Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir

7-11-2021, 15:59           
Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir
Noyabrın 4-6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib. Hibrid formatda təşkil olunan beynəlxalq tədbirdə dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, siyasətçilər, politoloqlar, ekspertlər iştirak ediblər.

VIII Qlobal Forum qlobal miqyasda bir sıra ciddi problemlərin təzahür etdiyi bir vaxtda keçirilir. Pandemiya və böyük dövlətlər arasında nüfuz uğrunda mübarizəsinin kəskinləşməsi, bir sıra dövlətləri çətin vəziyyətə salan qaz və qiymət böhranı müzakirə edilən əsas mövzulardan idi.

Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə dünyada COVİD-19-la bağlı yaranmış problemlərə toxunaraq bu istiqamətdə ölkəmizdə görülən işlər, həmçinin Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərməsini, Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılmasını, Azərbaycanın təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin etməsini və yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərməsini qeyd edib.

Ölkə başçısının çıxışında bu Avropanın bir sıra ölkələrində yaranmış təbii qaz və qiymət böhranına da toxunmuşdur. Qeyd edilib ki, Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Cənub Qaz Dəhlizinin tikintisi strateji əhəmiyyət daşıyır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilib. Bu, Avropanın enerji təhlükəsizliyinin mühüm hissəsi olaraq Azərbaycan, qonşularımız və Avropa üçün tarixi nailiyyətdir. böyük qaz ehtiyatları olan Azərbaycanın təbii qazı artıq Avropa bazarına çatdırılıb. Bu ilin 10 ayı ərzində ölkəmiz Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstana 14 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilib.

Prezident öz çıxışında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı hərbi uğura, qələbənin siyasi və hüquqi tərəflərinə geniş toxunmuşdur. Həmçinin qeyd edilib ki, bu gün azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Qısa müddət ərzində bir milyondan çox insan həmin yerlərə qayıdacaqdır. Müharıbə və onun nəticələri göstərdi ki, ədalət mütləq zəfər çalır. Hazırda sülh müqaviləsi ilə bağlı Ermənistana bir sıra təkliflər verilib. Bu gün 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Hər şey Ermənistanın mövqeyindən asılıdır, çünki Azərbaycanın mövqeyi tam aydındır.

Cəlil Xəlilov – siyasi elmlər doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.