DTK, BKİ və qurbanlıq Müsəlman Taboru: İnqilabçı əfqan prezidentin sarayı necə ələ keçirildi? – ARAŞDIRMA

19-09-2018, 14:53           
DTK, BKİ və qurbanlıq Müsəlman Taboru: İnqilabçı əfqan prezidentin sarayı necə ələ keçirildi? – ARAŞDIRMA
1979-cu ildə "dost" Əfqanıstana kömək etmək üçün təqdim olunan Sovet qüvvələrinin tərkibinə yalnız yaxşı təlim keçmiş Orta Asiyalı millətlərin nümayəndələrindən ibarət olan nadir və xüsusi bir bölmə daxil etdilər. Bu heyətin mənşəyi sayəsində bu dəstə "Müsəlman taboru" adlandırıldı. Bu tabor təəssüf ki, uzun müddət mövcud olmasa da, özündən sonra parlaq iz qoya bildi.

İlk müsəlman taboru

1979-cu ilin yazında SSRİ rəhbərliyi Əfqanıstandakı vəziyyətin hərbi müdaxilə tələb etdiyini aydın şəkildə anlayırdı. Buna görə hadisələrin istənilən istiqamətdə inkişafının müxtəlif variantına hazır olmaq lazım idi. Dərhal itaətsiz ölkəyə kiçik hərbi bölmələrin sakit və diqqəti cəlb etmədən daxil etmək kimi ideya yarandı. 1979-cu ilin yazın sonlarında SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (BKİ) polkovniki Vasili Kolesnik yerli cənub respublikaların nümayəndələrindən ibarət xüsusi təyinatlı tabor yaratmaq haqqında əmr aldı. Sərəncamı yerinə yetirərkən Kolesnik Sovet İttifaqının müxtəlif hərbi hissələrindən əsgərlər topladı. Onların arasında motoatıcılara, tankçılara, paraşütçülərə və sərhəd mühafizəçilərinə rast gəlmək mümkün idi. Onları Özbəkistanın Çirçik şəhərinə ezam etdilər. Bütün əsgərlər, gizirlər, zabitlər və hətta tabor komandiri də əsasən özbək, türkmən və tacik millətindən və müsəlman olan Orta Asiya vətəndaşları idi. Dəstə daxilində dil ilə bağlı problem movcud deyildi, taciklərin hamısı, türkmənlərin yarısı və özbəklərin də bir hissəsi Əfqanıstanda əsas istifadə edilən dillərdən biri olan fars dilində sərbəst danışırdı.

İlk müsəlman taboru (tarix göstərdi ki, bu sonuncu deyil), Türküstan Hərbi dairəsinin 15-ci briqasının tərkibinə 154-cü əlahiddə xüsusi təyinatlı dəstə kimi, mayor Həbib Tacıbaeviç Halbayevin rəhbərliyi altında daxil oldu.

Əvvəlcə taborun vəzifəsi qısa müddətdə öz ölkəsində sosializm əsaslarına zəmin hazırlamağa çalışan Əfqanıstanın prezidenti Nurməhəmməd Tərakinin mühafizəsindən ibarət idi. Belə radikal dəyişikliklərə qarşı olan insanları sayı kifayət qədər çox idi. Buna görə də Təraki həyatı üçün çox qorxurdu. O dövrdə qan tökülməsi ilə müşayiət olunan siyasi inqilablar Əfqanıstan üçün çox geniş yayılmışdı.

Yeni formalaşan taborun şəxsi heyəti bütün zəruri resurslarla tam təmin olundu, döyüşçülərə avadanlıq və vasitələrlə təminatda məhdudiyyətlər tətbiq edilmədi. Şəxsi heyət tamamilə yeni silahlara sahib oldu. Baş Qərargahın əmri ilə taborun atəş hazırlığı üçün Türküstan Hərbi Dairəsinin ən müasir iki poliqonu - Daşkənd Ali Ümumqoşun Komandirləri və Çirçik Ali Tank Məktəbinin poliqonları ayrıldı.

