Azərbaycanın diplomatik qələbəsinin əyani sübutu
9-04-2022, 15:26
Bu il aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri və bu səfər çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri zamanı əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisi olmaqla yanaşı həm də Azərbaycanın beynəlxalq səviyyədə qazandığı növbəti uğurudur.
İlk belə üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb və telefon danışıqları keçirilib.
Aprelin 6-da keçirilmiş görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və eyni zamanda bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar olaraq hər iki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı təlimat verilib. Sülh razılaşmasının əsas mahiyyəti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Burda məqsəd ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Görüşdə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bəyənatda həmçinin Avropa İttifaqının tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində ölkəmizə dəstək göstərilməsi də nəzərdə tutulub.
Görüş sübut etdi ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Avropa İttifaqı həm də Prezident İlham Əliyevin regional liderliyini qəbul edir.
30 il ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlayan təcəvüzkar Ermənistana dünya güclərinin təzyiqlər göstərməməsi onun daha böyük iddialarla yaşamasına səbəb olmuşdur. Ermənistanın 2020-ci ilin sentyabrın 27-də həyata keçirdiyi təxribat da bunun təsdiqi idi. Nəticədə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu öz torpaqlarında döyüşdü və üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmasına nail oldu. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Bu gün işğalçı Ermənistanın qarşısında dayanan əsas tələb sülh müqaviləsini imzalamaqla, regionda təhlükəsizliyin təmin edilməsi, kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası