Günün sualı: Rusiya təyyarəsi Suriya HHM tərəfindən necə vurulub? – ANALİZ
18-09-2018, 21:23
Dünən, sentyabr 17-də gecə saat 23:00 radələrində Suriyanın Hmeymim aviabazasına qayıdan Rusiya Hərbi Kosmik Qüvvələrinə (HKQ) məxsus İL-20 təyyarəsi ilə əlaqə itib. Hərbi təyyarənin Aralıq dənizi üzərində dəniz sahilindən 35 kilometr aralıda uçuş həyata keçirərkən radarlardan itdiyi məlum olub. Bu hadisənin İsrailin 4 ədəd F-16 qırıcılarının Suriyanın Latakiya əyalətinə aviazərbələr endirdiyi zaman baş verməsi də maraq doğurur. Döyüş təyyarəsinin radarlardan itməsi bu akvatoriyada yerləşən Fransaya məxsus "Auvergne" freqatından raket buraxılışının RLS vasitəsilə qeydə alınması ilə paralel baş verməsi də düşündürücüdür.
Suriyanın SANA dövlət agentliyi Rusiya təyyarəsinin İsrail qırıcıları tərəfindən vurulduğunu ehtimal etdiklərini bildirdi.
İtkin düşən İl-20 hərbi təyyarəsində 15 nəfər hərbi qulluqçu olub, onların taleyi naməlumdur. Hmeymim aviabazasının rəhbərliyi axtarış-xilasetmə əməliyyatlarını həyata keçirməyə başlasa da hələlik heç bir nəticə yoxdur.
Bu hadisədən az öncə Suriyanın Latakiya şəhərinə dəniz istiqamətindən İsrail HHQ-nin F-16 qırıcıları raket hücumu həyata keçirib. Suriya rəsmiləri zərbə nəticəsində 7 nəfərin yaralandığını, Sakubadakı məişət kimya istehsalı müəssisəsinə, alminium zavoduna və elektrik stansiyalarına zərər verildiyini açıqlayıb. Bu zərbələr nəticəsində Sakubanın elektrik təchizatı tamamilə dayanıb. İsrailin zərbə endirdiyi əsas hədəfləri arasında İrana aid obyektlərin olmaması da maraq doğurur.
Lakin, Londondakı "Syrian Observatory for Human Rights" (Suriya İnsan Hüquqları Təşkilatı) raket zərbəsi nəticəsində Suriyanın hərbi dəniz qüvvələrinə məxsus bazanın ərazisində iki silah anbarının məhv edildiyini bildirir.
Ardınca isə Homs şəhəri də raket zərbələrinə məruz qalıb. Lakin nəticələr barədə hələlik rəsmi məlumat yoxdur.
Latakiyaya endirilən zərbələr zamanı Rusiya hərbi bazasının təhlükəsizliyini təmin etmək üçün S-400 ZRK-dan raket buraxıldığı barədə məhdud məlumatlar mövcuddur. Lakin bu məlumatları təsdiqləyən faktlar hələlik mövcud deyil.
İsrail tərəfi isə Rusiya hərbi təyyarəsinin itməsi ilə əlaqədar şərh verməkdən imtina edib. İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Xaricdən gələn məlumatlara şərh vermirik" kimi maraqlı bir açıqlama verilib.
ABŞ-ın CNN kanalında İl- 20 radioelektron kəşfiyyat və radioelktron mübarizə təyinatlı döyüş təyyarəsinin "İsrailin F-16 qırıcılarına zərbə endirmək istəyən Suriya HHM qüvvələri tərəfindən təsadüfən vurulduğu" ("Böyük gəzinti" filminin ssenarisindəki kimi sadəcə təyyarələrin modelləri və ölkələr fərqlidir) ifadə edilib. Maraqlı orasıdır ki, bu HHM vasitələrini Suriyaya elə Rusiyanın özü bir neçə il əvvəl satıb. Rəsmi Dəməşqin bu barədə rəsmi mövqe bildirməməsi də suallar yaradır. Digər tərəfdən faciəli bir qanunauyğunluq formalaşır: yenə təsadüf nəticəsində, yenə səhvən, yenə də Rusiya istehsalı raketlə və s. Sanki hər bir detal MN17 reysi ilə uçan Malaziyanın "Boinq 777" təyyarəsinin acı sonluğunu xatırladır.