İyul-avqust aylarında şəxsi heyət döyüş təlimi ilə gücləndirilmiş şəkildə məşğul oldu. Taktiki məşqlər, döyüş maşınlarının idarə edilməsi və atəş təlimləri üzrə məşğələlər hər gün gecə və gündüz keçirilirdi. Döyüşçülərin dözümlülüyü otuz kilometrlik yürüşlərdə yoxlanılırdı. Geniş maddi-texniki bazaya sahib taborun əlbəyaxa döyüş, bütün silah növlərindən atəş açmaq, silahlanmada olan istənilən döyüş vasitələrini ekstremal şəraitdə idarə etmək imkanları yüksək səviyyəyə çatdırıldı.

Moskvada "musbat" adlandırılan taborun şəxsi heyətinə Əfqanıstan Ordusunun uniformasını tikib, zəruri sənədləri hazırladılar. Hər bir döyüşçü əfqan dilində tərtib olunan sənədlərini aldı. Xoşbəxtlikdən yeni adlara ehtiyac qalmadı - hərbi qulluqçular öz adlarından istifadə etdilər. Əfqanıstanda, xüsusilə ölkənin şimalında çoxlu özbək və taciklər yaşayırdı, türkmənlər də var idi.

Tezliklə, tabor Sovet ordusununun formasını əfqan ordusunun formasına dəyişdirdi. Bir-birini tanımaq üçün, dəstənin əsgərləri hər iki qoluna bant sarıdı. Daha real görünmək üçün hərbi qulluqçular daim Əfqanıstan unuformasında təlim keçirdilər ki, forma köhnə görünüşə malik olsun.

Baş Kəşfiyyat İdarəsinin yoxlamasından sonra, tabor Əfqanıstana göndərilməyə hazırlaşdıqda, Kabildə daha bir çevriliş baş verdi. Prezident Tərakinin yaxın silahdaşı Hafizullah Amin ölkəyə nəzarəti ələ alaraq əvvəlki rəhbərliyini devirdi. Şəxsi heyətin intensiv təlimləri dayandırıldı, yuxarı komandanlıq heyətinin tabora səfərləri ara verdi və tabor adi ordunun gündəlik fəaliyyəti ilə məşğul olmağa başladı. Lakin belə bir sakitlik uzun sürmədi, tezliklə Moskvadan intensiv təlimlərə keçmək üçün əmr verildi. Lakin təlimin məqsədi köklü şəkildə dəyişdi. İndi hərbçilər müdafiə üçün deyil, Əfqanıstan hökumətinə qarşı hücum əməliyyatları üçün hazırlaşırdılar. Bu dəfə taborun göndərilməsi gecikmədi. 1979-cu il dekabrın 5-də düşərgə hazırlamaq üçün ilk uçacaq heyətin siyahısı açıqlandı. Taborun əsas hissəsi dekabrın 8-də onlara qoşulmalı idi.

Təyyarədə "Müsəlman taboru"nun əsgərlər qeyri-adi fakta rast gəldilər: təyyarədə yetkinlik yaşında və əsgər şinellərində bir qrup hərbçi də uçurdu. Maraqlanan döyüşçülərə onlarla bir qrup istehkamçının da göndərildiyini dedilər. Yalnız sonradan bu şəxslərin DTK və BKİ-dən mühüm vəzifəli şəxslər olduğu ortaya çıxdı.

Özbək Həbib Halbayevin başçılıq etdiyi heyət, 1979-ci ilin iyulundan Baqramda yerləşən 345-ci əlahiddə desant alayının aviabaza döyüş mühafizə taboru ilə birləşdi. Dekabrın 14-də isə 345-ci əlahiddə desant alayının başqa bir taboru da bu ərazidə möhkəmləndi.

