Suraxanıda açıq dövlət talanı: liftləri kim oğurlayır?
2-10-2015, 00:22
Suraxanı Rayonu Hövsan qəsəbəsində binalardan 14 liftin oğurlanması ilə bağlı xəbər vermişdik. Son iki gündə daha 14 lift oğurlanıb. Belə ki, oğurlanan liftlərin sayı 28-ə çatıb. Bu barədə arqument.Az-a Hövsan qəsəbəsində yaşayan sakinlər məlumat veriblər. Hövsan Lift İdarəsinin müdiri Amin Cabbarlı liftlərdə “əyləc dolağı”nın oğurlandığını bildirib.
103 və 104 saylı Mənzil Kommunal İstismar Sahələri də hadisədən məlumatlıdırlar və məsələ ilə bağlı polisə müraciət etdiklərini deyirlər. Amma sakinlər MİKS-lərdən şikayətçidilər. Onlar hər iki MİKS-in məsələyə soyuq yanaşdığını iddia edirlər.
Məsələ ilə bağlı Arqument.Az hər iki MİKS-lə əlaqə saxlayıb, ancaq onlar problemi Lift İdarəsinin üstünə atırlar. Hazırda liftlərin oğurlanmış “əyləc dolağı”nı bərpa etmək üçün sakinlərdən pul yığılır. Hər mənzildən 10 manat pul tələb olunur. MİKS-lərdən və Lift idarəsindən bildiriblər ki, oğurlanan hər bir liftin “əyləc dolağı”nın qiyməti 70 manat civarındadır. Sakinlər pul yığıb “əyləc dolağı”nı aldıqdan sonra binada liftlər işləyəcək
Qeyd edək ki, ötən həftə Hövsan Lift İdarəsinin müdiri Amin Cabbarlı Arqument.Az-a açıqlamasında 10-dan çox binada liftlərin “əyləc dolağı”nın oğurlandığını təsdiq etmişdi. O, bununla bağlı baş idarəyə də məlumat verdiyini demişdi.
Sakinlər isə liftlərdə “əyləc dolağı”nın sadə vətəndaşlar tərəfindən oğurlandığına inanmırlar. Onlar buna görə lift idarəsininin və MKİS işçilərindən şübhələnirlər. Bir həftədən çoxdur ki, məsələ ilə bağlı polisə müraciət edilib, amma hələ ki, tədbir görülmür.
Suraxanı rayon İcra Hakimiyyəti isə problemlə ümumiyyətlə maraqlanmır. Belə ki, icra hakimiyyəti və icra başçısı İlqar Abbasov sakinləri taleyin ümidinə buraxıb. Edilən şikayətlərə də məhəl qoyulmur. Bir sözlə, Suraxanı rayon İcra Hakimiyyətinin başı rayonda torpaq satmağa qarışıb. Yəqin, İlqar Abbasov seçkidən sonra vəzifəsindən gedəcəyinə tam əmindir. Ona görə də rayonun problemləri onun vecinə deyil.
Bir daha xatırladaq ki, 2009-cu ildə ölkə başçısının sərəncamına əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Amma Hövsanda hələ də könhə liftlər fəaliyyət göstərir.
Mövzuya qayıdacağıq.