Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) bu gün - Sabahlara uzanan yollar daha böyük uğurdan xəbər verir

29-11-2021, 11:04           
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)  bu gün
Ölkənin təhsil məkanında Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) xüsusi çəkisi və yeri var. Bütün zamanlarda bu təhsil müəssisəsi həyati əhəmiyyət daşıyıb. Ölkənin iqtisadi qüdrətinin artırılmasında, torpaqla ünsiyyətin elmi əsaslara söykənərək daha mükəmməl öyrənilməsində, ərzaq məsələlərinin həllində mühüm rol oynayıb. Aqrar sahə bu gün ölkə iqtisadiyyatının əsasını təşkil edir. Elə bu səbəbdən də aqrar sahəyə göstərilən dövlət qayğısı ilbəil artır. Bu olduqca vacibdir və açıq demək lazımdır ki, indiki reallıqlar baxımından yanaşsaq işin təşkili tam müasirliyə, eləcə də elmi texnoloji yeniliklərə dolğun formada cavab verir.
Təbii ki, aqrar sahənin dinamik və elmi inkişafı ilk olaraq aqrar təhsilin inkişafımndan keçir. Əgər bu sahədə qarşıya qoyulan vəzifələrə bazar rəqabətliliyinə cavab verəcək formada yanaşılırsa demək ki, olkənin tam hazırlıqlı kadrlarla təmin olunması çox çəkməyəcək, yaxın illərdə istənilən səviyyədə kadr tələb olunan yerlərə göndəriləcək. Bunun üçün təbii ki, keyfiyyətli təhsil mühiti və şəraiti yaradılmalıdır. Çünki keyfiyyətli təhsil yaradılan müasir şəraitdən çox asılıdır. Bu missiyanı isə ölkəmizdə yeganə aqrar təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universiteti həyata keçirir. Əminliklə demək olar ki, bu gün Azərbaycan Dövlət Aqrar Universitetində keyfiyyətli kadr hazırlığı üçün hər şərait yaradılıb. Kifayət qədər aqrar təhsili tədris edən professor-müəllim heyəti formalaşıb. Tədris korpusları dünya standartlarına uyğun qurulub, gərəkən maddi-texniki baza yaradılıb.
Zəngin tarixi ənənələri olan bu təhsil müəssisəsinin professor-müəllim heyətinin tərkibi ötən müddət ərzində həm də cavan, perspektivli və xarici dilli mütəxəssislərin hesabına əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Təhsil müəssisəsinin 8 fakültə və 37 kafedrasında 550-dən çox professor-müəllim çalışır, bakalavriat, magistratura və doktorantura səviyyələrində 33 ixtisas, 75 ixtisaslaşma üzrə 6 mindən çox tələbə əyani və qiyabi təhsil formalarında seçdiyi ixtisasın incəliklərinə yiyələnir. Tədris 6 ixtisasda ingilis, 10 ixtisasda rus dilində aparılır. 14 ixtisas üzrə mütəxəssis hazırlığı dövlət sifarişi ilə həyata keçirilir. Universitetin dünyanın 20-dən çox ölkəsinin 100-dək təhsil ocağı ilə əməkdaşlıq əlaqələri var.
ADAU ilə ABŞ-ın Oklahoma Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanması isə təhsilin beynəlxalq miqyasının daha genişləndirilməsinin göstəricisidir. Nəzərə çatdırım ki, imzalanma mərasimindən əvvəl Gəncədə səfərdə olan Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti ADAU ilə ətraflı tanış olub. Burada son illər istifadəyə verilən iki tələbə evinə, yeni tədris korpusuna və laboratoriyalara xüsusi maraq göstəriblər.