BKİ rəhbərliyinin ilkin planına əsasən, müsəlman taboru Baqramdan hərəkət edərək Kabildə olan Aminin iqamətgahını ələ keçirməli idi. Lakin son anda Amin əsl qalaya bənzəyən "Tac-Bek" iqamətgahına köçdü. Dərhal planlara dəyişiklik edildi. Tabora Kabilə gəlib, "Tac-Bek" yaxınlığında qorunmanı gücləndirmək görüntüsü yaratmaq kimi vəzifə verildi. Dekabrın 20-də səhər saatlarında təxminən BKİ-nin 540 nəfərlik XTT-nin döyüşçüləri Əfqanıstan paytaxtına yollandı.

Görünüşünə görə tabor Əfqanıstan ordusundan fərqlənmirdi və yeni prezident Amin əmin idi ki, gələnlər onun yeni iqamətgahını çöl tərəfdən qoruyacaqlar. Tabor saraya çatana qədər dəfələrlə saxlanıldı, yoxlanıldı, parol soruşuldu, buraxılması üçün rəhbərlikdən icazələr alındı. Kabilin girişində, tabor əfqan zabiti tərəfindən qarşılandı və prezident sarayına qədər müşayiət edildi.

"Tac-Bek" təhlükəsizliyinin ilk səddini Hafizullah Aminin şəxsi mühafizə bölüyü qoruyurdu. Üçüncü səddə isə Aminin köməkçisi mayor Candatın başçılıq etdiyi təhlükəsizlik briqadası cavabdeh idi. Müsəlman taborunu isə ikinci səddə yerləşdirdilər. Sarayın HHM qorunmasını isə zenit alayı təşkil edirdi. Hərbi qulluqçuların ümumi sayı 2500 nəfərdən çox idi.

BKİ-nin döyüşçülərini iqamətgahdan dörd yüz metr aralı məsafədə yerləşən yarımçıq qalan bir binada yerləşdirdilər. Bina pəncərələrində şüşə yox idi, onları əsgər ədyalları əvəz edirdi. Əməliyyat üçün hazırlıqların son mərhələsi başladı. Hər gecə, yaxınlıqdakı təpələrdə əsgərlər yüngül işıqlandırma raketləri buraxırdılar, bokslarda hərbi nəqliyyat vasitələrinin mühərrikləri işə salınırdı. Əfqanıstan təhlükəsizlik xidmətinin rəisi bu cür hərəkətlərdən narazı qalırdı, lakin ona ehtimal olunan döyüş əməliyyatları ilə bağlı olaraq müntəzəm təlimlər keçirildiyini söyləyirdilər. Bütün bunlar gerçək hücum zamanı yerli mühafizəçilərin sayıqlığını "yatırtmaq" üçün edilirdi.

Əməliyyat planını hazırlayan polkovnik Kolesnik sonralar xatırlayırdı: "Mən xəritədə tərtib etdiyim və imzaladığım planı DTK-nın baş məsləhətçisi İvanova və Müdafiə Nazirliyinin baş hərbi məsləhətçisi Məhəmmədova təsdiq etmək üçün təqdim etdim. Onlar planı şifahi şəkildə təsdiqlədilər, lakin imzalarını qoymaq istəmədilər. Aydındır ki, biz rəhbərliyin tapşırıqlarını necə yerinə yetirməyi düşündüyümüzdə, bu hiyləgərlər uğursuzluq halında məsuliyyətdən necə boyun qacıracaqlarını planlaşdırırdı. O zaman mən onların yanında plan üzərində yazdım: "Plan şifahi təsdiqlənib. İmzalamaqdan imtina edilib". Tarixi, saatı qoydum və tabora qayıtdım .. ".

İqamətgaha hücum əməliyyatında DTK-dan mayor Romanov 24 nəfərlik "Qrom" qrupu ilə və mayor Semenov 30 nəfərlik "Zenit" qrupu ilə, BKİ-dən mayor Halbayev 530 nəfərlik "müsəlman taboru" ilə, desant qoşunlarından isə baş leytenant Vostrotin 87 həfərlik desant bölüyü və baş leytenant Savestyanov 27 nəfərlik tank əleyhinə tağımla iştirak edirdilər. Əməliyyata polkovnik Kolesnik rəhbərlik edirdi, onun müavini isə DTK-nın qeyri-leqal kəşfiyyat idarəsinin rəisi general-mayor Drozdov təyin edildi.

