Moskvanın məşhur psixiatrı Nikolu analiz etdi – Şok nəticə
19-09-2018, 12:41
Son dövrlərdə psixoloji terminlərdən tez-tez damğa, təhqir, ləqəb kimi istifadə olunur. Bu terminlərin hər birinin əslində bir sıra simptonlarla xarakterizə olunmaqla bərabər, eyni zamanda, həm də şəxsin peşə və ictimai həyatında davranışını, bacarıqlarını, sağlamlığını, "proqramlarını" müəyyənləşdirən bir xəstəliyi ifadə etdiyini nəzərə almadan onlardan çox asanlıqla istifadə edirlər. Ermənistanın Baş nazir Nikol Paşinyan da bu baxımdan çox tez-tez sosial şəbəkə istifadəçilərinin tədqiqat obyektinə çevrilir.
Axar.az xəbər verir ki, “Yerkramas” informasiya mərkəzi cəmiyyətdə gedən bu tendensiyanı nəzərə alaraq, mütəxəssisə müraciət edib və ondan Nikol Paşinyanın elmi cəhətdən əsaslandırılmış psixoloji portretini hazırlamasını istəyib. Təhlili təqdim olunan Moskvanın məşhur psixiatrı hər kəsə bəlli olan səbəblərə görə adının qeyd olunmamasını istəyib.
O bildirib ki, Nikol Paşinyanın hərtərəfli elmi təhlilinə iddia etmir, ancaq bir sıra faktların üzərində dayanmaq istəyir:
“1. Paşinyanın anasının psixi xəstəliyi barədə tez-tez danışırlar. Onda şizofreniyanın mövcudluğuna dair sənədlər olsa belə, bunun irsi bir xəstəlik deyil, irsi meyilli bir xəstəlik olduğunu nəzərə almaq lazımdır. Yəni bu xəstəliyin irsi olması mütləq deyil. Paşinyanı şizofren adlandıran qeyri-peşəkarlar bir nüansı nəzərə almalıdır – şizofreniya elə düşüncə, emosiya və iradə pozuntuları ilə müşahidə olunur ki, hərbi xidmət yaşına qədər bu xəstəliyin üzə çıxdığı insan 40 yaşında heç bir sahədə mənalı fəaliyyət icra edə bilməz (Qeyd edək ki, N.Paşinyanın hərbi xidmətə şizofreniyadan əziyyət çəkdiyi üçün getmədiyi barədə erməni mediası məlumat yayıb – red.).
2. Nevrasteniya və şəxsiyyətin nevrotik inkişafı ilə bağlı danışıqlar da kifayət qədər əsaslandırılmış deyil. Nevrasteniya hərbi xidmətdən azad etmir, sadəcə, möhlət hüququ verir. Müharibə dövründə nevrasteniklər məhdud yararlı hesab olunurlar.
Son aylarda Paşinyanın davranışını müşahidə etsək, onda davranış və şəxsiyyət pozğunluğu çərçivəsində müxtəlif klinik şəkillərdə qruplaşdırılan kifayət qədər aydın şəkildə nəzərə çarpan xüsusiyyətlər görə bilərik.
Paranoya və elileptoidlik – kin, həddən artıq və ya xəstəlik dərəcəsində özünüsevmə. Nə vaxtsa onunla razılaşmayan hər kəs potensial düşmən olaraq qeyd olunur. Ona qarşı qərəzsiz mövqe nümayiş etdirib, hətta kömək əlini uzadanlar da həmin siyahıya yazılırlar.
İsteroidlik – nümayişkarlıq, eqosentrizm, qeyri-yetkin emosionallıq, yalançılıq. Yalançılıq bütün siyasətçilərdə müşahidə olunur. Ancaq Paşinyan bunun nə qədər yerinə düşdüyünü və ya əxlaqa uyğun olduğunu nəzərə almadan insanların eşitmək istədiyi hər şeyi deməyə hazırdır. Onun nümayişkarlığı digərlərinin başqa cür düşünə, hiss edə biləcəyi və ya fərqli reaksiya verə biləcəyi kimi anlayışları qəbul etməməsi ilə məhdudlaşır. Buna görə də hadisələrə və insanlara uyğunlaşması onun reallıq anlayışının çərçivələri ilə kifayət qədər məhdudlaşır. Empatiyanın olmaması, başqalarının ehtiyaclarını anlamamaq, hadisələrə dərhal reaksiya vermək qabiliyyətinin və ya buna hazırlığın kifayət qədər olmaması, vəziyyəti özünə tərəf yönəltmək arzusu, psixiatrik anlamda olan davranışları onu “isterik” adlandırmağa imkan vermir. Hərəkətlərinin nəticələrini nəzərə almamaq, qeyri-adi vəziyyətlərə cəld şəkildə uyğunlaşmaq qabiliyyətinin olmaması Paşinyana xasdır. Belə vəziyyətlərdə onun reaksiyaları təktiplidir, reallıqlara adekvat deyil, konstruktiv xarakter daşımır.
Müəyyən təhsil və intellektual qabiliyyətlərin məhdudiyyəti ilə davranış xüsusiyyətlərinin bu cür qruplaşması hazırda kifayət qədər az istifadə olunan mozaik psixopatiyanın, konstitusional axmaqlığın kliniki modellərinə çevrilir.
Bu cür psixikadan nə gözləmək olar? Bu cür insanlar həmişə aşağı intellektual səviyyəli olmurlar. Bilik səthi qazanılır, uyğun vəziyyətdə onlardan istifadə edə bilmirlər, lakin ötəri ünsiyyət zamanı xoş təəssürat yarada bilərlər. Formal olaraq yaxşı tərbiyə ediliblər, daha doğrusu, həyata yaxşı uyğunlaşa bilirlər. Kimə pərəstiş etməli, kimlə hesablaşmamalı olduqlarını bilirlər. Buna görə də müəyyən səviyyəyə qədər “müstəqil” yüksəlmək üçün kifayət qədər çevik olurlar. Məhdud intellektual imkanları xüsusən vəziyyətin ani və kəskin şəkildə dəyişdiyi hallarda həqiqətən bir məsələyə köklənmələrinə və mövcud imkanların hamısından istifadə etmələrinə icazə vermir. Ancaq şüuraltında ətraflarındakılara bir çox hallarda güzəştə getdiklərini başa düşürlər. Bu isə onları davranışlarına ciddi şəkildə nəzarət etməyə, ideyaları ilə uyğun gəlməyən istənilən fəaliyyətə təhdid və təcavüz kimi qiymətləndirməyə məcbur edir. Belə daxili gərginlik onları stresə qeyri-davamlı edir. Bu isə müəyyən xəstəliklərə səbəb ola bilər”.