Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək

Bu gün, 16:06           
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Moskva meri Sergey Sobyanin şəhərdə miqrantların nəzarət altına alınması və miqrasiya prosesinin qaydaya salınması üçün həyata keçirilən yeni tədbirlər barədə danışıb.

Modern.az-ın məlumatına görə, bu barədə o, “Komsomolskaya Pravda” qəzetinə müsahibə verib.

Sobyaninin sözlərinə görə, Moskva hökuməti Prezidentin dəstəyi ilə bir sıra eksperimentlər aparır və bu tədbirlər yaxın aylarda daha da genişlənəcək.

Artıq Moskvanın bütün beynəlxalq aeroportlarında – Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovskidə miqrantlardan biometrik məlumatlar (fotoşəkil və barmaq izləri) götürülür. Bundan başqa, Miqrasiya Mərkəzində onların genetik məlumat bazası formalaşdırılır. Toplanmış məlumatlar FSB və Daxili İşlər Nazirliyinin bazasına daxil edilir. Şəhərdə işləyən “üz tanıma sistemi” ilə bu məlumatlar inteqrasiya olunub, bu da lazım gəldikdə miqrantların harada olduğunu dəqiq müəyyən etməyə imkan verir.

Sobyaninin sözlərinə görə, 1 sentyabrdan yeni sistem istifadəyə veriləcək. Bu sistem COVID dövründə tətbiq edilən sosial registr mexanizminə bənzəyir: miqrantlar xüsusi mobil tətbiq vasitəsilə öz mövqelərini təsdiqləməli olacaqlar. Bu addım Moskva hakimiyyətinə onların şəhərdəki hərəkətlərini izləmək imkanı verəcək.

Qeyd edilib ki, yaxın vaxtlarda “elektron miqrant kartı” da tətbiq olunacaq. Bu kartda şəxsin bütün məlumatları - ölkəyə gəliş tarixi, qalma müddəti, iş yeri və mövcud miqrasiya statusu toplanacaq. Polis əməkdaşları sadəcə kartdakı QR-kodu oxutmaqla onun qanuni və ya qeyri-qanuni vəziyyətdə dərhal müəyyən edə biləcək. Qanun pozuntusu olan şəxslər dərhal saxlanılacaq.

Moskva meri bildirib ki, hazırda Rusiyada işçi qüvvəsinə ciddi tələbat var və miqrantların tamamilə ölkədən çıxarılması iqtisadi baxımdan təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, son 10 ildə miqrantların şəxsi əleyhinə törətdiyi cinayətlərin sayı üçdə bir azalıb. Buna baxmayaraq, məsələ ictimai və siyasi həssaslıq doğurduğuna görə texnoloji nəzarət tədbirlərinin tətbiqi qaçılmazdır.

Qeyd edək ki, Moskvada yüz minlərlə azərbaycanlı yaşayır və tətbiq edilən yeni nəzarət mexanizmləri onlara da şamil ediləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru