MTN-in arayışı Suriyadan qayıdanların yalanını üzə çıxardı

5-05-2015, 17:42           
MTN-in arayışı Suriyadan qayıdanların yalanını üzə çıxardı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı olan qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 6 nəfər - Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

Prosesdə cinayət işinin materiallarında olan sənədlər, təqsirləndirilən şəxslərin ölkədən çıxması, həmçinin Suriyaya getmələri, sonradan Azərbaycana qayıtmaları ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin arayışı elan olunub.

Həmin arayışda qeyd edilir ki, təqsirləndirilən şəxslər Azərbaycandan çıxaraq Gürcüstana gediblər, oradan Türkiyə vasitəsilə Suriya Ərəb Respublikasının ərazisinə keçiblər və orada qanunsuz hərbi birləşmələrin tərkibində döyüşlərdə iştirak ediblər.

Bundan başqa, təqsirləndirilən şəxslər izahatlarında göstəriblər ki, Suriyaya cihadda iştirak etmək məqsədilə gediblər. Onların qeydlərinə görə, orada qanunsuz hərbi birləşmələrin tərkibində təlimlər keçiblər və döyüşlərdə iştirak ediblər.

Hakimin səsləndirdiyi sənədlərdə daha sonra qeyd olunub ki, təqsirləndirilən şəxslər Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov Suriya Ərəb Respublikasına getmələri, bəziləri orda Abu Hafsanın əmiri olduğu “ən-Nüsra Cəbhəsi”, bəziləri isə əslən gürcü və ərəb mənşəlindən olan şəxslərin rəhbərlik etdikləri hərbi birləşmələrdə iştirak ediblər. Qeyd olunub ki, təqsirləndirilən şəxslər Azad Suriya Ordusu tərəfindən əsir götürülüb və sonradan həmin ölkədən deportasiya ediliblər.

Əhməd Həsənov izahatında qeyd edib ki, Suriyada gedən cihadda iştirak etməsi üçün Gürcüstana, oradan da Türkiyəyə keçib.

Onun qeydinə görə, Türkiyədən Hasan adlı şəxsin vasitəsilə Suriya ərazisinə keçib. Orada bir müddət təlimlərdə, sonra da döyüşlərdə iştirak edib. Əhməd Həsənov daha sonra izahatında bildirib ki, sonradan əsir götürülüb və Suriyadan çıxarılıb.

Digər təqsirləndirilən Maarif Mərdanov izahatında bildirib ki, Sumqayıtdan olan Aqil Hacıyevin əmiri olduğu “camaat”ın tərkibində təlimlərdə iştirak edib.

O, qeyd edib ki, Suriyaya getməkdə məqsədi cihadda iştirak etmək olub: “Suriyada hərbi birləşmələrin tərkibində silahla təchiz olunmuşam”.

Ruslan Cəfərov istintaqa verdiyi izahatında qeyd edib ki, əslən gürcüstanlı olan Şeyx Süleymanın əmiri olduğu “camaat”ın tərkibində döyüşlərdə iştirak edib.

Bundan başqa, cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxslər bir-birlərini fotoşəkillər vasitəsilə tanıyıblar. Həmçinin təqsirləndirilən şəxslər Suriyada “camaat əmiri” olan bir neçə nəfəri də fotoşəkillər vasitəsilə tanıyıblar.

Müəyyən edilib ki, Aqil Hacıyev, İntiqam Əliyev, Xalid Atakişiyev Suriyada bir neçə “camaat”a rəhbərlik ediblər.

Hakim sonda bildirib ki, cinayət işinin materialları arasında olan sənədlər elan edilib. Başqa sənədlərin elan edilməsi ilə bağlı hakim tərəflərin fikirlərini öyrənib. Tərəflər əlavə sənədləri olmadığını, məhkəmə istintaqının yekunlaşmasına etiraz etmədkilərini bildiriblər.

Yerində müşavirə keçirən hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və çıxış etmək üçün dövlət ittihamçısına söz verilib. Dövlət ittihamçısı Tural Yusifov çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə prosesi mayın 19-na kimi təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər məhkəməni inkar etdiiklərini əsas gətirərək sərbəst ifadə verməkdən imtina ediblər.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər BMT tərəfindən terror təşkilatı kimi tanınan “ən-Nüsra Cəbhəsi” adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.