Azərbaycan Brüssel görüşündəqarşısına qoyduğu bütün məqsədlərə tam nail olub
9-04-2022, 15:24
Aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri və bu səfər zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri, görüçlərdə hər bir Azərbaycanlı üçün mühüm olan məsələlərin müzakirəsi, əldə edilən ilkin nəticələr Prezidentimizin yürütdüyü xarici siyasətin növbəti uğuru sayılmalıdır. Görüşlərdə əldə olunan nəticələr proseslərin ölkəmizin mənafelərinə uyğun cərəyan etdiyini göstərir və dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilən sülh danışıqlarda gündəliyə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu.
Aprelin 6-da Brüsseldə keçən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Həmin sənəddə əsas məqamın Azərbaycanın ərazi bütövlüyü olduğunun göstərilməsi isə xüsusi qeyd edilməlidir. Üçtərəfli görüşdə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub ki,bu da öz növbəsində sərhəddə gərginliyin aradan qaldırılmasına xidmət edəcəkdir.
Son vaxtlarda gedən prosseslər göstərdi ki, Avropa İttifaqı Azərbaycanın mövqeyini və günün reallıqlarını qəbul edir. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi və bu gün ölkəmizin yeritdiyi siyasət Brüsseli mövqeyinə yenidən baxmağa və regiona münasibətini dəyişməyə məcbur etdi. Bunun nəticəsidir ki, Brüsseldə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olunub. Bu da tam əminlik yaradır ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub və üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldir.
Bəyanatda həmçinin ATƏT-in Minsk qrupunun da adının çəkilməməsi Azərbaycanı tam təmin edir və bu, artıq Minsk Qrupunun da tarixdə qaldığını göstərir. Posmünaiqşə dövründə yeni reallıqlar yaranıb, bu reallıqlar çərçivəsində yeni təşəbbüslər və platformalar meydana çıxıb. Belə şəraitdə Avropa İttifaqının dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır.
Ümumilikdə Brüssel görüşü Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycanın güclənən mövqeyi görüşdə imzalanan Bəyanatın müddəalarında öz əksini tapıb. Bütün bunlar göstərir ki, rəsmi Bakı Brüssel görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu.
Elsən Manafov - siyasi sərhçi, politoloq