Gəncə Dövlət Universiteti Rusiyada beynəlxalq elmi konfrans keçirdi

25-05-2023, 15:57           
Gəncə Dövlət Universiteti Rusiyada beynəlxalq elmi konfrans keçirdi
Gəncə Dövlət Universiteti professor Yusif Yusibovun rəhbərliyi ilə bir çox uğurlara imza atıb. Belə ki, universitetin infrastrukturu müasirləşdirilib, maddi texniki bazası zənginləşdirilib, kadr potensialı yüksəldilib, həmçinin ali təhsil müəssisəsinin dünyanın, xüsusən də Avropanın qabaqcıl elm-təhsil mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formada əməkdaşlıq əlaqələri genişlənib.

Bu günlərdə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun təşəbbüsü və ümumi rəhbərliyi ilə Gəncə Dövlət Universiteti, Moskva Dövlət Mədəniyyət İnstitutu və M. Utemisova adına Qərbi Qazaxıstan Universiteti birlikdə Moskvada “Артпедагогика и артпсихология в век инноваций” (11 oktyabr 2022-ci il) və “Актуальные проблемы педагогики и психологии” (13 aprel 2023-cü il) mövzularında iki Beynəlxalq elmi-praktik konfrans keçirmişdir.

Konfransın yüksək səviyyədə təşkilində professor T.V. Xristidis (Rusiya), professor Ş.T.Tağıyev (Azərbaycan) və akademik Sakketti Andrea (İtaliya) xüsusi əməkdaşlıq nümayiş etdirmişlər. Hər iki konfransda Rusiyanın müxtəlif ali məktəblərinin, həmçinin Belarusiyanın, Çinin, Qazaxstanın, Azərbaycanın pedaqoq alimləri, doktorantları və gənc tədqiqatçılar elmi məruzələrlə əyani və onlayn şəkildə çıxışlar etmiş, pedaqogika və psixologiya elmlərinin ən müasir və aktual problemlərini, onlara yanaşma tərzini və həlli yollarını geniş müzakirə obyektinə çevirmişlər. Respublikamızı Moskvada Gəncə Dövlət Universitetinin əməkdaşları təmsil etmişlər.

Konfransların işinə Rusiya Mədəniyyət Nazirliyi xüsusi önəm vermiş və konfransa məktub göndərərək onun işinə uğurlar arzulamışdır.

Konfransın materialları həm ayrıca kitab kimi nəşr olunmuş, həm də Moskva Dövlət Mədəniyyət İnstitutunun internet sayıtında yerləşdirilmişdir. Moskva Dövlət Mədəniyyət İnstitutunun rektorluğu adından Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibova xüsusi təşəkkür məktubu daxil olmuşdur. Məktubda qeyd olunur ki, Gəncə Dövlət Universitetinin professor-müəllim heyətinin ("Ümumi pedaqogika" kafedrasının müdiri, professor Şahin Tağıyevin rəhbərliyi ilə) konfransın təşkili və keçirilməsi işində çox fəal iştirak etdiklərinə, ən müasir elmi problemlərə toxunduqlarına və elmə verdikləri töhfələrə görə universitet rəhbərliyinə minnətdarlıq edilmiş, məktubda şəxsən rektor kimi professor Yusif Yusibovun bu fəaliyyətinin universitetlər arası elmi əlaqələrin, həmçinin Azərbaycan və Rusiya dövlətləri arasındakı tarixi dostluq və əməkdaşlığın daha da inkişafına və möhkəmlənməsinə xidmət etdiyi qeyd olunmuşdur.

Artıq əməkdaşlığın növbəti mərhələsinə, universitetlər arası qarşılıqlı elmi əməkdaşlıq müqaviləsinin hazırlanmasına start verilmişdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.