Türk dünyasının tarixinə yazılan Zirvə görüşü - İsrafil Kərimov yazır

15-11-2021, 09:42           
Türk dünyasının tarixinə yazılan Zirvə görüşü - İsrafil Kərimov yazır
Noyabrın 12-də Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Türk dünyasının tarixinə yazılan bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”ni təqdim edib.

Dövlət başçımızın bu ali mükafatla təltif olunması 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizə Prezident İlham Əliyevin beynəlxalq aləmdə və türk dünyasında nüfuzuna əsaslanır. Bir ildir dünya Azərbaycanın tarixi Zəfərindən bəhs edir. 30 ilin işğalına 44 gündə son qoyan Azərbaycan bununla bütün sahələrdə malik olduğu imkanları dünyaya göstərdi. Qeyd edilməlidir ki, bütün cəbhələrdə qalib olmaq üçün güclü iqtisadiyyata, güclü orduya, beynəlxalq arenada önəmli mövqeyə, müstəqil xarici siyasətə malik olmaq lazım idi. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bu illər ərzində buna nail oldu. Azərbaycanın beynəlxalq aləmdə təqdimatı bugünkü reallıqlarımızdır.

Ordu quruculuğu sahəsində görülən işlər, atılan addımlar öz müsbət nəticəsini verdi. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcək. Təbii ki, bu əminlik ordumuzun gücünə, qüdrətinə söykənirdi. Azərbaycan Ordusu 44 gün ərzində tarixi zəfərə imza atdı.

Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevin «Türk Dünyasının Ali Ordeni» ilə təltif edilməsi də 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizə əsaslanır. Prezident İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb. Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu Ali mükafat Prezidentin böyük şəxsiyyətinə, türk dünyasında Liderliyinə, beynəlxalq miqyasda və türk dünyasında yüksək nüfuzuna, tarixi Qələbəmizin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir.

Bu gün işğaldan azad edilən ərazilərdə böyük bərpa-quruculuq işləri aparılır. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Həmin ərazilərdəki infrastruktur layihələrinin həyata keçirilməsində - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanlarının inşasında Türkiyənin bir çox şirkətləri yaxından iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak edib və hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər.

Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur koridoru həm türk dünyasını, həm

Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün bu coğrafiya bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.