Müzəffər ölkəni və qalib xalqı təmsil edən güləşçilərin uğuru
10-04-2022, 16:04
Azərbaycanda idman siyasəti dövlətinin prioritet sahələrindən biridir. Bu sahənin inkişafı ilə bağlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən xeyli işlər görülüb və bu gün də ulu öndərin siyasəti uğurla davam etdirilir. Bu işlərin nəticəsidir ki, müxtəlif idman yarışlarında Azərbaycan bayrağı daim ucalarda dalğalanır. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra isə idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
Azərbaycan idmançılarının növbəti uğuru Macarıstanın paytaxtında qazanılıb. Bir güləşçi kimi mənim üçün xüsusilə fərəhləndirici haldır ki, bu uğuru yenə də güləş üzrə Milli komandamızın üzvləri əldə ediblər. Keçən ay gənc güləşçilərimiz Bolqarıstanda böyük uğur qazanıblar. Bir neçə gün əvvəl isə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Güləş üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri 16 medal qazannaraq bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandılar. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Avropa çempionatında yarışa qatılan 10 idmançımızdan 8-i medalla Vətənə qayıdıb. Onlardan iki qızıl medal, bir gümüş və beş bürünc medalla ümumilikdə 165 xal toplayaraq yunan-Roma güləşi tarixində yeni bir rekorda imza atılıb. İlk dəfə idi ki, yunan-Roma güləşi millimiz komanda hesabında Avropa çempionu oldu.
Bu gün ölkə başçımız cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda idmana xüsusi maraq vardır. Adını dünya idman tarixinə yazdıran idmançılarımız Azərbaycan bayrağını daim uca zirvələrə qaldırırlar. Bütün bunların əsasında hökumətin idmanla bağlı həyata keçirdiyi doğru, düşünülmüş idman siyasəti dayanır. İdman infrastrukturlarının qurulması, bərpası istiqamətində aparılan işlər nəticəsində idmana maraq kütləvi hal alıb. Demək olar ki, bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb, həm də maddi texniki baza vardır.
İdman və idmançılara olan diqqətin əyani göstəricisi kimi Vətənə Qələbə ilə qayıdan idmançılarımızın və onların məşqçilərinin ölkə başçısı tərəfindən qəbul edilməsi, onların müxtəlif dövlət mükafatları ilə mükafatlandırılması, fəxri adların verilməsi, mənzillərlə təminatı və s. göstərmək olar.
Azərbaycan idman siyasətində əldə etdiyi uğurlara görə dünya ölkələri arasında mühüm yer tutur. Bu zamana kimi bir sıra mötəbər idman yarışları təşkil olunub və artıq kifayət qədər dərin təcrübə əldə olunub. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədi olduğundan dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, pedaqoq