ABŞ Federal Ehtiyat Sisteminin vəzifəli şəxsi ipoteka fırıldağı ehtimalına görə işdən çıxarılıb
Bu gün, 16:18

ABŞ Prezidenti Donald Tramp ipoteka krediti alarkən ehtimal olunan fırıldaqçılığa görə ABŞ Federal Ehtiyat Sisteminin (FES, Mərkəzi Bank funksiyalarını yerinə yetirir) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad edib.
Oxu.Az xəbər verir ki, o, müvafiq fərmanın mətnini "Truth Social"da dərc edib.
"İpoteka müqaviləsini bağlayarkən Kuk Miçiqan ştatındakı yaşayış obyektinin növbəti il ərzində onun əsas yaşayış yeri olacağını bildirmişdi. İki həftə sonra isə oxşar sənədləri doldurarkən Corciya ştatındakı başqa bir əmlakı əsas yaşayış yeri kimi göstərmişdi", - deyə Tramp qeyd edib.
"İkinci öhdəliyi üzərinizə götürdüyünüz anda birinci barədə məlumatlı olmamağınız ağlasığmazdır", - deyə Tramp göstərib.
O, həmçinin əlavə edib ki, Kukun bu cür hərəkətləri potensial olaraq cinayət məsuliyyətinə səbəb ola bilər.
Tramp və FES arasındakı münaqişə artıq bir neçə aydır davam edir. ABŞ Prezidenti tənzimləyicinin baza faiz dərəcəsini azaltmalı olduğunu israr edir, FES isə belə bir addım atmır. Tramp iddia edirdi ki, maliyyə tənzimləyicisi federal hökumətin kredit xərclərinin yüksək səviyyədə qalması üçün qəsdən bunu etmir. Ağ Ev bəyan edirdi ki, FES siyasi maraqlarla hərəkət edir və onun İdarə Heyətində Trampa qarşı çıxanlar çoxdur. Prezident, həmçinin FES-in sədri Cerom Pauelli vəzifəsindən azad etmək niyyətini ifadə edib, onu könüllü istefa verməyə çağırıb və ona məhkəmə araşdırması ilə hədələyib.