Əfqanların şübhələndiyi barədə məlumatlar daxil olduğu üçün bir dəfə əməliyyat təxirə salındı. Dekabrın 26-da əsgərlərə təzə alt paltarları verib hamam təşkil etdilər. Mayor Halbayevə DTK-nın "Qrom" və "Zenit" qruplarını mühafizə etmək və halqadan iqamətgaha keçmək istəyən istənilən qrupu zərərsizləşdirmək əmri verildi. DTK qruplarının əsas vəzifəsi isə sarayı ələ keçirməkdən ibarət idi. 1979-cu ilin dekabrın 27-də saat 7-də "Storm 333" siqnalı ilə DTK qrupları dağ yuxarı irəlləməyə başladılar. Bu vaxt Halbayevin əsgərləri sarayın yaxınlığındakı mühüm mövqeləri və atəş nöqtələrini ələ keçirdilər, mühafizəçiləri aradan götürdülər.

Digər bir qrup isə mühafizədə olan piyada taborunun rəhbərliyini zərərsizləşdirdi. Hücum başladıqdan iyirmi dəqiqə sonra "Qrom" və "Zenit" qrupları döyüş maşınlarında xarici mühafizə səddini yarıb sarayın önündəki meydana daxil oldular. Zirehli maşınların desant bölməsinin qapıları açıldı və əsgərlər cəld yerə endilər, bəziləri isə sarayın 1-ci mərtəbəsinə daxil ola bildilər. Əsasən prezidentin yaxın qohumlarından ibarət olan şəxsi mühafizə bölüyü ilə dəhşətli bir döyüş başladı.

"Müsəlman taboru"nun bir hissəsi və desant bölüyünün əsgərləri xarici qoruma səddi yaratdılar və təhlükəsizlik briqadasının hücumlarını dəf etdilər. BKİ-nin xüsusi təyinatlı qüvvələrinin iki taqımı isə tank və piyada taborlarının yataqxanalarını və tankların yerləşdiyi parkı ələ keçirdi. Bu zaman məlum oldu ki, tank toplarında və pulemyotlarda çaxmaqlar yoxdur. Həmin detallar sovet məsləhətçiləri tərəfindən təmir bəhanəsilə əvvəlcədən çıxarılmışdı.

Sarayda məhvə məhkum olduqlarını anlayan əfqanlar əzmlə mübarizə aparırdılar. Pəncərələrdən açılan qasırğa atəşi xüsusi qüvvələrin yerə uzanmasına səbəb oldu və hücum boğuldu. Bu bir dönüş nöqtəsi idi, təcili olaraq insanları qaldırmaq və sarayda döyüşənlərə kömək etmək üçün irəli atılmağa ehtiyac var idi. Zabitlərdən Boyarinov, Karpuxin və Kozlovun rəhbərliyi altında döyüşçülər yenidən hücuma atıldılar. Sovet əsgərləri ən çox itkini bu zaman verdi. Sarayın pəncərələrinə və qapılarına çatana qədər bir çox döyüşçü yaralandı. Yalnız kiçik bir qrup içəri girə bildi. Binada qəddar bir döyüş oldu. Xüsusi qüvvələr qərarlı hərəkət edirdilər. Lakin, Amini aradan qaldırmaq üçün əsgərlərin sayı çox az idi. Sarayda təxminən iyirmi adam var idi, onların da yarısı yaralı idi. Uzun müddət tərəddüd etməyən polkovnik Boyarinov ön qapıdan çıxaraq "müsəlman taboru"nun döyüşçülərindən kömək istədi. Əlbəttə, düşmən onu gördü, açılan atəşlə 57 yaşlı zabit boynundan yaralandı. Əlbəttə ki, o hücumda iştirak etməli deyildi. Onun vəzifəsi və yaşı əməliyyatı qərargahdan idarə etməyə imkan verirdi. O isə əsl zabit kimi, döyüşçüləri ilə bir sırada hücumda iştirak edirdi.