Bu gün də ADAU-da bazar iqtisadiyyatının tələblərinə uyğun, rəqabətqabiliyyətli kadrların hazırlanması üçün ən mütərəqqi üsullardan istifadə edilir. Müasir şəraitdə kadr hazırlığına yanaşma tam fərqlidir. Artıq zamanın tələbindən yaranan yeniliklərə, maddi-texniki bazaya, müasir tədris və təcrübə şəraitinə malik laboratoriyalara, auditoriyalara sahib olmaqla kadrlar hazırlanmalıdır. Səmimi deyim ki, Azərbaycan Dövlət Aqrar Universitetində məhz belə şərait mövcuddur. Ən önəmlisi isə dövlətin bu sahəyə xüsusi diqqət göstərməsidir. Elə bu diqqətin nəticəsidir ki, son 8 ildə universitetin təhsil şəraitində tək ölkə mütəxəssislərini deyil, Avropa mütəxəssislərini də heyrətə gətirəcək işlər görülüb. 1048 yerlik iki tələbə evi istifadəyə verilib. Hər iki tələbə evində qeydiyyat şöbəsi, zəngin kitabxana, stomotoloji kabinet, müayinə, valideyinlərlə görüş otağı var və burada fotoatlye fəaliyyət göstərir. Tələbə evlərində akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri şərtlərə tam cavab verir. Branın su, elektrik, istilik və rabitə xəttləri ilə təmin edilməsi üçün qazanxana, hovuz, nasosxana transformator yarımstansiyası inşa olunub. Tələbə evlərinin ətrafında isə geniş abadlıq işi görülüb. Bu tələbə evləri beş ulduzlu otellərdən heç də geri qalmır.
Böyük bir ərazidə tədris təcrübə təsərrüfatı yenidən qurulub. Heyvandarlıq və atçılıq kompleksləri, quşçuluq, balıqçılıq, arıçılıq tədris mərkəzləri, baytarlıq və bitki klinikaları yaradılıb. İlin bütün fəsillərində məhsul yetişdirmək üçün istixanalar, biotexnologiya mərkəzi qurulub. Yaxın vaxtlardan yeni tikilən ən böyük tədris korpusu tələbəlrin ixtiyarındadır və bütün lazımi avadanlıqlarla təmin edilib. Bununla yanaşı peşə liseyinin inşası da başa çatıb.
Son illərdə universitetə qəbul olan tələbələrin say və keyfiyyət tərkibində də əsaslı dəyişikliklər baş verib. 400-650 bal toplayan abituriyentlər arasında Azərbaycan Dövlət Aqrar Universitetini seçənlərin sayı xeyli artıb. Təbii ki, bütün bunlar universitetdə yaradılan şəraitlə əlaqədardır. Universitetin bitkiçilik və heyvandarlıq sahələri üzrə çoxlu sayda mərkəzləri, müasir avadanlıqlarla təchiz edilən auditoriya və laboratoriyaları, kabinələri mütəxəssis hazırlığı üçün olduqca vacib amillərdir.
ADAU-da bir qayda olaraq inkişafın mərkəzində keyfiyyətli tədrisin düzgün qurulması əsas götürülür. Bu baxımdan tədrisdə işin təşkili həm də payız və yaz semestrlərinin imtahan sessiyalarının müvafiq qaydalara uyğun tənzimlənməsindən keçir.
Heç bir ali təhsil müəssisəsində olmayan lakin illərdir ADAU-da həyata keçirilən bir məsələni də qeyd etmək yerinə düşər. Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd verilir. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi. Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilir. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.
Son illərdə Universitetin beynəlxalq əlaqələrinin genişlənməsinin nəticəsidir ki, tələbələr sırasında əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Cari tədris ilində universitetə qəbul olan əcnəbi tələbələrin sayı 171 olmuşdur. Hazırda əcnəbi tələbələrin sayı ilə yanaşı onun coğrafiyası da əsaslı şəkildə dəyişir. Belə ki, bu gün universitetdə Türkiyə, İsrail, Lesoto, Malayziya, Konqo, Qazaxıstan, Somali və digər ölkələrdən olan tələbələr təhsil alırlar.

Bir zamanlar ADAU-nun tədris binaları şəhərin müxtəlif ünvanlarında yerləşirdi. Amma iki tələbə evinin, yeni tədris korpusunun tikintisi bu pərakəndəliyi aradan qaldırdı və tələbələrin eyni məkanda təhsil almalarını və yaşamalarını təmin etdi. Bu da təbii ki, təhsilin keyfiyyətindən yan keçmədi. İşin gedişinə müsbət təsirini göstərdi. Tədris korpusları ilə tələbə evlərinin yaxın məsafədə yerləşməsi əslində təhsilin dünya standarlarına uyğunluğudur.
