Baş nazirə sui-qəsd: “Mossad”ın gizli əməliyyatı... – Şok təfərrüat

14-09-2018, 08:44           
Baş nazirə sui-qəsd: “Mossad”ın gizli əməliyyatı... – Şok təfərrüat
1973-cü il yanvarın 13-də Romaya səfər edən İsrail Baş naziri Qolda Meirin öldürülməsinə cəhd, “Mossad”ın bu sui-qəsdin qarşısını alması əslində film üçün ssenari ola bilər.

Teleqraf.com illər bu sui-qəsd haqqında məqaləni təqdim edir.

1973-cü ilin yanvarında İsrail Baş naziri, xanım Qolda Meir Vatikana səfər etməyə qərar verir. O dövrdə “Mossad”ın “qızıl şahzadə” adını qoyduğu Əli Həsən Salami bu qərardan xəbər tutur.

Roma hava limanında Qolda Meirin SSRİ istehsalı olan SA-7 raketi ilə vurulması üçün plan hazırlanır. Bu ərəfədə “Mossad”ın London bürosuna informasiya satan, amma uzun müddətdir səsi çıxmayan fələstinli tələbə Əkbər zəng edərək “Sizinkilərdən bir nəfər hədəf olacaq” deyir və özünün Londona gedəcəyini, ona pul verilməsini tələb edir.

Romada Əkbərlə görüşən “Mossad” agentləri çox ehtiyatlı tədbirlər görsələr də, Fələstin Azadlıq Təşkilatının (FƏT) “gözləri” bu görüşü müşahidə edir. “Qara sentyabır” ın lideri Yusif dərhal məlumatlandırılır. Beləcə tələbə Əkbərin “Mossad” agenti olduğu müəyyən edilir.

Lakin Əbu Yusif Əkbəri dərhal öldürərək baş nazirə qarşı qurulan əməliyyatı təhlükə altına salmaqdansa, ondan fərqli bir hadisədə istifadə etməyin faydalı olacağını bildirir.

Baş nazir Romaya gəlməzdən 3 həftə əvvəl İsrailin Tailand səfirliyinə hücum təşkil olunur. Beləcə əsas hədəfi gizlədərək “Mossad” ı tamamilə başqa səmtə çəkmək planı işə salınır. Eyni zamanda Əkbərlə “Mossad” agentləri Romada bir araya gələn zaman onlara qarşı əməliyyat keçirilir, oturduqları avtomobil partladılır. Əkbər və iki “Mossad” agenti öldürülür.

“Mossad” ın Milandakı rəhbəri Kauly isə Əkbər və iki “Mossad” agentinin öldürülməsinin təsadüfi olmadığını düşünür. Baş nazirin İtaliyaya səfəri öncəsi təhlükəsizlik tədbirlərinin artırılmasını vacib hesab edir, eyni zamanda qeydlərində Əkbəri hər cür qiymətləndirməkə davam edir.

Kauly heç düşünmədiyi halda ip ucu tapır. Brüsseldə yaşayan və evini tələbələrə kirayə verən bir qadın eyni zamanda fahişəliklə məşğul olurmuş. “Mossad” bu qadının evinin FƏT-ə bağlı şəxslər tərəfindən kirayələndiyini , ev sahibəsinin bir FƏT-çi ilə eşq yaşadığını əvvəlcədən bilirdi. Baş nazirin Romaya planlaşdırılan səfərindən bir neçə gün əvvəl Brüsseldəki qadının evindən Romaya zəng edən şəxsin “evi boşaldın, 14 ədəd yataq dəsti hazırlayın” dediyi “Mossad”ın İtaliyadakı şefinə bildirilir. Məhz bu hadisə Kaulynin diqqətini cəlb edir.

O, dərhal İtaliya kəşfiyyatı ilə əlaqə saxlayaraq Brüsseldən zəng edilən evin ünvanının müəyyən edilməsini xahiş edir, ardınca Milandan Romaya zəng edərək, agentlərin bu ünvana getməsini tapşırır. “Mossad” əməkdaşları Romadakı evə daxil olarkən, onun boşaldıldığını görürlər. Evdə axtarış zamanı kağız parçası əldə olunur. Rus dilində yazılan kiçik kağız parçasında raketdən bəhs edilir. Kauly dərhal Milandan Romaya uçur. “Mossad” ehtimal edir ki, baş nazirin təyyarəsi və ya avtomobilinə ancaq Roma hava limanında hücum edilə bilər.

FƏT isə baş nazirə sui-qəsd edəcək şəxsləri iki qrupa ayırmışdı. Həm də 4 raket bir, 8 raket isə başqa səmtə qoyulur. “Mossad” agentləri ərazini müşahidə edərkən, raketlərdən birinin yerini müəyyən edə bilir. Dərhal raketin yanında olan şəxs həbs olunur. Ələ keçirilən şəxsi danışdıran zaman aydın olur ki, baş nazir Meirə qarşı sui-qəsd planı hazırlanıb.

Bu informasiya dəqiqləşəndə artıq baş naziri gətirən təyyarənin hava limanına enməsinə 30 dəqiqə qalırmış. Hava limanının ərazisi yenidən ciddi axtarılır, bu zaman meydandan uzaqda dayanan avtomobil diqqəti cəlb edir. Avtomobil nəzarətə götürülür, 3 raket və 5 sui-qəsdçi saxlanılır. “Mossad” və İtaliya kəşfiyyatı qısa zamanda 12 raketdən 10-nu ələ keçirir. Yalnız 2 raket tapılmır. Beləcə baş nazir Meir Romada ölümdən xilas olur.

Sonradan “Mossad” ın LAP (psixoloji savaş idarəsi) araşdırma aparır, saxlanılanları dindirir. Eyni zamanda FƏT üçün raketlərin Liviyadan gəldiyi aydın olur. “Mossad” İtaliyada saxlanılan terrorçuların danışdırılması prosesində aktiv iştirak edir, onlara inanılmaz işgəncələr verməklə informasiyalar əldə edir. Bundan sonra “Mossad” Liviyada bir neçə əməliyyat həyata keçirir. 1973-cü ildə İsrail xüsusi xidməti Beyrutda nöqtə hücumuna başlayır və Əbu Yusif öldürülür. Daha sonra FƏT-in Avropa əməliyyatları rəhbəri Məhəmməd Budiya avtomobili ilə birlikdə partladılır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.