Ən dəhşətli fəlakət o zaman baş verəcək ki, İl-20 təyyarəsinin məhv edilməsinin S- 400 və digər Rusiya heyəti tərəfindən, Rusiya istehsalı olan Suriya ZRK tərəfindən, Rusiya istehsalı olan raket vasitəsilə həyata keçirilməsi təsdiq edilsin. Bu tam bir fiasko olacaq.
ABŞ rəsmən Latakiyaya endirilən son raket zərbələrində iştirak etmədiklərini, təyyarənin isə Suriya HHM qüvvələri tərəfindən atılan raketlə vurulduğunu ehtimal etdiklərini bildiriblər. Rusiya RLS-lərinin İl-20 təyyarəsinin Fransanın "Auvergne" freqatından buraxılan raketlə məhv edilməsi barədə məlumatlarını Fransa ordusu dərhal rəsmi səviyyədə təkzib etdi.
Haşiyə: İl-20 radioelektron kəşfiyyat təyyarəsidir, İl-18 bazasında yaradılıb, real zaman rejimində məlumat mübadiləsi üçün yan görünüşlü radiolokasiya stansiyaları, düşmənin qüvvələrinin konsentrasiya rayonlarını təyin etməyə imkan verən infraqırmızı radioefir skaneri, optik sensorlar və peyk rabitə sistemi ilə təchiz edilib.
1965-ci ildə İlyuşin adına konstruktor bürosunda İl-18D sərnişin təyyarəsinin bazasında İl-20 (NATO kodlaşdırmasında "Coot" yəni qaşqaldaq) radioelektron kəşfiyyat və radioelektron mübarizə təyinatlı döyüş təyyarəsi yaradıldı.
İl-18D təyyarəsinin geniş füzelyajı və böyük uçuş məsafəsi qısa zamanda minimal xərclərlə sərhədyanı bölgələrin kompleks kəşfiyyatını həyata keçirmək üçün nəzərdə tutulan hərbi təyyarəni yaratmağa imkan verdi. Bu vəzifələrin yerinə yetirilməsi üçün təyyarənin sərnişin salonunda və aşağı göyərtədəki yük bölməsində çoxsaylı xüsusi kəşfiyyat vasitələri yerləşdirilib. 1968-ci ilin martın 21- də İl-20 hərbi təyyarəsinin ilk uçuşu reallaşdı. Tam təchiz olunmuş İl-20-nin sınaqları 1969-cu ilin yayında başa çatdırıldı.
Bu hərbi təyyarələr dövlət sərhəd zolaqları boyunca kəşfiyyat aparmaq üçün istifadə edilirdi və Sovet İttifaqında yaradılan ilk kəşfiyyat təyyarəsi hesab edilirdi. Təyyarənin füzelyajaltı qondolunda "İqla-1" yan görünüşlü RLS-in anteni, daxilində isə "Kvadrat-2" detallı radiotexniki kəşfiyyat stansiyası və "Vişnya" radioələkeçirnə aparatları yerləşdirilib. Sərnişin kabininin ön və orta hissəsində altı (sonradan səkkiz) nəfər radiotexniki sistem operatorları üçün üçün kreslolar mövcuddur.
İl-20 təyyarələrin sonradan nisbətən modernləşdirildi, Sovet İttifaqının Hərbi Hava Qüvvələrinin kəşfiyyat aviasiya alaylarının (eskadrilyalarının) tərkibinə daxil edildi və birbaşa Hərbi Dairə komandanlığına tabe edildi. Hər bir Dairədə bir neçə İl-20 kəşfiyyat təyyarəsi mövcud idi. Hazırda Rusiya HHQ-də 15 ədəd İl-20 təyyarəsi istismar edilir.
50 yaşlı sovet təyyarələri hələ də Rusiya silahlanmasında istifadə olunur. Rusiyanın Suriya ərazisinə endirdiyi "Kalibr" raketlərinin uçuş koordinasiyasının təşkilində itkin düşən İl-20 təyyarəsindən istifadə edilməsinə aid məlumatlar mövcuddur.
