Aİİ-də imtahan sessiyası başladı

8-01-2019, 14:32           
Aİİ-də imtahan sessiyası başladı
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestrinin qış imtahan sessiyasına start verilib. Yanvarın 31-dək davam edəcək sessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı, test üsulu və zəruri hallarda şifahi formada keçirilir.
Aİİ rektoru Ceyhun Məmmədov imtahanlardan əvvəl tələbələrlə görüşüb, onlara uğurlar diləyib: “İlahiyyat İnstitutunun tələbələri olaraq, üzərinizə düşən məsuliyyət həm ağır, həm də şərəflidir. Sizə bu şərəfli yolda nailiyyətlər arzulayıram”.
O bildirib ki, imtahanlara hazırlıq maksimum səviyyədə təşkil olunub, sessiyaöncəsi təlimlər, sorğular keçirilib. Bildirilib ki, tələbə mərkəzli İnstitut olmaq üçün tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi qarşıya məqsəd qoyulub. İmtahanlar keçirilərkən cavabların əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndiriləcəyi diqqətə çatdırılıb.
Rektor tələbələrə imtahanlar zamanı yarana biləcək problemlərin aradan qaldırılması üçün imtahan prosesində aktiv olmağı, sorğu qutularına bu məsələlərlə bağlı rəylərini yazmağı tövsiyə edib.
Rektor tələbələri narahat edən məsələlərlə maraqlanıb, onların imtahan sessiyasını uğurla adlayacaqlarından əminliyini ifadə edib. C.Məmmədov tələbələrə sessiya günlərində imtahanların gedişatını şəxsən izləyəcəyini, hər hansı bir problem yaranacağı təqdirdə, ona müraciət edə biləcəklərini bildirib.
Qeyd edək ki, 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasını Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tənzimləyici əmr imzalayıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.