İsa Nəcəfovun KM-nin dollar kreditləri ilə bağlı qərarına xüsusi rəyi kimlərisə rahatsız edib...

12-10-2018, 07:20           
İsa Nəcəfovun KM-nin dollar kreditləri ilə bağlı qərarına xüsusi rəyi kimlərisə rahatsız edib...
Adının açıqlanmasını istəməyən oxucumuz iddia edir ki, son günlər İngiltərədə mühacirətdə yaşayan hüquqşünas Qurban Məmmədovla Fransaya sığınan Vidadi İsgəndərli arasında yaşanan söz atışması zamanı Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovla bağlı həqiqətə uyğun olmayan iddia dilə gətirilib.
Belə ki, oxucumuzun sözlərinə görə, Vidadi İsgəndərli guya Qurban Məmmədovla bağlı daha dərinə getməməsi üçün Azərbaycandan çox nüfuzlu bir adamın - İ. Nəcəfovun ona ağız açdığını bildirib. Halbuki İsa Nəcəfəovun Qurban Məmmədovla bağlı nəinki Vidadi İsgəndərlidən, hansısa Allah bəndəsindən xahiş etməsi qeyri-mümkündür. Çünki hələ 1998-ci ilin əvvəlində məhz o vaxt baş prokurorun 1 ci müavini olan İsa Nəcəfəovun sanksiyası və ittiham aktı ilə Qurban Məmmədovla bağlı cinayət işi qaldırılıb və o 5 il müddətinə azadlıqdan məhrum edilərək cəzasını günəgün çəkib.

Oxucumuz iddia edir ki, İsa Nəcəfov heç zaman siyasətlə məşğul olmayıb və Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi fəaliyyət göstərib, bu gün də Konstitusiya Məhkəməsinin hakimi kimi xalqın mənafeyini hər şeydən üstün tutur. Necə ki, Konstitusiya Məhkəməsinin dollarla götürülən kreditlərlə bağlı son qərarına yeganə etiraz edən hakim kimi cəmiyyətdə hər kəsin rəğbətini qazanıb.

Yeri gəlmişkən, oxucumuz xahiş edir ki, İ. Nəcəfovun KM tərəfindən sentyabrda çıxarılmış adalətsiz qərara xüsusi rəyini də saytda yerləşdirək:

"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 07 sentyabr 2018-ci il tarixli Qərarından hakim İ.Nəcəfovun

Xüsusi rəyi

Konstitusiya Məhkəməsinin Plenum qərarına hörmətlə yanaşaraq, qərarın təsviri-əsaslandırıcı hissəsi ilə qismən razıyam, nəticə hissəsi ilə isə razı deyiləm. Buna görə də xüsusi rəyimi bildirirəm.

Vətəndaş mənzil almaq məqsədi ilə bankla kredit müqaviləsi bağlayaraq, illik 19 faiz olmaqla, 48 ay müddətinə 102.000 ABŞ dolları kredit götürmüşdür. Və həmin müqavilə öhdəliyinin təminatı kimi də üçüncü bir şəxs S.Nəcəfova ilə zaminlik və ipoteka müqavilələri bağlamışdır. Vətəndaş borc aldığı vaxt 1 ABŞ dolları Azərbaycan manatına nisbəti 0,78 manat olmuş, cəmi 12 gün sonra 1 ABŞ dolları 1,05 manat, bir müddət sonra 1,50 manat, qısa müddətdə isə 1,75 manat olmuşdur. Vətəndaşın da bu halla bağlı vəziyyəti pisləşmiş və bağladığı müqavilənin şərtlərinin dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə banka müraciət etmişdir. Lakin razılığa gəlmədikləri üçün MM-nin “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” adlı 422-ci maddəsini qanuni əsas kimi göstərərək bankla bağladığı müqavilənin ləğvini və ya dəyişdirilməsini məhkəmədən tələb etmişdir.

Qeyd edilən halın nəticəsi olaraq son illər məhkəmələrdə bank-kredit münasibətlərindən əmələ gələn mübahisələrin sayı çoxalmışdır. Bu cür işlərin həlli ilə əlaqədar düzgün hüquq normasının tətbiqi zamanı fikir müxtəlifliyi yaranmışdır.

Məhz buna görə də, bu münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsindən örtü Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Konstitusiya Məhkəməsinin Plenum materiallarından görünür ki, manatın devalvasiyası nəicəsində vətəndaş banka 190.000 manat əsas kredit və illik bank faizinin 19% olmaqla, ümumi məbləği 30 min manatadək bank faizi verməlidir. Ödəmə müddətinin də 4 il olmasını nəzərə alsaq, onda başa düşmək olar ki, kreditorun maliyyə vəziyyəti necə olacaqdır.

Konstitusiyamızın 16-cı maddəsində qeyd edilmiş, “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır” və 149-cu maddədə göstərilmiş, “Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətlərə) əsaslanmalıdır” kimi müddəalara əsaslanaraq, qanunverici ictimai münasibətlərdə belə halları, o cümlədən, milli valyutanın devalvasiyası riskinin yüksək olmasını nəzərə alaraq zənnimizcə 422-ci maddəni Mülki Məcəlləyə daxil etmişdir.

Digər tərəfdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kredit borclarını ipoteka borclarından fərqləndirmək lazımdır. Sahibkar daşınmaz kapitala sahib olduğu halda, mənzil almaq üçün ipoteka borc müqaviləsinə girənin daşınmaz kapitalı yoxdur.

Kredit münasibətləri bazar iqtisadiyyatında gündəlik iqtisadi münasibətlərdə hakim yer tutan münasibətlərdir. Pul vahidinin məzənnəsinin sabitliyi, eləcə də iqtisadiyyatı inkişaf etmiş ölkələrdə mütəmadi qalxıb düşməsi maliyyə şəraitin göstəricisidir. Və insanların həyat səviyyəsi bundan çox asılıdır.

Milli valyutanın kəskin düşməsi həyat səviyyəsinin aşağı düşməsidir.

Məhkəmələrdə baxılan işlərin sayı barədə statistik məlumatları, eləcə də, müflisləşmə nəticəsində 12 bank şəbəkəsinin bağlanmasını, əməkdaşlarının işsiz qalmasını, on milyardlarla bank kapitalının geri qaytarılmamasını nəzərə alsaq, haqlı olaraq qeyd edərik ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Və vətəndaş, bu halda bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır.

Hakim: İsa Nəcəfov"
Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.