"Müsəlman taboru"nun döyüşə qatılması saray mühafizəsinin taleyini həll etdi. Aminin 150 nəfərdən ibarət keşikçiləri təslim olmaq istəmirdi və inadkarca müqavimət göstərirdilər. Sovet əsgərlərini qoruyan faktorlardan biri də əfqanların əsasən alman MP-5 tüfəngləri ilə silahlanması idi. Bu silahlar hücumda iştirak edən əsgərlərin zirehli gödəkçələrinə nüfuz edə bilmirdi.

Əsir götürülən Aminin köməkçisinin sözlərinə görə, döyüşün ilk dəqiqələrində prezident rus hərbi məsləhətçilərə saraya hücum barədə məlumat verməyi əmr edib. O, "Bizə Rusiyanın köməyi vacibdir!" deyə qışqırıb. Onun yavəri isə haqlı olaraq "Bizə hücum edənlər elə ruslardır" deyəndə prezident külqabını onun sifətinə çırparaq "Yalan deyirsən, ola bilməz" deyə bağırıb. Sonra "dostları" ilə əlaqə yaratmaq istəyi baş tutmayanda hər şeyi anlayaraq "Düzdür, şübhələnmişdim" deyə acı taleyi ilə barışıb.

Sarayda atəş dumanı seyrəldikdə bara yaxın yerdə Hafizullah Aminin cəsədi tapıldı. Əslində onun ölümünə güllənin və ya əl qumbarasının səbəb olduğu məlum olmadı. Bəzi versiyalarda Aminin öz mühafizəçilərinin gülləsi ilə vurulduğu da iddia edilir. Əməliyyat rəsmi olaraq tamamlandı.

Əfqanlar da daxil olmaqla bütün yaralılara tibbi yardım göstərildi. Mülkiləri mühafizə altında taborun ərazisinə apardılar, sarayın bütün həlak olan müdafiəçilərini isə "Tac-Bek"ə yaxın bir yerdə torpağa basdırdılar. Onların qəbirləri əsir mühafizəçilər tərəfindən qazıldı. Hafizullah Aminin tanınması üçün Bəbrək Karmal dərhal Moskvadan gəldi. Tezliklə Kabil radiostansiyaları hərbi tribunalın qərarı ilə Hafizullah Aminin ölüm cəzasına məhkum edildiyini yayımladı. Daha sonra Bəbrək Karmalın Əfqanıstan xalqına öncədən lentə yazılan müraciəti səsləndi: "Mənim on minlərlə vətəndaşımın qanına bais olan Amin və onun azğınlaşan cəllad, qatil yaxınlarının işgəncə sistemi dağıdıldı".

Qısa, lakin intensiv bir döyüşdə, əfqanların ölü olaraq itkisi təxminən 350 nəfər oldu. Təxminən 1700 nəfər əsir düşdü. Sovet bölmələri 11 nəfər itirdi: müsəlman taborundan 6 nəfər, polkovnik Boyarinov və 4 nəfər desant. Hərbi həkim polkovnik Kuzneçenkov təsadüfən həlak oldu. 38 nəfər müxtəlif dərəcədə yaralandı. Atışma zamanı prezidentin iki gənc oğlu öldürüldü, yaralı qızı ilə dul arvadı isə sağ qaldı. Əvvəlcə onlar taborun ərazisində xüsusi bir otaqda mühafizə olundular, sonra isə hökumət nümayəndələrinə təhvil verildilər. Prezidentin digər müdafiəçilərinin taleyi də faciəli oldu: bir çoxu tezliklə güllələndi, digərləri həbsxanada öldürüldü.

