Artıq dünya ölkələri yeni reallıqları qəbul edirlər

15-04-2022, 17:19           
Artıq dünya ölkələri yeni reallıqları qəbul edirlər
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə həmin müddət və həmçinin Postmünaqişə dövrünün birinci ilinin nəticələri, qazanılan uğurlar müzakirə edildi. Postmünaqişə dövründə əsas vəzifələr beynəlxalq müstəvidə yeni reallıqların qəbul olunması, beynəlxalq təşkilatlar və qonşu ölkələrlə əlaqələrin qurulması, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, Böyük Qayıdışa tezliklə nail olunmasıdır. Azərbaycanın bir ildən artıq dövrdə bu istiqamətdə atdığı addımlar öz müsbət nəticəsini verir. Belə ki, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilib, dünya gücləri yeni reallıqları qəbul edirlər.
Ötən ay Şuşa şəhəri Azərbaycanla BMT arasında əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirə ev sahibliyi etdi. Bu mühüm hadisə bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olub. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə ədalətli, Azərbaycanın mövqeyini əks etdirən qərar və qətnamələr qəbul edib. ATƏT yeni reallıqları tam qəbul edib. Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul ediblər.
Müharibədən dərhal sonra Azərbaycanın həyata keçirdiyi siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyəti, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələri, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr hazırkı reallıqlara gətirib çıxarıb. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşıda dayanan bütün vəzifələr icra edilib. Azərbaycanın cari ilin ötən dövründə sosial-iqtisadi inkişafı qənaətbəxşdir. Ümumi daxili məhsulun 6,8 faiz artımı postpandemiya dövründə böyük nailiyyətdir. Qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım 4 faizdir. Qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım var. Qeyri-neft ixracında 45 faiz artım mövcuddur. Ordu quruculuğu sahəsində mühüm işlər görülüb. Azərbaycan müharibədən dərhal sonra hərbi sahəyə də böyük diqqət ayırıb. Müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalanıb və onların icrası həyata keçirilir. Müdafiə Nazirliyində aparılmış struktur islahatları ordumuzu daha da gücləndirəcək və müasirləşdirəcək. İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq.
Qarşıda dayanan vəzifələrdə Böyük Qayıdışı təmin etmək üçün bütün addımların atılması nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin miqyası, onların müasir tələblər səviyyəsində həyata keçirilməsi bunu bir daha təsdiqləyir.

Metin Hüseynov - politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.