“İrimiqyaslı müharibə riski getdikcə artır” – Azad İsazadə

5-10-2015, 20:49           
“İrimiqyaslı müharibə riski getdikcə artır” – Azad İsazadə
ABŞ-ın özəl kəşfiyyat şirkəti olan “Stratfor” Azərbaycanla Rusiya arasında Qarabağa dair hansısa gizli sövdələşmə ehtimalından bəhs edilən bir yazı-hesabat hazırlayıb. Yazı müəlliflərinin birmənalı iddialarına görə, bu sövdələşmənin bir hissəsi kimi Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək, ətraf rayonlar Azərbaycana qaytarılacaq.

Üstəlik “Stratfor” vitse-prezidenti Bhalla bildirib ki, Azərbaycan öz ərazilərini geri qaytarmaq istəyir və Rəsmi Bakı Qarabağı qaytarmaq üçün hansı güzəştə gedəcək?

Bəs bu məsələ doğrudan da realdırsa Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hansı risklərə gedə bilər? Sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadə Hafta.az-a açıqlamasında bildirib ki, sözsüz ki, bu təşkilat dünya miqyasında olduqca samballı bir mərkəzdir:

“Bu analitik mərkəz qeyri-kökumət təşkilatıdır. Həmin araşdırma ilə mən də tanışam. Onların hazırladıqları sadəcə bir araşdırmadır. Sözsüz ki, bu təşkilat dünya miqyasında olduqca samballı bir mərkəzdir. Adətən boş yerə heç nə demir. Biz bu məlumata ən azından çox ciddi yanaşmalıyıq. Etiraf edək ki, bu söhbətlər bir neçə aydır ki, gedir. Rusiyanın Minsk qrupundan kənarda Ermənistan və Azərbaycanla danışıqlar aparıb bir neçə rayonumuzun bizə qaytarılması ilk dəfə deyil ki, gündəmə gəlir. Bunun əvəzində də Rusiya Dağlıq Qarabağın ermənilər yaşıyan hissəsində sülhməramlı qoşunlarını yerləşdirmək niyyəti güdür. Birincisi, bu Minsk qrupunun çərçivəsinə zidd bir addım olacaq. İkincisi, ATƏT-in Minsk qrupunun mandatına görə, sülhməramlı qüvvələr yerləşdirilsə də həmsədr ölkələrin qüvvələri olmamalıdır. Yəni, nə rus, nə fransız, nə də amerikan qoşunları olmamalıdır. Sülməramlı qüvvələr kimi Dağlıq Qarabağa ancaq üçüncü qüvvələrin qoşunları yerləşdirilə bilər. Çox güman ki, bu növbəti planlardan biridir. Buna real plan kimi sadəcə bir neçə planın çərçivəsində baxmaq olar. Bu planın rallaşması mümkündür amma hələlik bunun işartıları görünmür”.

Azad İsazadə araşdırmada qeyd olunan “müharibəyə sürüklənmə” məsələsinə də münasibət bildirib. Hərbi ekspert vurğulayıb ki, Azərbaycan xalqı onsuz da iyirmi ildir müharibəyə sürüklənmə vəziyyətində yaşayır:

“Elə hər iki tərəfdə vəziyyət bu cürdür; atəşkəs və mövqe döyüşləri aparılır. Adətən bu sürüklənmə doğru istiqamət və bunun əksi baş verir, belə ki, vəziiyət kəskinləşəndə buraya xarici emissarlar gəlir, vəziyyət sabitləşir. Bəzən də bunun əksi baş verir. Xarici emissarların gəlişindən sonra vəziyyət gərginləşir və s. Müharibə riski daimi olaraq qalır. Sadəcə bu riskin faizindən söhbət gedə bilər. İkinci bir tərəfdən dəfələrlə müharibə yox, “imitasiya vəziyyəti” fikri səsləndirilib. Bu Ermənistan hakimiyyətinə daha vacibdir. Onlar deyəcəklər ki, biz torpaqları elə -belə qaytarmamışıq. Onlar qeyd edəcəklər ki, biz çalışdıq amma Azərbaycan Ordusu ilə bacarmadıq. Onlar yeni bir hiylə işlədərək bildirəcəklər ki, amma biz bu ordu ilə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin edə bilərik. Baxın, belə bir forma da mövcuddur. Amma reallığın nə cür olacağını proqnoz etmək olduqca çətindir. Genişmiqyaslı hərbi əməliyyatların başlanılması riski olduqca yüksəkdir. Qeyd edim ki, o məqam hələ tam olaraq gəlib çatmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.