İl-20 təyyarəsinin uzunluğu 35.9 metr, hündürlüyü 10.17 metr, qanad açılımı isə 37.42 metrdir. 4 mühərrikə sahibdir. Maksimum uçuş kütləsi 64 tondur. Maksimal sürət saatda 675 kilometr, kreyser sürəti isə saatda 620 kilometrdir. Uçuş məsafəsi - 6200 kilometrdir. Ekipaj 13 nəfərdən ibarətdir.
Bu Rusiyanın Suriyada itirdiyi ilk təyyarə deyil. 2015-ci ildə isə Türkiyənin sərhədlərini pozan Rusiyanın Su-24 qırıcısı, HHQ-nin F-16 qırıcısının türk pilotu tərəfindən ilk raketlə məhv edildi. 2018-ci ilin martında isə An-26 təyyarəsi Hmeymim aerodromuna eniş edərkən zolağa 500 metr məsafədə, pilotun səhvi üzündən təyyarənin qanadları, tərk edilmiş boş binaya toxundu və biri general olmaqla 27 rusiyalı zabit həlak oldu.
Az öncə Rusiya Federasiyasının müdafiə nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov İl-20 təyyarəsinin Suriyanın S-200 ZRK tərəfindən vurulmasını təsdiqləyərək İsrail aviasiyasının fəaliyyətini təxribat olaraq dəyərləndirdi və onu düşmənçilik adlandırdı. Onun sözlərinə görə, Rusiya hərbçiləri və hərbi təyyarəsi İsrail hərbçilərinin məsuliyyətsiz hərəkətləri nəticəsində məhv edilib.
Onun sözlərinə görə, Aralıq dənizi üzərində Suriya HHM qüvvələri tərəfindən İl-20 kəşfiyyat təyyarəsinin məhv edilməsinə İsrail pilotlarının hərəkətləri şərait yaradıb. Yəni Rusiya tərəfi İsrailin F-16 qırıcılarının yerdən buraxılan S-200 ZRK-nın zərbəsindən yayınmaq üçün Rusiya təyyarəsinin arxasında gizlənərək, İl-20 təyyarəsini Suriya HHM qüvvələrinin atdığı raket ilə üz-üzə qoyduqlarını bildirir.
Təbii ki, sərnişin tipli bazaya sahib İl-20 təyyarəsinin səthinin effektiv əks olunma əmsalı (EOP) F-16 qırıcısından daha çox olduğu üçün raket Rusiya təyyarəsini məhv edib. Burada bəzi suallar yaranır:
1. İsrail pilotu ona tuşlanan Rusiya raketindən qorunması normal deyilmi?
2. Suriya ərazisində istifadə edilən HHM sistemlərinin heyətinin əksəriyyəti ruslardan ibarət deyilmi?
3. Pilot yerdən ona tərəf buraxılan raketin kim tərəfindən və ya hansı məqsədlə atıldığını hərtərəfli analiz etməyə borcludurmu?
4. İsrail hava hücumu haqqında Rusiyanı xəbərdar etməsinə (son anda-red) baxmayaraq, İl-20 təyyarəsi nə təhlükəli zonadan uzaqlaşmağa, nə əsas aerodroma, nə də ehtiyyat aerodroma enməyə cəhd etdi. 14 saatdan çox havada qala bilən təyyarənin bunu etməməsinin səbəbi nədir?
5. 2175 km/saat sürətlə uçan F-16 qırıcısının 675 km/saat maksimal sürətə malik İl-20 təyyarəsinin arxasında gizlənməyi nə qədər realdır?
6. Deyək ki, İsrail pilotu qırıcını Rusiya təyyarəsinin arxasında gizlətməyə nail oldu. Bəs tanınma sistemi nə üçün mövcuddur?
7. Niyə görə Suriya ordusunda mövcud olan daha müasir HHM sistemlərindən, məsələn S-300 ZRK-dan istifadə edilmədi? Əgər edildisə, nəticələr hanı?
8. Niyə görə Suriyaya öz təyyarələrini tanımayan yararsız ZRK-lar satılır? XXI əsrdə zenit raketi öz təyyarəsi ilə düşmən təyyarəsini tanıya bilmirsə, bu az imiş kimi ona zərbə də endirirsə, o kompleksin istismarı dərhal dayandırmalıdır.
