomaşınla İbrahim Əliyevin qardaşı Azər Əliyevə məxsus Zirə qəsəbəsinin bağlar massivində yerləşən yaşayış olmayan evə gəliblər. Vəlican Dadaşov həmin evdə gizləndikdən sonra Nəcməddin İsmayılov İbrahim Əliyevin cinsi meyllərindən məlumatlı olan şəxs kimi sonuncunun ev telefonuna zəng edib guya qeyri-təbii yolla cinsi əlaqədə olması üçün kişi tapdığını bildirərək həmin evə gəlməsini xahiş edib, vəzifə bölgüsünə əsasən Elməddin Əliyevlə birlikdə evin yaxınlığında gizlənərək kənar şəxlərin gəldiyi halda məlumat vermək üçün pusquda durub İbrahim Əliyevi gözləyib, sonuncu gəlib həmin evə daxil olarkən Vəlican Dadaşov özü ilə gətirdiyi daş baltası ilə İbrahim Əliyevin baş nahiyəsinə bir zərbədən sonuncu yıxıldıqda isə döş qəfəsinə bıçaqla 3 ədəd deşilmiş-kəsilmiş yaralar yetirərək sifarişlə qəsdən öldürüb, Elməddin Əliyevi və Nəcməddin İsmayılovu evə çağıraraq İbrahim Əliyevin ölməsinə əmin olduqdan sonra hadisə yerindən qaçıblar.
Bundan sonra Elməddin Əliyev Vəlican Dadaşovla birlikdə cinayətin izlərini məhv etmək məqsədilə İbrahim Əliyevin meyiti ilə birlikdə Azər Əliyevə məxsus Zirə qəsəbəsinin bağlar massivində yerləşən nömrəsiz evi yandırmaq qərarına gəlib.
Ümumi dəyəri 8000 manat məbləğində qiymətləndirlimiş kürsülü birmərtəbəli evi ümumi təhlükəli üsul olan yandıraraq zərərçəkmiş şəxs Azər Əliyevə məxsus cəmi 9.120 manat məbləğində əmlakı qəsdən məhv ediblər.
Vəlican Dadaşov özünü təqsirli bilməyib. Deyib ki, Elməddin kafedə oturanda atasını öldürdüyünü deyib.
"Bunu mənə deyəndə güldüm. Çünki bunu həmişə deyirdi. Atasının onu döydüyü, incitdiyi üçün öldürəcəyini deyirdi. Amma mən inanmırdım. Kafedə başqa sual vermədim. Məndən xahiş elədi ki, gedək benzin alaq. Mən də onunla getdim. Dedi ki, bir nəfərin maşınına benzin tökəcək. Gedəndə onu yolda gözlədim. Səhər bildim ki, ev yanıb"- deyən Vəlican Dadaşov mərhumu tanımadığını, heç vaxt görmədiyini deyib. O söyləyib ki, istintaqda təzyiqlərlə ifadə verib və cinayəti etiraf edib.
Məhkəmədə ifadə verən Elməddin atasının ölməsindən xəbərsiz olduğunu deyib.
Elməddin söyləyib ki, əgər atasının hər hansı əxlaqsız hərəkətini görsəydi ya özü, ya da qardaşı öldürərdi.
"Mən gələndə gördüm ki, Vəlican atamı öldürüb. Görəndə qorxdum, özümü itirdim. Sonra dedi ki, əl izləri qaldığı üçün evi yandırmalıdır"- deyən Elməddin özünü qətiyyən günahkar bilməyib. Qeyd edib ki, atası ilə münasibətləri yaxşı olub, heç vaxt dava etməyiblər.
Suallara cavab verən 21 yaşlı Elməddin atasını öldürən Vəlicandan hadisəni törətməsinin səbəbini soruşmadığını deyib: "Qorxduğum üçün soruşmadım. Həm hadisədən, həm də Vəlicandan qorxurdum".
Məlum olub ki, Elməddin atasının ölüm xəbərini aldıqdan sonra elə Vəlican Dadaşovla Pirallahıdan gecə klubuna gediblər.
Növbəti suallara cavabında isə Elməddin atasının Vəlican faizə pul verdiyini deyib. Onun dediyinə görə, Vəlican buna görə də atasını öldürüb.
Bildirək ki, bu Elməddin İsmayılovun ilk cinayət əməlidir, subaydır. Anket məlumatlarında məlum olub ki, Vəlican Dadaşov daha əvvəl bir neçə dəfə məhkumluq həyatı yaşayıb.
Nəcməddin İsmayılovun da daha əvvəl də oğurluğa görə hakim qarşısına çıxarıldığı və şərti cəza aldığı məlum olub.
2016-ci ilin fevral ayının 1-də Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.
Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İbrahim Əliyevin oğlu Elməddin İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər.