Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir
1-06-2020, 17:15
Teref.az - Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Nəsimi rayonu ərazisində genişmiqyaslı qabaqlayıcı tədbirlər davam etdirilir.
Teref.az xəbər verir ki, rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq keçirilən tədbirlər çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllüləri və Nəsimi Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri tərəfindən rayonun əhalinin sıx toplaşdığı ərazilərində vətəndaşlara pulsuz tibbi maskaların paylanılması davam etdirilir.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllüləri və Nəsimi Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri rayon ərazisində sakinlərlə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünü təcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etməyi, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı tövsiyyə ediblər.
Həmçinin avtobus dayanacaqlarına, ictimai nəqliyyat vasitələrinə, parklardakı oturacaq və söhbətgahlara, ticarət və xidmət obyektlərinin girişlərinə maarifləndirici vərəqələr vurulmuş, vətəndaşlara maarifləndirici bukletlər paylanılmışdır.
Aksiyanı razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.