Qubanın Aqbil və Atuc kənd tam orta məktəblərində narkomaniyanın zərərləri mövzusunda maarifləndirici tədbirlər keçirilib.
9-04-2022, 15:29
Tədbirlərdə polis əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, şagirdlər və müəllimlər iştirak ediblər. Məktəblilərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Polis rəisi antinarkomaniya tədbirlərinin ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini bildirib. Bütövlükdə bəşəriyyət üçün təhlükəli bəla olan narkomaniyanın gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsindən, QİÇS, hepatit kimi sağalmaz xəstəliklərə düçar edən narkotik vasitələrin, onların prekursorlarının insan orqanizminə və psixologiyasına vurduğu zərərlərdən geniş bəhs edərək, məktəblilərə zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edib. Həmçinin, çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov yeniyetmə və gənclərimizə yüksək təhsil almaqlarını, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalarını və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib. Sonda şagirdləri maraqlandıran sualları cavablandıran polis əməkdaşları onları gələcək həyatlarında zərərli vərdişlərdən uzaq olmağa çağırıblar.