Bir əsrdən artıq şərəfli yol keçən, zəngin ənənələri və elmi irsi olan Azərbaycan Dövlət Aqrar Universiteti bu vaxtadək, xüsusən də son illərdə Prezident İlham Əliyevin aqrar sektora göstərdiyi hər cür diqqət və qayğının nəticəsində müasir infrastrukturu, zəngin elmi, maddi-texniki bazası, çoxşaxəli beynəlxalq əlaqələri, müasir tədris və təlim mühiti, peşəkar, ixtisaslı kadrları, akademik heyəti və rəqabətqabiliyyətli məzunları ilə nəinki Azərbaycanın, o cümlədən bütün Qafqazın və Şərqi Avropanın ali ixtisaslı aqrar kadrlar hazırlayan ən böyük universitetinə çevrilib.
Burada yaradılan 9 Elmi tədqiqat mərkəzi, 7 laboratoriya, Eksperimental heyvandarlıq kompleksi, Baytarlıq klinikası və Bitki kliniksı da tədrisinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edir.
ADAU-da hər tədris korpusu təmirlidir və müasir tələbləri tam ödəyir. Hər tədris korpusunun həyəti yaşıllığa bürünüb, qədim və əzəmətli çinarlarla, eləcə də müxtəlif ağaclarla əhatə olunub. Rəngbərəng güllər ilin bütün fəslində göz oxşayır. Bütün bunlar isə tələbənin zehin açıqlığına, istirahətinə, nəhayət onların asudə vaxtlarının səmərəliliyinə böyük təsir göstərir. Təkcə Mühəndislik korpusunun həyətində bu tədris ilinin başlanğıcında istifadəyə verilən tələbə parkı gənclərin ən sevimli istirahət yeridir desək yanılmarıq. Burada şəhidlərimizin xatirəsinə ucaldılan abidənin isə xüsusi önəmi var. Yeni layihə əsasında park ərazisində velosiped yolu salınıb, istirahət zonaları abadlaşdırılıb, fiqurlardan ibarət kompozisiyalar quraşdırılıb.
Önəmli olan bir də Kənd təsərrüfat naziri İnam Kərimovun universitetlə daim əlaqə saxlaması, mövcud məsələlərə operativ münasibət göstərməsi, professor-müəllim heyəti və tələbələrlə zaman-zaman görüşməsidir. Nazir tərəfindən müxtəlif tapşırıq və tövsiyələrin verilməsi, onların icrasının yüksək səviyyədə yerinə yetirilməsi məhz bu gün qazanılan uğurların əsasını təşkil edib. Bir bir daha təhsil müəssisəsinə güclü dövlət qayğısının olduğunu təsdiqlənib.
Məlumdur ki, pandemiya başqa sahələr kimi Aqrar təhsilin inkişafında da müəyyən çətinliklər yaratdı. Şərtlərə və qaydalara görə tələbə ilə canlı ünsiyyət kəsildi. Bu zaman isə vaxtında düzgün qərar hesabına yaradılan ADAU TV-nin mövcud imkanları köməyə çatdı. Müxtəlif online tədris proqramları hazırlanana qədər bütün dərslər bu TV vasitəsilə tələbələrə çatdırıldı. Bu da həmin dövrdə tədrisdə bir ilk oldu ki, ona da imza məhz ADAU-da atıldl. Efir vasitəsi ilə söylənən mühazırələr həm də “You Tube” sosial şəbəkəyə yükləndi. Beləcə də tələbə istənilən vaxt keçilən dərsləri təkrar dinləyə bildi. Nəticə isə özünü smestr imtahanlarında göstərdi. Tələbələr imtahanlarını uğurla verdi və yenə də yüksək bilik nümayiş etdirdilər.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında bu ilin avqustunda əməkdaşlıq protokoluna əsasən bağlanan beynəlxalq ikili diplom proqramı da təhsil imkanlarının daha geniş olmasını isbatlayır. ADAU ilə Ege Universiteti arasında ikili diplom proqramının imzalanması və bu dərs ilindən icrasına başlanması da respublika ali təhsil məkanında bir ilkdir və aqrar kadrların bazarrəqbətliliyinin təmin olunması üçün atılan ən böyük addımdır. Eyni zamanda bu cür əməkdaşlığın iki qardaş ölkə arasında təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyi də danılmazdır. Sözügedən proqram bakalavr səviyyəsində 4 ixtisas üzrə (bitki mühafizəsi, aqronomluq, aqromühəndislik və iqtisadiyyat) nəzərdə tutulub. Proqram çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege universitetində ödənişsiz təhsil alacaq.
