Dövlət saytlara pul ayırsınmı? – baş redaktorlar danışır /SORĞU

9-10-2018, 15:11           
Dövlət saytlara pul ayırsınmı? – baş redaktorlar danışır /SORĞU
Elektron mediaya dövlət tərəfindən maliyyə yardımı ayrılması təklifi vaxtaşırı səslənir, baş redaktorlar, media ekspertləri bu məsələni gündəmə gətirirlər.

Mətbuat Şurası sədri Əflatun Amaşov da bir neçə dəfə onlayn KİV-ə maliyyə dəstəyinin vacibliyini vurğulayıb. Lakin ortalıqda real addımlar yoxdur.

Baxmayaraq ki, sürətlə xəbər portallarının sayı artır, internet mediasında bir bum yaşanır, ancaq çap mediasına ayrılan dövlətin pulu elektron mətbuata ayrılmır.

Xalid Kazımlı: “Elektron mediaya qoyulan maya batmır”


AzEuroNews.com-a danışan Musavat.com xəbər portalının baş redaktoru Xalid Kazımlının fikrincə, əgər dövlət çap mediasına yardım edirsə, eyni şeyi elektron mediaya da edə bilər:

“Təcrübə göstərir ki, elektron mediaya dövlət tərəfindən qoyulan maya batmır, əksinə, daha effektiv olur. Çünki ölkənin tanınması, reklamı, özünə bəlli həqiqətlərinin beynəlxalq miqyasa çıxarılması üçün elektron medianın imkanları daha böyükdür.

Demək, daha güclü, daha populyar və maraqlı olmaq üçün daha çox maliyyəyə ehtiyac var. Gözümüzün önündə dünyanı fəth etmiş “əl-Cəzirə” fenomeni var”.

Zahir Əzəmət: “Dəstək nəinki lazımdır, hətta xeyli gec qalınıb”


Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət dövlətin elektron KİV-ə dəstəyinin tərəfdarıdır: “Amma bu dəstəyin forması, üslubu necə olacaq? Bu suallara cavab tapmaq lazımdır. Deməli, öncə aparıcı elektron media təmsilçiləri ilə mövzunun detallı müzakirəsinə ehtiyac var.

Məsələ təkcə maddi dəstəkdən getmir. Bu gün internet medianın nə texniki bazası, nə təhlükəsizlik məsələləri yetərli səviyyədədir. Reklam bazarının təşkili, spesifik kadrların hazırlığı kimi problemlər də var.

Bu problemlər ildən-ilə artır və dərinləşir. Dövlətin informasiya təhlükəsizliyi baxımından da bunların həlli vacibdir. Ona görə də dəstək nəinki lazımdır, hətta xeyli gec qalınıb deyə bilərəm”.

Həbibə Abdulla: “Bizə deyilib filan şöbədən razılıq alın, reklam verək”


AFN.az-ın baş yazarı Həbibə Abdulla hesab edir ki, dövlətin KİV-ə ən böyük dəstəyi reklam bazarının, necə deyərlər açıq elan edilməsi ola bilər:

“Sirr deyil ki, Azərbaycanda reklam verənlər yazılı və elektron mediaya qapalıdır, bunun da başında hökumətin media siyasətinə məsul şəxslər dayanır. Şəxsən biz AFN olaraq reklam istəyəndə dəfələrlə olub ki, bizə deyilib filan şöbədən razılıq alın verək.

Belə bir durumda əlbəttə ki, elektron media möhtac duruma düşür, xüsusilə də əsl jurnalistika ilə məşğul olmaq istəyənlər müxtəlif mənbələrə baş vurmalı olurlar. Təbii, dövlətdən dəstək almaq olar, amma bu dəstək KİV-i ələ almaq, əldə saxlamaq üçündürsə elə birinci növbədə ziyan dövlətə dəyəcək.

Odur ki, ən yaxşısı medianın özünün qazanmasını, dolanmasını təmin etmək lazımdır. KİV DF vasitəsilə qəzetlərə maliyyə ayrıldı nəticə ortadadır, elektron mediaya ayrılsa başqa mənzərənin yaranacağına inanmıram. Zatən bəzi saytlara qeyri-rəsmi formada vəsait ayrılır və biz onların mövqeyini görürük”.

Aqil Ələsgər: “Təməli Elnur Aslanovla Elnur Baimov tərəfindən atılmış monopoliya…”

Yenicag.az-ın baş redaktoru Aqil Ələsgər də o fikirdədir ki, indiki şəraitdə yardım zəruridir: “Çünki normal ölkələrdəki reklam bazarının şərtləri təəssüf ki, ölkəmizdə keçərli deyil. Məsələn, saytların reytinq şkalası, səhifələnməsi filan deyil, təməli Elnur Aslanovla və Elnur Baimov tərəfindən atılmış bir qrup reklam bazarını monopoliyada saxlayırlar.

Təəssüf ki, müştəriləri də bunlar yönləndirdiyi üçün öz zəhməti ilə ayaqda qalan saytlar reklam üzü görmür. Bu səbəbdən də hesab edirəm ki, dövlətdən dəstək istəməkdən başqa çarəmiz yoxdur.

Ya saytlarla müştəriləri arasındakı bu baryerlər ortadan qaldırılmalı, normal reklam mühiti yaradılmalıdır, ya da dövlətin dəstəyi ilə ayaqda qalmalıyıq. Ancaq daha gözəl olardı ki, reklam bazarı formalaşsın və hər sayt gücünə görə, reklam alsın”.

Azər Qaramanlı: “Qanunla necə tənzimlənəcək?”


PİA.az-ın baş redaktoru Azər Qaramanlının sözlərinə görə, hazırda mediada əsas narahatlıq yaradan məsələrdən biri lazımsız və heç ehtiyac olmayan məhdudiyyətlərin kimlərinsə tərəfindən ortaya atılmasıdır:

“Onlardan biri də uzun illərdir ortada gəzən onlayn medianın dövlət tərəfindən maliyyələşdirilməsidir. Dövlət resursları ilə mediyanın maliyyələşməsi barədə başda hörmətli Əflatun müəllim olmaqla dəfələrlə təkliflər verilib.

Medianı dövlət və yaxud hakimiyyət maliyyələşdirəcəksə, bu zaman o, media müstəqil ictimai rəy formalaşdıran dördüncü hakimiyyət olmaqdan çıxacaq, ideoloji rupora çevriləcək. Mən anlamıram, medianın maliyyələşdirilməsi qanunla necə tənzimlənəcək?

Hətta KİVDF çərçivəsində belə mediaya yardım edilməsi ciddi ədalətsizliklərə yol açır. Media iki-üç yerə parçalanır və ən əsası media öz mahiyyət anlayışından kənara çıxır.

Ona görə də mən başqalarından fərqli olaraq heç bir zaman medianın dövlət tərəfindən maliyyələşdirilməsinin tərəfdarı olmamışam. Medianın maddi problemlərinin həlli ancaq iqtisadiyyatın liberallaşması və monopoliyanın ortadan qalxması ilə mümkündür.

Azad bazar şəraiti kimin yaşayıb, kimin yox olmasına qərar verməlidir və o zaman doğurdan hər kəs öz qələminin, öz istedadının çörəyini yemiş olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.