Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

15-09-2020, 20:43           
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
Yenilənmiş həyət Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən, 1500 nəfərə yaxın sakinin yaşadığı 88, 90, 92 saylı binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançası, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb.
Eyni zamanda, ərazidə 8 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 30 ədəd ağac əkilib və 1330 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.
Yenilənmiş həyətdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, dezinfeksiya dispanserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.