Azərbaycan ordusu irimiqyaslı müharibəyə hazırlaşır - hərbi ekspert
1-10-2015, 17:34
"Azərbaycan Silahlı Qüvvələri gecə-gündüz irimiqyaslı müharibəyə hazırlaşır və biz bunu heç kimdən gizlətmirik."
Bunu SalamNews-a açıqlayan hərbi ekspert, Hərbi Jurnalistlər Birliyinin sədri Üzeyir Cəfərov bildirib ki, Arkadi Ter-Tadevosyan yaxınlaşmaqda olan çox ağır bir cəzanı hiss edir və buna görə də, belə danışmağa məcbur olur.
Onun sözlərinə görə, Ermənistan hərbi-siyası rəhbərliyi vəziyyətin öz ağılsızlıqlarına görə gərginləşdiyini hiss etdiyi üçün gah Rusiyaya, gah da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümid bəsləyir: "Onlar da açıq şəkildə bəyan ediblər ki, yalnız Ermənistan ərazisi ilə bağlı hər hansı təhlükə olacağı təqdirdə, hansısa hərkət edə bilərlər. Bu isə Qarabağla bağlı vəziyyətə heç cürə aid edilə bilməz. Bir sözlə, erməni cəmiyyəti və havadarları da Azərbaycanın qətiyyətli addımlar atmaq ərəfəsində olduğunu hiss edirlər. Buna görə də belə sərsəm və sarsaq bəyanatlar səsləndirirlər".
"Hər dəfə mətbuatda bu sarsağın adını oxuyanda o dəqiqə yadıma düşür ki, yenə Şuşanın işğalında yaxından iştirak etmiş və ağzında şirə qalmış bu yaramaz görəsən bu dəfə nə sərsəmləyib?" - deyən ekspert yanlmadığını diqqətə çatdırıb: "Ağlını itirmək səviyyəsinə çatan qoca yenə bizə hədyanlar səsləndirib. Olsun! Biz artıq onun sarsaq və indiyə kimi hədə dolu çıxışlarından əlavə nə isə dediyini eşitməmişik. Olsaydı, şəxsən mən təəccüblənərdim. Biz xeyli müddət səbr və dözüm nümayiş etdirdik ki, bəlkə ermənilər ayılacaq və öz havadarlarının əlində alət olduqlarını anlayacaqlar. Amma, onlar işğalçılıq siyasətlərindən əl çəkmək əvəzinə, cəbhədə vəziyyəti daha da gərginləşdirirlər. Əvvəllər bu axmaq general bizi Mingəçevir su anbarı ilə, indi də Azərbaycanın neft borularına raket zərbələri endirməklə hədələyir. Ancaq nədənsə unudur ki, əgər onlar xırda bir cəhd etsələr, Silahlı Qüvvələrimiz onları çox qısa müddətdə ram etməyə qadirdir".