İsmayıllı rayonu ilə Cənubi Çexiya regionu arasında əlaqələr genişlənir
21-10-2019, 12:55
İsmayıllı rayonu ilə Çex Respublikasının Cənubi Çexiya regionu arasında əlaqələrin genişləndirilməsi, o cümlədən İsmayıllıda “Kardioloji və ürək cərrahiyəsi üzrə tibb mərkəzinin yaradılması” layihəsi üzrə müzakirələrin davam etdirilməsi məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov və Mərkəzi Xəstəxananın şöbə müdiri Firidun Ağayev Çexiyaya səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Cənubi Çexiya regionunun Mərkəzi Klinikasının işçi heyəti və səhiyyə xidməti fəaliyyəti ilə yaxından tanış olublar.
Səfərin növbəti günündə Azərbaycanın Çexiyadakı müvəqqəti işlər vəkili Etibar Abdullayev, Çexiyada fəaliyyət göstərən Azərbaycanlıların icması təşkilatının həmtəsisçisi Elçin Kazımov, İsmayıllı rayonunun nümayəndələri Mahmud Süleymanov və Firidun Ağayev, Çexiyanın tanınmış iş adamı Pavel Dlohi, Çeske Budovitse Mərkəzi xəstəxanasının baş həkimi Viladislov Peşl İsmayıllıda “Kardioloji və ürək cərrahiyyəsi üzrə tibb mərkəzinin yaradılması” layihəsi üzrə danışıqlar aparıblar. Nəticə olaraq layihənin gerçəkləşməsi üçün hər iki tərəfdən növbəti addımların atılması barədə razılığa gəlinib.
Səfərin yekunları göstərib ki, ətraf bölgələr də daxil olmaqla İsmayıllının çox ehtiyac duyduğu Kardioloji və ürək cərrahiyyəsi mərkəzinin açılması yaxın zamanlarda mümkün olacaqdır.