Aİİ-də İctimai Nəzarət Şurasının iclası keçirilib

28-12-2018, 20:53           
Aİİ-də İctimai Nəzarət Şurasının iclası keçirilib
Teref.az - Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İctimai Nəzarət Şurasının iclası keçirilib.
Aİİ rektoru Ceyhun Məmmədov Şura üzvlərinə Aİİ-nin strukturu və inkişaf strategiyası, elm və tədris fəaliyyəti haqqında ətraflı məlumat verib, nəzərdə tutulan hədəflərə nail olmaq üçün Şura tərəfindən dəyərli təkliflərin veriləcəyinə əmin olduğunu bildirib.
İnstitutda imtahanların təşkili barədə çıxış edən rektor Ceyhun Məmmədov bildirib ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilir.
İclasda Şuranın fəaliyyət planı, Aİİ-də təşkil olunan qış imtahan sessiyası zamanı rektorun qəbul günlərində qurum üzvlərinin iştirakı, “açıq qapı” günlərinin təşkili, Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin iştirakı ilə sessiyanın monitorinqinin aparılması, üzvlərin müxtəlif vaxtlarda imtahan prosesini izləmələri üçün şəraitin yaradılması müzakirə olunub.
Görüşün sonunda İctimai Nəzarət Şurasının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə qurum üzvləri tərəfindən təkliflər verilib.
Xatırladaq ki, İctimai Nəzarət və Məsləhət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.