İlyas İsmayılovun oğlunun öldürülmə səbəbi açıqlandı
20-09-2018, 07:14
İnşaat və təşkilati işlər sahəsində biznes ortaqları olan İsmayılov və Gözəlov arasında pul haqq-hesabı var imiş
Xəbər verdiyimiz kimi İstanbulun Florya rayonunda azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb.
Başından 2 və ürəyindən 1 güllə ilə yaralanan İsmayılov aparıldığı xəstəxanada vəfat edib.
Polisin məlumatına görə, silahlı hücumu Azərbaycan əsilli Gözəl Dəmirov həyata keçirib. Hadisə yerindən qaçan Dəmirovun yaxalanması üçün polis əməliyyata başlayıb.
Bu arada silahlı qətlin hansı şəraitdə törədildiyi məlum olub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, sentyabrın 19-da axşam saat 21:00 radələrində şirkətin ofisində İsmayılovla Dəmirov arasında mübahisə baş verib.
İnşaat və təşkilati işlər sahəsində biznes ortaqları olan İsmayılov və Gözəlov arasında pul haqq-hesabı var imiş. Onlar bu məsələni müzakirə edərkən münaqişə yaranıb. Gözəlov yanındakı silahı ilə İsmayılovu atəşə tutub. Ağır yaralanan İsmayılov təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Etimad İsmayılov 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın Baş prokuroru və Ədliyyə naziri işləmiş İlyas İsmayılovun oğludur. O, həmçinin tanınmış teleaparıcı Sevil Nuriyevanın həyat yoldaşıdır.
Gözəl Dəmirova gəldikdə isə o, 90-cı illərin əvvəllərində Azərbaycan DİN-də idarə rəisi olub, istefada olan polkovnikdir. Türkiyədə iri biznesə malikdir.