Qeyd edək ki, bütün işlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. Qeyd olunan proqram üzrə Ege Universitetindən bir qrup müəllim müvafiq ixtisaslar üzrə tədris aparmaq üçün dərs ili başlayandan Aqrar Universitetə gəlib və dərslərə başlayıblar. İkili diplom proqramı çərçivəsində qeyd olunan ixtisaslarının hər birinə 2024- cü ilədək 30 tələbə qəbul oluna bilər. Həm də bu proqram çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsinə də start verilib.
ADAU-nun müəllimlərinin tez-tez rayonlarda fermerlərin yanında, heyvandarlıq komplekslərində, quşçuluq fabriklərində, balıq yetişdirmə məntəqələrində olması, onlara lazım olan məsləhətləri, tövsiyələri verməsi də işin uğura aparan yollarıdır və elmi potensial bu yolda da qətiyyətlə addımlayır. Bununla paralei tələbələrə tədris proqramına uyğun ustad dərsləri də tədris edilir. Tanınmış elm xadimləri, iş adamları tələbələrlə auditoriyalarda canlı ünsiyyətdə olur, elmin təcrübədə tətbiqini əyani şəkildə izah edirlər.
Bu günün vacib məsələlərindən və əldə edilən uğurlardan qismən də olsa söhbət açdm. Daha bir vacib məsləni də diqqətə çatdırmaq yerinə düşər.
Təbii ki, bütün sahələrin qazandığı uğur ilk növbədə idarəetmənin düzgün və ədalətli tətbiqindən, rəhbərlin kollektivi uğur hədəflərinə doğru istiqamətləndirməsindən, daha dəqiqi səfərbər etməsindən keçir. Bu Aqrar universitetdə də belədir. Digər sahələrdən fərq isə ondadır ki, təhsil müəssisənin rəhbəri həm elm aləmində tanınan, qəbul edilən alim, həm də çevik idarəetmə bacarığına malik olmalıdır. ADAU-nun bəxti bu sarıdan da gətirib. Elmi kollektivə 8 ildir, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov rəhbərlik edir. Çox səmimi şəkildə deyirəm ki, o, rəhbərlik etdiyi təhsil müəssisənin elmi potensialı ilə birgə uğur yollarında inamla addımlayır, qarşıya qoyulan məsələlərin operatif həllini təmin edə bilir. Bu isə tək özünə deyil rəhbəri olduğu təhsil müəssisəsinin adına şərəf gətirir. Çox sadə insan,əsil müəllim, tanınan professordur. Bu insan bu günədək bir dəfə də olsun tədris etdiyi dərsdən qalmayıb və ya onun yerinə bu dərsi basqası tədris etməyib. Hətta, universitetdaxili tədbirləi belə elə planlaşdırır ki, dərsninə, eləcə də başqa müəllimlərin dərsinə təsir göstərməsin. Tələbərlə çox səmimi münasibətdədir. Vaxtaşırı həm tədris korpuslarında, həm də tələbə evlərində onların arasında olur, problemlərini dinləyir, qayğıya, diqqətə ehtiyacı olana tək rektor kimi yox, ata kimi, doğması kimi münasıbətini əsirgəmir. Bu da tələbə ilə rektor arasında olan böyük hörmətin və diqqətin olması və ya nəticə etibarı ilə uğura gedən yolun başlanğıcı deməkdir. Ən başlıcası isə ADAU-nun son 8 idə imza atdığı bütün uğurlar onun rektorluq dövrünə düşür və bu elm fədaisinin rəhbərlik tərcümeyi-halını daha da zənginləşdirir.
Qalib Rəhimli



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.