9. Suriya HHM qüvvələri raketin buraxılışı anında təhlükəsiz məsafə haqqında düşündümü?
Hazırda Rusiyanın Müdafiə naziri Şoyqu tərəfindən İsrailli həmkarının ünvanına məsuliyyətin onların üzərinə düşməsinə dair bəyanatlar səslənir. Belə bir ssenari bizə 2015-ci ildən tanışdır. Türkiyə HHQ-nin F-16 pilotu tərəfindən ölkəsinin sərhədlərini pozan Rusiyanın Su-24 təyyarəsinin vurulması zamanı da bənzər vəziyyətlə qarşılaşmışdıq. O zaman Rusiya pilotun qisasını alacağına, Ankaranı cəzalandıracağına dair gurultulu bəyanatlar səsləndirərək Türkiyə pomidorunun Rusiya bazarlarına girişini qadağan etmişdi. Sonradan qısa üzürxaqlıqla ən yaxın müttəfiqə çevrildilər.
Bu dəfə də fərqli bir mənzərə olmayacaq. Bir az sərt bəyanatlar səsləndiriləcək, həlak olan hərbçilərə orden və ya medal verib tərifləyəcəklər. Sonra isə Moskva və Tel Əvivlə barışacaq. Çünki, belə bir həssas dönəmdə nə Rusiyaya, nə də İsrailə münasibətləri pozmaq qətiyyətlə sərf etmir.
Beləliklə, Yaxın Şərqdəki vəziyyət yaxın perspektivdə bir az daha qəlizləşə bilər. Rusiyanın Suriya üzərində hava məkanını bağlamaq üçün cəhd edəcəyi mümkün deyil. Bunun üçün Rusiyanın kifayət qədər HHM vasitəsi yoxdur. Onlar sadəcə Hmeymim və Tartus hərbi bazalarını havadan müdafiə edirlər. Digər ərazilər isə Suriyanın özünün HHM qoşunları ilə aşağı səviyyədə müdafiə olunur.
Digər tərəfdən bu insident zamanı dəqiq proqnozları ilə yadda qalan, özünü mələk kimi məsum aparan ABŞ və onun müttəfiqləri hava məkanını bağlamaq imkanını Rusiyaya verməzlər. İsrail təyyarələri onsuzda Livan ərazisindən də Suriyaya zərbələr endirirlər. Bu il İsrail HHQ Suriya ərazisinə 30-dan çox raket zərbəsi endirib və bir dəfə olsun "cəzalandırılmayıblar". Yəni İsrailin Suriyadakı fəaliyyətlərinə məhdudiyyət tətbiq etmək kənardan göründüyü qədər sadə proses deyil. Rusiyanın texnoloji sahədə İsraildən çox geridə qalması da, rusların qısa müddətdən sonra yəhudilərlə mübarizə aparmaqdansa onlarla əməkdaşlığa üstünlük verəcəyini ehtimal etməyə əsas verir.
Rusiya istehsalı olan hərbi təyyarələr "özümün-özgənin" radiolokasiya sistemi ilə təchiz edilib. HHM qoşunlarının aşkarlama və məhvetmə vasitələri də bu sistemlərilə inteqrasiya edilib və qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bu tanınma sistemi olmadan Suriya səmasında görünmək intihara bərabərdir. Rusiya qoşunlarının Suriyaya yerləşdiyi gündən bu sistemin fəaliyyətdə olması barədə bəyanatlar dəfələrlə səsləndirilib. Bu sistemin fəaliyyətinin Suriya HHM qoşunları ilə razılaşdırılmaması da ağlabatan deyil.
Sonuncu şübhəli məqam axtarışlara başladıqdan iki saat sonra, qara qutunun tapılmamasına baxmayaraq aidiyyəti qurumların İl-20 təyyarəsinin Suriya məxsus, Rusiya istehsalı olan S-200 ZRK ilə vurulduğunu təsdiq etməsindən ibarətdir. Ekspertizanın Suriya ərazisində aparılmasının qeyri-mümkünlüyünü də nəzərə alsaq, belə bir qısa zamanda həm Suriya səmasının tam analiz edilməsi, həm tapılmayan qara qutunun araşdırılması, həm də bu qədər dəqiq nəticənin əldə olunması böyük şübhələr oyadır. Deyirəm, bəlkə İl-20 təyyarəsini məhv edən raket S-200 ZRK-dan deyil, daha müasir, məsələn S-300 və S-400 kompleksindən buraxılıb?
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az