Amin məhv edilən kimi Moskvadan bir təyyarə dərhal Baqrama uçdu. Bu təyyarədə DTK əməkdaşları Əfqanıstanın yeni rəhbərini müşayiət edirdilər. Tu-134 artıq enməyə başladıqda bütün aerodromda birdən-birə işıqlar söndü. Təyyarə yalnız yan fənərlərin köməyi ilə yerə endi. Təyyarənin ekipajı əyləc paraşütünü atdı, lakin təyyarə demək olar ki, zolağın sonuna qədər irəllədi. Sonra məlum oldu ki, aviabazanın rəisi Aminin tərəfdarlarındandır, şübhəli təyyarənin enməsi zamanı qəza təşkil etmək ümidilə işıqlandırmanı söndürüb. Lakin pilotların yüksək bacarığı faciədən qaçmağa imkan verdi.

Daha sonralar əməliyyatla əlaqədar maraqlı faktlar ortaya çıxmağa başladı. Birincisi, məlum olub ki, bütün hücum zamanı komanda məntəqəsi ilə rabitə əlaqəsi olmayıb. Səbəbini isə heç kim aydınlaşdıra bilmədi. Prezidentin məhvi barədə dərhal məlumat vermək cəhdi də uğursuz olub. İkincisi, yalnız bir neçə il sonra, dekabr hadisələrinin iştirakçılarının iclasında prezidentin ölümünün elan edilməsinin ləngidilməsinin hansı faciələrə səbəb olacağı məlum oldu. Sən demə, hərbi rəhbərliyin Amini aradan götürmək üçün ehtiyat planı olub. Prezident sarayının ələ keçirilməsindən az sonra əməliyyatdan xəbərsiz olan Vitebsk diviziyası da eyni hücum tapşırığını alıb! Əgər əməliyyat barədə məlumat bir az da geciksəydi, Belarus diviziyası hücuma keçəcəkdi. Bu zaman baş verə biləcək hadisələri düşünmək belə dəhşətlidir. Qarışıqlıqda ilk əməliyyat iştirakçılarının sağ qalma ehtimalı sıfra bərabər olardı. Çünki, bu tip xüsusi əməliyyatların əsas prinsipi olan "mümkün qədər çox şahid aradan götürülməlidir" burada da tətbiq edilirdi.

Polkovnik Kolesnik sonralar xatırlayırdı: "Hücumdan sonra, növbəti günün axşamı bir Sovet əsgərinin pulemyotdan açdığı avtomatik atəş az qala əməliyyat liderlərinin hamısını o dünyaya göndərəcəkdi. Aminin "Mercedes" avtomobili ilə əməliyyatın uğurla başa çatması şərəfinə təşkil edilən ziyafətdən qayıdarkən, biz desantların qoruması altında olan Baş qərargahın binasının yaxınlığında atəşə tutulduq. Polkovnik-leytenant Şvets asfalt yolda qəribə flaş işıqlanmanı görərək bizə atəş açıldığını anladı. O, cəld avtomobildən düşərək saatdarı səkkiz mərtəbəli söyüş ilə "mükafatlandırdı". Bu parolu söyləməkdən daha yaxşı nəticə verdi. Biz qarovul rəisini çağırdıq. Yaxınlaşan leytenant əvvəlcə bir iki şillə yedi, sonra isə saatdar tərəfindən silah işlədilməsi qaydalarına sona qədər qulaq asdı. Maşına baxan zaman ön kapotda bir neçə güllə çuxuru və dəliyi tapdıq. Bir az daha yüksəkdən atılsaydı nə mən, nə də Kozlov sağ qalmazdıq. Sonda isə general Drozdov baş leytenanta aşağı səslə dedi: "Oğlum, çoz sağ ol ki, əsgərinə yaxşı güllə atmağı öyrətməmisən".

BKİ-nın himayəsi altında yaradılan unikal müsəlman bölməsi sarayın hücumundan dərhal sonra Əfqanıstandan çıxarıldı. Bütün texnika və avadanlıq Vitebsk diviziyasına verildi. Onların yalnız atıcı silahları özlərində qaldı. 1980-ci ilin yanvarın 2-də iki ədəd A-22 təyyarəsi onları Daşkəndə gətirdi. "Müsəlman taborunun" heyəti xüsusi əməliyyatı uğurla həyata keçirdikləri üçün orden və medallarla təltif olundular: yeddi nəfər Lenin ordeni, on nəfər Qırmızı Bayraq ordeni, qırx beş nəfər Qırmızı Ulduz ordeni, qırx altı əsgər "İgidliyə görə" medalı, qalanları isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olundu. Polkovnik Kolesnik Sovet İttifaqı Qəhrəmanı oldu. Tezliklə o, general rütbəsinə də layiq görüldü.

