Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs - İsrafil Kərimov

14-04-2021, 17:43           
 Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs - İsrafil Kərimov
44 günlük İkinci Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbə Cənubi Qafqazda yeni geopolitik vəziyyət yaradıb. Yaranmış şərait beynəlxalq təhlükəsizlik sisteminə də təsir etməyə başlayıb.
Rəsmi Bakının apardığı daxili və xarici siyasət nəticəsində beynəlxalq təşkilatların, o cümlədən BMT, İƏT və başqa beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qərar və qətnamələri, tərəfdaş və dost ölkələrin səyləri, ölkəmizin əleyhinə atılmasına cəhd göstərilən addımların qarşısını alır. Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində Ermənistan bütün enerji, nəqliyyat və digər layihələrdən təcrid olunub, iqtisadi cəhətdən çökdürülüb, dalanda qalan ölkəyə çevrilib.
Azərbaycan əldə etdiyi uğurlarla öyünə bilər. Prezident İlham Əliyev bu istiqamətdə keçirilən bütün tədbirlərdəki çıxışlarında əldə edilən zəfərdən danışır. Dövlət başçısı Vətən müharibəsindən əvvəlki çıxışlarında Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyini bütün tədbirlərdə, o cümlədən beynəlxalq yığıncaqlarda əminliklə bəyan edirdi. Noyabrın 10-dan sonra bunların söz və vəd olmadığı təsdiqləndi. Azərbaycan əsgəri 44 günlük döyüşlərdə düşmən ordusunu darmadağın edib, hərbi texnikasını, silah-sursatını qənmət kimi götürüb.
Aprelin 12-də Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında təltif olunan hərbi qulluqçularla görüşdə Vətən müharibəsində qazanılan qələbənin əsasında dayanan amillərdən danışıb. Həmin görüşdə dövlət başçısı Azərbaycanın ictimai-siyasi, hərbi və iqisadi həyatı üçün vacib olan məsələlərə də toxunub. Əvvəlcə onu qeyd etmək lazımdır ki, görüş yerinin Yeni bulvar ərazisində seçilməsi heç də təsadüfi deyildi. Bunun rəmzi mənası var. Yeni bulvar Azərbaycanın qüdrətini, iqtisadi gücünü, yenilik və müasirliyini, dövlətin öz vətəndaşlarına olan qayğı və diqqətini təcəssüm etdirir. Həmin ərazidə Hərbi Qənimətlər Parkının yerləşməsi Azərbaycanın Vətən müharibəsində qələbəsini, ölkəmizin gücünü nümayiş etdirir.
Azərbaycanın döyüşlərdə qələbə qazanmasının əsasında ilk növbədə inkişaf, güc, Vətən sevgisi və yeniliklər dayanır. Dövlət başçısı yürütdüyü məqsədyönlü siyasətlə bütün bu amilləri qələbənin təmin olunması üçün birləşdirib. Qələbənin təmin olunmasının əsas səbəblərindən biri heç şübhəsiz iqtisadi məsələdir. Azərbaycan malik olduğu hərbi texnika və silah-sursatı müxtəlif ölkələrdən öz maliyyə vəsaiti hesabına əldə edib.
Dövlət başçısının 2003-cü ildən etibarən nümayiş etdirdiyi prinsipiallıq, qətiyyət, düşünülmüş siyasət nəticəsində regionda güclü Azərbaycan dövləti qurulur, milli maraqlar müdafiə və təmin edilir. Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını vəd edən Prezident İlham Əliyev sözünü yerinə yetirdi, xalqın etimadını tam doğrultdu, işğal altında olan torpaqları azad etdi. Ona görə də İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşdə uğurların əsasında dayanan amillərdən biri olan iqtisadi müstəqillikdən danışıb. Dövlət başçısı Azərbaycanın güclü hərbi texnika, silah-sursatı müstəqil iqtisadiyyat nəticəsində əldə etdiyini vurğulayıb.
İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü göstərdi. Azərbaycan dünyada heç vaxt nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı və XXl əsrin müharibəsini apardığını sübut etdi. Heç şübhəsiz, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət erməni vəhşiliyinin əyani təzahürüdür. Ermənistanın ideoloji əsası özlərini mədəni, böyük sivilizasiyaya aid olan xalq, müsəlman Azərbaycanı isə vəhşi ölkə kimi qələmə vermək və beynəlxalq ictimai rəydə adekvat rəy formalaşdırılmasına nail olmaq idi. Ancaq işğal altında olmuş ərazilərin mənzərəsi bunun tam əksini göstərdi.
Vətən müharibəsində Azərbaycan “dəmir yumruğ”unun gücünü işğalçılara, onun havadarlarına, ümumilikdə bütün dünyaya göstərdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 12-də Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə deyib: “Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.
Bu, Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana, onun sponsorlarına açıq xəbərdarlıqdır: əgər bir də Azərbaycana qarşı ərazi iddiasına düşsəniz, “dəmir yumruq”la birdəfəlik məhv ediləcəksiniz. Ona görə də düşmən bundan nəticə çıxarmalıdır.
Beləliklə, 44 günlük müharibədə tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir. Azərbaycan bu qələbə ilə müsəlman ölkələri ilə bağlı dünyada formalaşmış stereotipi (məğlubiyyətlər, tənəzzül, vətəndaş qarşıdurmaları, müasir standartların olmaması və s.) darmadağın etdi. Odur ki, İkinci Qarabağ müharibəsində qələbədən danışmaqla işğalçının, sponsorlarının, havadarlarının iç üzü, xəbisliyi, baş tutmayan hiyləsi ifşa olunur. Ona görə də bu barədə yazmaq, danışmaq vacibdir. Azərbaycan Prezidentinin qələbə ilə bağlı açıqlamaları bu baxımdan da əhəmiyyətlidir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.