Tabor müvəqqəti olaraq fəaliyyətini dayandırdı, hərbi qulluqçular ehtiyata buraxıldı, bütün zabitlər isə xidmətlərini davam etdirmək üçün müxtəlif qarnizonlara göndərildilər. Yenidən qurulduqda isə, yəni 1981-ci ilin oktyabrında taborda saraya hücumda iştirak edən kimsə yox idi.

Əfqanıstanda çevriliş ilə əlaqədar bir çox hadisələr Sovet mətbuatı tərəfindən tamamilə fərqli bir formada təqdim edildi. Medianin orijinal versiyasına görə, prezident Amin həbs olunaraq ədalətli mühakimə ilə ölümünə məhkum edilib. Bu barədə film də əvvəlcədən çəkildi və Aminin ölümündən sonra dərhal nümayiş etdirildi.

Sovet İttifaqının xüsusi təyinatlı qüvvələrinin iştirakı və Aminin əsl ölümü ilə bağlı həqiqətlər heç bir yerdə qeyd edilməyib. Ehtimal edirəm ki, "müsəlman taboru"nun tələsik ləğvi və şəxsi heyətin "səpələnməsi" də bu izləri itirmək məqsədi daşıyıb.

Hafizullah Aminin öldürülməsindən sonra, 40-cı ordunun hərbi hissələri Əfqanıstana daxil oldular. Onlar mərkəz şəhərləri, rayonları, kəndləri, inzibati və sənaye obyektlərini, avtomobil yollarını, aerodromları, dağ aşırımlarını nəzarət altına aldılar. Əvvəlcə heç kim döyüşmək istəmirdi, sadəcə yerli əhalinin ciddi niyyətlərinə inanmaları ümid edilirdi. Həddindən artıq çətin bir vəziyyət yaranarsa, döyüşün gələcək miqyasının genişləndirməməklə, bütün problemlərin kiçik qanla həll edilməsi nəzərdə tutulurdu. Baş qərargahın da mövqeyi belə idi ki, yalnız hərbi qüvvələrin qüdrətini, raket qurğularını, tankları, artilleriyanı nümayiş etdirmək kifayət edəcək. Bu, müxalif insanların qəlbində dəhşətə səbəb olacaq, nəticədə onlar təslim olmağa və ya qacıb dağılmağa üstünlük verəcək. Əslində isə tam tərsi oldu. İslam ölkəsində kənar əsgərlərin görünməsi, erkən uşaqlıq illərindən silahdan istifadə etməyi bacaran, təcrübəli vətəndaş müharibəsinin iştirakçılarının daxili münaqişəni sovetlərə qarşı cihada çevrilmələrinə səbəb oldu.

Prezidentin məhv edilməsi əməliyyatı uğurla başa çatmasına baxmayaraq, Qərb ölkələri dərhal bu aktı SSRİ tərəfindən Əfqanıstanın işğalı kimi dəyərləndirdilər. Əfqanıstanın sonrakı liderlərini Karmal və Nəcibullahı isə "rus marionetləri" adlandırdılar.

1981-ci ilin oktyabrın 30-da gecə saat ikidə əvvəllər "müsəlman taboru" adlandırılan dəstə yenidən SSRİ-nin dövlət sərhədini keçərək daimi yaşayış məntəqəsinə doğru irəllədi. Beləliklə Əfqanıstan torpağına "müsəlman taboru" ikinci dəfə ayaq basdı. Taborun yeni komandiri mayor İqor Stoderevski müharibənin sonuna qədər bu dəstədə xidmət etdi.

Yazı İqor Sulimovun məlumatları əsasında hazırlanıb
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.